İyunun 14-də qırğızıstanlı sərhədçilərlə toqquşmada bir tacik sərhədçi öldürülüb. İnsident demarkasiya olunmamış birgə sərhəddə baş verib. Bu haqda AzadlıqRadiosunun Tacikistan xidməti məlumat yayıb.
Qırğızıstan sərhədçilərinin məlumatına görə, səhər saat 7 radələrində Tacikistanın sərhəd Kex postundan Qırğızıstanın Batken regionundakı Bulak-Başidakı sərhəd nəzarət məntəqəsi istiqamətinə atəş açılıb.
Sərhədçilərin Tacikistan postu istiqamətinə cavab atəşi açdıqları, Qırğızıstan tərəfdən itki olmadığı bildirilir.
Tacikistan hakimiyyəti insident haqda rəsmi məlumat yaymayıb. Ancaq radionun tacik xidməti mənbələrə istinadla atışmada 26 yaşlı tacik sərhədçinin öldürüldüyünü yazır.
Tərəflər insidentlə bağlı sərhəd xidməti komandirlərinin və yerli rəsmilərin danışıq apardığını bildirir.
Öncəki insidentlər
Kex Tacikistanın İsfara sərhəd şəhərinə yaxındır. İyunun 3-də həmin şəhərdə oxşar insidentdə hər iki tərəfdən yaralananlar olub.
Sovet İttifaqı dağılandan Orta Asiyada xeyli sərhəd mübahisəlidir.
Qırğızıstan, Tacikistan və Özbəkistan sərhədlərinin qovuşduğu Fərqanə vadisində xeyli sayda eksklavda vəziyyət xüsusilə mürəkkəbdir.
970 km-lik Qırğızıstan-Tacikistan sərhədinin təxminən yarısı demarkasiya olunmayıb, bu isə 30 ildir müstəqillik qazanmış iki ölkədə dəfələrlə gərginlik yaradıb.
Apreldə sərhəddə atışmada bir tacikistanlı sərhədçi aldığı yaralardan həlak olub, iki qırğızıstanlı sərhədçi və dörd dinc sakin isə yaralanıb.
2021-ci ilin aprelindəki toqquşmalarda isə hər iki tərəfdən onlarla ölən olmuşdu.