Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:58

'Buna görə hökumətin radarına düşdüm'


Tahir Heydərov
Tahir Heydərov

2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşünü başladanlardan biri olduğunu deyən Tahir Heydərov hazırda narkotik ittihamıyla həbsdədir. O, iyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısında deyib ki, bu ittiham saxtadır, siyasi sifarişlə həbs olunub. Səbəb də belə aksiyalarda iştirakıdır.

"Torpağımı tələb eləyirdim"

"Mən qarabağlıyam. Torpağımı tələb eləyirdim. Vətən mənim üçün namus-qeyrətdir. Mənə həmişə xəbərdarlıq eləyirdilər ki, "səni göndərəcəyik". Mən Lökbatanda yataqxanada qalıram. Qaradağın icra başçısı da, polis rəisi də məni çağırıb. Deyirdim ki, mən də vətəndaş olaraq, problemlərin həllini istəyirəm. Buna görə də hökumətin radarına düşdüm...", – Heydərov ifadəsində belə deyib.

O, CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddəsi ilə ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 2020-ci il oktyabrın 15-də axşam saatlarında əməliyyat məlumatı əsasında Heydərovu saxlayıb, idarədə onun cibindən külli miqdarda narkotik maddə çıxıb.

Heydərov isə deyir ki, ittiham aktında yazılanların hamısı yalandır. Onu orada yazılan ünvanda yox, evinin yaxınlığındakı kafedə tutub, öncə Qaradağ rayonu 10-cu polis bölməsinə aparıblar. Orada işgəncələrə məruz qaldığını deyən Heydərovun sözlərinə görə, daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb: "İşgəncələr orada da davam elədi. Yenə də qol çəkmədim. Axırda ailəmi gətirməklə hədələdilər. Əvvəl inanmadım. Təxminən bir saat sonra telefonu götürüb dedi ki, "çatırsız?". Fikirləşdim ki, ölsəm, bundan yaxşıdır. Dedim ki, gətirin, qol çəkirəm".

Cibindən narkotiki çıxarıb...

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Anar Tahirov isə şahid qismində dindirilərkən Heydərovun döyülməsi, narkotikin onun cibinə atılması barədə deyilənləri təkzib edib. O bildirib ki, əməliyyat məlumatı əsasında Heydərova yaxınlaşıb özlərini təqdim ediblər. Heydərov da etiraz etmədən maşına əyləşib, onlarla birlikdə idarəyə gedib, orada cibindən narkotiki çıxarıb, stolun üstünə qoyub.

"Şərəfinə and verirəm, düzünü danış...", - Heydərov polisin dediklərinə etiraz edib.

Məhkəmə prosesi iyunun 9-da davam edəcək.

Heydərova ittiham verilən CM-in 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına və fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Ötən il iyulun 14-15-də Bakıda keçirilən orduya dəstək yürüşündə saxlananların məhkəməsi davam edir. Əsasən AXCP fəalları olan təqsirləndirilənlər polisə müqavimətdə, özgə əmlakına ziyan vurmaqda ittiham olunurlar. Onlar ev dustaqlığındadır, elektron bilərzik taxırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG