Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 01:20

'Sizi nə narahat edir?.. Taksilər çoxdursa, rəqabət var'


Qiymətlər düşür, ənənəvi taksi sürücüləri 'ağlayır'
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Qiymətlər düşür, ənənəvi taksi sürücüləri 'ağlayır'

"Bakıda fəaliyyət göstərən taksilərin sayı İstanbul şəhərindəki taksilərdən çoxdur". Yerli saytların məlumatına görə, bunu bugünlərdə Bakıda "Nəqliyyat və logistika kompleksinin inkişafı" mövzusunda keçirilən konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsində mütəxəssis Rauf Səfərov deyib. O bildirib ki, hazırda ölkə üzrə 40 mindən çox taksi fəaliyyət göstərir ki, onun da təxminən 28 mini Bakıdadır: "İstanbulda isə bu rəqəm 17 min civarındadır".

İstanbul və Bakının müqayisəsinin davamı…

Amma İstanbulla müqayisədə Bakıda taksidən əlavə yalnız metro və avtobuslar işləyir. İstanbulda isə bu siyahı bir xeyli uzundur.

Hələ 2000-ci illərin əvvəlində Bakıda tramvay və trolleybuslar ləğv olunub. O vaxt rəsmilər bunu həmin növ nəqliyyatın rentabelli olmaması ilə izah edirdilər. Halbuki, işğaldan azad olunmuş Ağdam şəhərinin Baş planında tramvayların işə salınması nəzərdə tutulur.

20 ilə yenidən tramvay olacaq

Bakı Nəqliyyat Agentliyindən də "Turan"a bildirilib ki, paytaxtın Baş planı hazırlanıb və həmin planda Bakının tramvay marşrutları müəyyən olunub: "Nəzərdə tutulur ki, 2040-cı ilə qədər tramvay marşrutlarının tam bərpası təmin olunsun".

Taksilərə gəlincə isə, vurğulanıb ki, Bakı şəhərində taksi kimi fəaliyyət göstərənlərin 95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur: "Həmin "taksilər" Nazirlər Kabinetinin 73 saylı qərarla təsdiq olunmuş normalar və qaydalara uyğun gəlmirlər, fərqlənmə nişanına sahib deyillər".

E.Muradlı
E.Muradlı

"Bir çox insan işini itirdi və taksi sürməyə başladı"

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da deyib ki, Bakı Baş planında 17 il ərzində bir neçə istiqamətdə tramvay xətlərinin qurulması nəzərdə tutulub: "Trolleybuslarla bağlı isə, hələlik, heç bir təklif yoxdur. Ola bilsin ki, əlverişli hesab etməyiblər".

Ekspertin fikrincə, taksilərlə bağlı deyilən rəqəm əslində daha çoxdur: "Ümumi Bakı şəhərində koronavirus pandemiyası ərəfəsində 40 min taksi var idi. Ardınca bir çox insan işini itirdi və taksi sürməyə başladı. Hazırda Bakıda taksilərin sayı 60 min civarındadır".

"Relsləri satıb pul qazandılar"

E.Muradlının sözlərinə görə, Bakıda tramvay xətləri yığışdırılandan sonra xətt keçən bəzi torpaqlar satılıb: "Relsləri satıb pul qazandılar, sonra tramvay xətləri ətrafında nə qədər yer var idisə, hamısını satdılar".

Ekspertin səsləndirdiyi fikirlərə, hələlik, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş və indiki rəhbərliyindən münasibət almaq cəhdləri nəticə verməyib.

"Sizi nə narahat edir?"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, İstanbulla Bakının müqayisəsi qüsurludur: "Çünki İstanbul Böyükşəhər Bələdiyyəsi nəqliyyatı idarə edir və orada metro xətləri, metrobuslar, tramvaylar, dəniz nəqliyyatı kimi ictimai nəqliyyat növləri mövcuddur".

N.Cəfərli
N.Cəfərli

Onun sözlərinə görə, Bakıda çoxlu taksilərin bir neçə dəfə qeyd olunması suallar yaradır: "Sizi nə narahat edir? Əgər bu sahədə fəaliyyət göstərən şəxs öz əməyini sərf etməyə razıdırsa, vətəndaşlar da tez və ucuz mənzil başına çatmadan razıdırsa, dövlət burada niyə narahat olmalıdır? Taksilərin sayı çoxdursa, deməli, rəqabət var, qiymətlər ucuzdur. Bütün bunlar vətəndaşın xeyrinədir".

O deyir ki, Azərbaycan hökumətinin atdığı addımların keçmişinə baxanda bu sahədə də inhisarçılıq meyllərinin yaranması ehtimalı var: "Çünki taksi xidməti çox az saylı sahələrdəndir ki, rəqabət var və qiymətlər ucuzlaşıb. Belə çıxır ki, ucuz qiymət olan yerlərin olması hökuməti sevindirməkdənsə, xoşagəlməyən amilə çevrilib".

N.Cəfərlinin fikrincə, dövlətin taksi xidmətində iştirakı mümkündür: "Amma bu, hamı üçün eyni oyun qaydaları, ümumi lisenziyalaşdırma, eyni vergi və rüsum siyasəti tətbiq olunmasında özünü ifadə etməlidir. Dövlət birbaşa iqtisadiyyatda oyunçu olmamalıdır. Yalnız ədalətli hakim kimi həmin sahənin tənzimlənməsində iştirak etməlidir".

XS
SM
MD
LG