Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Taleh Bağırovdan xəbər var


Taleh Bağırov , Bakı, 4 aprel 2013
Taleh Bağırov , Bakı, 4 aprel 2013

Habsdə aclıq etdiyi deyilən “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov-un fevralın 15-də aksiyasını dayandırdığı bildirilir. İlahiyyatçının saxlandığı Qobustan həbsxanasında fevralın 15-də İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin həmsədrləri Eldəniz Quliyev və Rövşən Əhmədli ilə görüşdən sonra onun buna qərar verdiyi vurğulanır. Taleh Bağırovun 15 gündür aclıq aksiyası keçirdiyi bildirilirdi.

Bu haqda AzadlıqRadiosu-na danışan Eldəniz Quliyev vurğulayəb ki, Qobustan həbsxanasında saxlanan Nardaran məhbuslarına təzyiqlər, işgəncələr verilməsi və buna etiraz olaraq Taleh Bağırovun aclıq aksiyası keçirməsi, onun ailəsilə əlaqələrinin kəsilməsi barədə deyilənlərlə bağlı fevralın 11-də Penitensiar Xidmətə müraciət etmişdilər:

“Bu məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaratdığından biz israrla müraciətimizin nəticəsilə maraqlanırdıq. Fevralın 15-də bizimlə əlaqə saxladılar, gözləmədiyimiz halda, dedilər ki, gedib həbsxanada onlarla görüşməyə şərait yaradırlar”.

E.Quliyev deyir ki, onlar həbsxanada Taleh Bağırov, Nardaran əməliyyatı zamanı onunla birlikdə həbs olunmuş Cabbar Cabbarov və Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla görüşüblər:

“Şükür ki, vəziyyət faciəvi deyildi, bunu özümüz də gördük. Məsələn, Cabbarla görüşəndə gördük ki, üzündə müəyyən şişkinlik vardı, amma deyildiyi kimi, çənəsi sınmamışdı. Yəni müəyyən problemlər var, onların da həlli istiqamətində müsbət addımlar atılır. Biz də öz fikirlərimizi, təkliflərimizi yazıb, yenidən Penitensiar Xidmətin rəhbərliyinə məktub şəklində göndərəcəyik. Sağ olsunlar ki, şərait yaratdılar, narahatlığımıza son qoyuldu, amma bu münasibət davamlı olsa, ümumi işin də xeyrinə olar”.

T.Bağırovun aclıq aksiyası məsələsinə gəlincə, E.Quliyev deyir ki, ilahiyyatçıdan aksiyanı dayandırmağı xahiş edib:

“Həm öz adımızdan, həm Milli Şuranın və onu sevənlərin adından xahiş etdim ki, aclığı dayandırsın. Dünən artıq aclığın 16-cı günü idi. Ona dedim ki, aksiya kifayət qədər əks-səda doğurdu. Cavan adamsan, özünü öldürməyin nə mənası var? O da sağ olsun, dedi ki, “sözünüzdən çıxa bilmərəm, elə bu dəqiqədən aksiyanı dayandırıram””.

İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin həmsədrinin bu açıqlamasına Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Penitensiar Xidmət və Taleh Bağırovun ailəsi nə deyirdi?

Amma qurum fevralın 15-də yaydığı açıqlamada «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun həbsxanada təzyiqə məruz qalması barədə deyilənləri təkzib edirdi. Penitensiar Xidmət vurğulayırdı ki, T.Bağırov ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib, təhlükəsizliyi təmin olunmaqla bütün hüquqları qorunur.

Qurum açıqlamasında qeyd edirdi ki, Taleh Bağırov vəkili ilə özü görüşmək istəməyib. Penitensiar Xidmətdən verilən məlumata görə, onun atası və həyat yoldaşı isə fevralın12-də ilahiyyatçı ilə görüşüb.

«Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatçılığa heç bir əsas olmadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb».

Penitensiar Xidmətin bundan əvvəlki açıqlamalarında da vurğulanıb ki, məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

İlahiyatçının xanımı L.İsmayılzadə isə bildirmişdi ki, Taleh Bağırov özünün vəkillə görüşdən imtanasını təsdiq etsə də ona təzyiqlərin olmadığı ilə bağlı deyilənlərlə razılaşmayıb. Xanımnın sözlərinə görə, ilahiyyatçı ailəsi ilə telfon danışığına imkan verilmədiyini bildirərək işgəncə ilə də üzləşdiyini qeyd edib.

Üstəlik, xanımının bildirməsinə görə, Tale Bağırov vəkillə görüşdən imtina etməsini onu təzyiqlərtdən qorumaq niyyəti ilə izah edib.T. Bağırovun əvvəlki vəkili Yalçın İmanov məhbusun işgəncə şikayətini ictimailəşdirdikdən sonra Penitensiar Xidmətin müraciəti əsasında Vəkillər Kollegiyasında xaric edilib.

Penitensiar Xidmətin rəhbərliyi vəkilin açıqlamasını «ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət edən addım» kimi qiymətləndirmişdi.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

C.Cabbarov da Nardaran məhbuslarındandır. O, 2015-ci il noyabrın 26-da T.Bağırov və digərləri ilə birlikdə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov isə 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb, ittihamları qəbul etmir.

XS
SM
MD
LG