Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:10

Talibanla Tehranın su davası


Əfqanıstan, arxiv fotosu
Əfqanıstan, arxiv fotosu

Su qıtlığı Talibanın Tehranla kövrək münasibətlərindəki çatları üzə çıxarıb.

Hər iki tərəf Əfqanıstan-İran sərhədindəki qarşıdurmadan öncə su qıtlığı ilə bağlı kəskin çıxışlar edib.

Mayın 27-də tərəflərin verdiyi itkilərdən sonra da gərginlik qalır. Taliban və İran hakimiyyəti hərbi fəaliyyəti və xəbərdarlıqları artırmaqla mövqelərini möhkəmləndirirlər.

Quraqlıqdan əziyyət çəkən iki ölkənin su təhlükəsizliyi ilə bağlı fikir ayrılıqlarının artacağı gözlənilsə də, onların bu məsələdə dialoq üçün qapıları açıq saxladığı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı gücləndirdiyi görünür.

Ölümcül toqquşma İranın cənub-şərqi ilə Əfqanıstanın cənub-qərbindəki birgə sərhəddə baş verib və tərəflər bir-birini ilk atəşi açmaqda günahlandırıb. Sosial mediada yayılan görüntülərdə Nimroz vilayətinin Kanq rayonunda Talibana məxsus ağır silahların sərhədə yönəldiyi əks olunub. Rəsmilər qarşılıqlı atışmada bir Taliban sərhədçisinin öldüyünü və bir neçə nəfərin yaralandığını açıqlayıb.

İran mediası son iki həftədə su ehtiyatları ilə bağlı gərginliyin cənub-şərqi Sistan-Bəlucistan əyalətində üç iranlı sərhədçinin öldürülməsi, bir neçə nəfərin yaralanması ilə nəticələndiyini açıqlayıb.

İnsidentdən sonra, Taliban 1973-cü ildə tərəflərin imzaladığı su müqaviləsinə əməl etməməsiylə bağlı İranın iddialarını rədd edib.

Qarşılıqlı açıqlamalar

“Əfqanıstan İslam Əmirliyi dialoqu istənilən problemin həlli üçün ağlabatan yol hesab edir. Müharibə və neqativ hərəkətlərə bəhanə gətirmək heç bir tərəfin marağında deyil”, – Talibanın Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xavarazmi mayın 28-də bildirib.

“İran İslam Respublikasının sərhəd qüvvələri istənilən sərhəd pozuntusu və təcavüzünə qətiyyətlə cavab verəcək. Əfqanıstanın hazırkı hakimiyyət orqanları beynəlxalq prinsiplərə zidd hərəkətlərə görə məsuliyyətə cəlb edilməlidirlər”, – İran dövlət polisinin komandiri, briqada generalı Əhmədrza Radanı deyib.

İran rəsmiləri də diplomatik həllin zəruriliyini dilə gətirib. Yüksək vəzifəli təhlükəsizlik rəsmisi Məhəmməd İsmayıl Kotari mübahisəni “eyni ailənin uşaqları arasındakı dava” kimi qiymətləndirib. O, Tehranın “hərbi varianta” əl atacağını təkzib edib.

Su Əfqanıstanın ən məhsuldar kənd təsərrüfatı ərazilərinin yerləşdiyi cənub-qərbində, eləcə də İranın quraqlıq cənub-şərq bölgəsində çox dəyərlidir.

Amma Əfqanıstan İranın cənub-şərqindəki ovalıq bataqlıqları və gölləri qidalandıran su mənbələrinə nəzarəti ələ keçirdiyindən, Taliban Tehranla münasibətlərində təzyiq rıçaqı əldə edib.

Problem və ya həllinin kökünə gəlincə, Əfqanıstanda tikilən böyük bənd layihələri, quraqlığın artması və digər amillərlə birlikdə Sistan hövzəsinə su axınını məhdudlaşdırır.

Sərhədləri əhatələyən su hövzəsinin dolması daşqınlardan asılıdır. Əvvəllər buranın rəngarəng vəhşi təbiəti vardı, nəhəng Hamun gölü yerləşirdi. İndi isə üç kiçik mövsümi göldən ibarətdir.

Taliban yeni suvarma layihəsinin açılışını edib

Hövzənin su ilə doldurulması problemi bu ayın əvvəlində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Prezident İbrahim Rəisinin bəyanatlarından sonra gündəmə gəlib.

Əmir-Abdullahiyan Talibandan həmkarı Əmir Xan Müttəqi ilə telefon danışığında, “həm Əfqanıstan, həm də İran xalqının sudan istifadə edə bilməsi üçün” Hilmənd çayından su alan daxili Kajaki bəndini açmağı xahiş edib.

Rəisi mayın 18-də Sistan-Bəlucistana səfəri zamanı, Əfqanıstan hakimiyyətinə əhalinin su hüququnu dərhal təmin etməklə bağlı xəbərdarlıq edib. O, sözlərinin “ciddiyə alınmalı” olduğunu bildirib.

Taliban 1973-cü il müqaviləsinə əməl etməmək ittihamını davamlı rədd edərək, Kajaki bəndi açılsa belə, bu suyun İrana bəs etməyəcəyini bildirib.

Rəisinin hədələrindən cəmi iki gün sonra, Taliban yeni suvarma layihəsinin açılışını etməklə ortalığı daha da gərginləşdirib. Layihə çərçivəsində Sistan hövzəsini şimaldan qidalandıran Fərəh çayı üzərindəki Baxşabad bəndinin tikintisi tamamlanıb.

Mübahisəli su müqaviləsi

1973-cü il müqaviləsinə əsasən, Əfqanıstan Hilmənd çayından gələn suyun saniyədə 26 kubmetr və ya ildə 850 milyon kubmetrini İranla paylaşmağı öhdəsinə götürüb.

“Kabil 1973-cü il su müqaviləsinə sadiqdir, lakin Əfqanıstanda və regionda mövcud quraqlıq gözardı edilməməlidir. Sistan-Bəlucistan əhalisinin dərdi bizim dərdimizdir. Ürəyimiz Əfqanıstan xalqı üçün olduğu kimi, onlar üçün də əriyir, amma biz də su qıtlığından əziyyət çəkirik”, – Talibanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Molla Əbdül Qani Baradar mayın 22-də bildirib.

Su sahəsində əməkdaşlıq əvvəllər Əfqanıstanın sünni Taliban rəhbərləri ilə şiələrin çoxluq təşkil etdiyi İran arasında əlaqələrin dərinləşməsinin əlaməti kimi qəbul edilirdi. 2022-ci ilin yanvarında Taliban Nimroz əyalətindəki Hilmənd çayı üzərindəki Kamal Xan bəndindən Hamun gölünə su buraxdı.

Məzhəb fərqləri bir zamanlar onları düşmən etsə də, son iyirmi ildə Əfqanıstanın qərbyönümlü hökumətinə və ABŞ-ın Əfqanıstanda rəhbərlik etdiyi qüvvələrə qarşı ortaq maraqları onları daha da yaxınlaşdırıb.

Taliban hakimiyyətə qayıtdıqdan sonra Tehranla iqtisadi və təhlükəsizlik əlaqələri yaratmağa çalışıb. İran Taliban hökumətini tanımasa da, İrandakı əfqan qaçqınları və transsərhəd narkotik ticarəti ilə bağlı qrupla işləməyə çalışıb. Fevralda İran, Əfqanıstanın Tehrandakı səfirliyini rəsmi olaraq Talibana təhvil verib.

“İqlim istiləşdikcə vəziyyət daha da pisləşəcək”

Ekspertlər su böhranı ilə bağlı əməkdaşlığın münaqişədən daha üstün olduğunu düşünürlər.

“Hazırda hər iki ölkənin həqiqətən də düşmən sərhədinə ehtiyacı yoxdur. İqtisadi baxımdan bu, hər iki ölkə üçün problemdir. Bəndin təmin etdiyi su olmasaydı, Hilmənd əyalətində heç bir kənd təsərrüfatı potensialı qalmazdı. Və suyun çox az hissəsi İrana çatır”, – Vaşinqtondakı Yaxın Şərq İnstitutunun təhlil mərkəzinin Əfqanıstan və Pakistan üzrə direktoru Marvin Veyinbaum (Marvin Weinbaum) AzadlıqRadiosuna bildirib. “İqlim istiləşdikcə vəziyyət daha da pisləşəcək”, – deyən Veyinbaum nə Talibanın nə də Tehranın su qıtlığı məsələsində zəiflik göstərəcəyini bildirib.

Qəribədir ki, Rəisinin təhdidlərindən və Əfqanıstanda yeni bənd layihəsinin açılışından bir neçə gün sonra, Taliban Müdafiə Nazirliyi İranla müdafiə və sərhəd əməkdaşlığına dair yeni razılaşma əldə etdiklərini açıqlayıb. Hər iki tərəfin sərhədçilərinin həlak olduğu qarşıdurma günü, rəsmilər su mübahisəsinin müzakirəsindən ötrü bir araya gəlib.

Ölümlə nəticələnən insidentdən sonra İran və Taliban rəsmiləri “gərginliyin” səbəbini araşdırmaq üçün yenidən görüş keçirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG