Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 20:50

Orduya dəstək yürüşünü başladan şəxs haqqında hökm dəyişdi


Azerbaijan. Baku. Tahir Heydarov
Azerbaijan. Baku. Tahir Heydarov

2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşünü başladanlardan biri olduğunu və buna görə cəzalandırıldığını deyən Tahir Heydərov haqqında hökm dəyişib. Sosial şəbəkələrdə "Tahir Zəngilanlı" kimi tanınan Heydərovun cəzası 1 il azaldılıb. Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.

Heydərov 2020-ci ilin oktyabrında CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə həbs olunsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi ittihamı daha yüngül maddəyə dəyişmişdi. Ona CM-in 234.1 (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddəsi ilə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilmişdi.

"Cinayətkar mən deyiləm"

Amma Tahir Zəngilanlı, ümumiyyətlə, təqsirsiz olduğunu, narkotiki cibinə polislərin qoyduğunu bildirərək ona bəraət verilməsini istəyirdi. Haqqındakı hökmdən verdiyi apellyasiya şikayətində də bəraət tələbini qoymuşdu.

Heydərov Bakı Apellyasiya Məhkəməsindəki çıxışında da təqsirsiz olduğunu, siyasi sifarişlə həbs olunduğunu deyib.

"Mən Qarabağa azadlıq tələb eləmişəm, cinayətim ancaq budur. Buna görə məni murdar bir ittihamla şərlədilər, cibimə narkotik atdılar. Məni ağrıdan həm də budur ki, belə iyrənc əməllə damğalayırlar. Cinayətkar mən deyiləm, günahsız insanlara qarşı bu cinayətləri törədənlərdir", - Heydərovun sözləridir.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Tahir Zəngilanlı haqqında bəraət hökmü çıxarmasa da, onun cəzasını 1 il 6 aya endirib.

Deyir, yolda gedərkən cibinə narkotik maddəni atıblar

Tahir Heydərov 2020-ci il oktyabrın 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun cibindən 6 qram heroin tapıldığı iddia olunur. Özü isə deyir ki, həmin gün Lökbatan qəsəbəsində yaşadığı yataqxananın yaxınlığındakı kafedə dostu ilə birlikdə oturduğu vaxt polislər onları tutub Qaradağ rayonu, 10-cu polis bölməsinə aparıblar, yolda gedərkən cibinə narkotik maddəni atıblar. Onun sözlərinə görə, həm 10-cu polis bölməsində, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsində işgəncələrə məruz qalıb, ailə üzvləri ilə təhdid olunub.

Məhkəmədə dindirilən polis əməkdaşları isə onun cibinə narkotik atılması və işgəncəyə məruz qalması haqda dediklərini təkzib ediblər.

Heydərov bir neçə il öncə Avropa ölkələrindən birindən siyasi sığınacaq istəsə də, rədd cavabı alıb və Azərbaycana deportasiya olunub.

Xatırlatma

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Hüquq-mühafizə orqanları yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyini, xidməti avtomobillərin aşırıldığını, Milli Məclisə ziyan dəydiyini bildiriblər.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. Təqsirləndirilənlər içində AXCP üzvləri də vardı. Sonradan onlara şərti cəza kəsildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG