Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:10

Metro və marşrut avtobuslarında gediş haqqı artırıldı


Bu gün, iyulun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif Şurasının saytında yayılan məlumata görə, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gedişdən ötrü 30 qəpik müəyyən edilib.

İndiyə qədər bu qiymət 20 qəpik idi.

Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gedişdən ötrü də 30 qəpik olub. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gedişdən ötrü 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometrə 2,4 qəpik təsdiq edilib.

Buna qədər isə Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi 20 qəpik idi.

Yeni tariflər bu il avqustun 1-dən qüvvəyə minəcək.

Müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci il yanvarın 6-da, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin noyabrın 24-də artırılmışdı.

Tarif Şurası buna səbəb kimi ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artmasını, avtobus parkının yenilənməsini və istismara saz vəziyyətdə saxlanılmasından ötrü nəqliyyat vasitələrinin, ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsini göstərib.

Bu addım habelə, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması kimi amillərlə də izah edilib.

Məlumatda vurğulanır ki, bundan ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,” Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər Tarif (qiymət) Şurasına müraciətlər ediblər.

Şura habelə Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqından ötrü ödəniş 2018-ci ilin iyulun 31-nəqədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaq.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri bildiriblər ki, ictimai nəqliyyatda kağız kart sahibləri avqustun 1-dən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə avqustun 1-dən etibarən “Kart analiz mərkəzləri”nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər. Söhbət “ 20 Yanvar” , “28 may”, “Nəriman Nərimanov” və “Neftçilər” metro stansiyalarında fəaliyyət göstərən “Kart analiz mərkəzləri”dən gedir.

Tarif Şurası bəyan edir ki bu dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti də təsdiq edilib.

XS
SM
MD
LG