Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:45

Xaricdə təhsil almış ruhanilər işdən çıxarılır


Tacik ruhanilər
Tacik ruhanilər

Tacikistan hökuməti dini ekstremizmi önləməkdən ötrü xaricdə təhsil almış imamları xidmətdən uzaqlaşdıracağını bəyan edib.

Ötən ayın sonunda Tacikistanın dövlət dini işlər komitəsi rəsmi kanallardan kənar xaricdə təhsil almış imamların «uyğun» adamlarla əvəzlənməsi üçün yerli icra hakimiyyətlərinin rəhbərlərinə vaxt vermişdi. Həmin vaxt noyabrın ortasında başa çatır.

Bu təlimat 8 milyon əhalisi olan müsəlman ölkəsində hökumətin din məsələsinə nəzarətinin daha da sərtləşdirilməsinə yönəlib. 2015-ci ilədək Tacikistanda bütün Orta Asiyada yeganə açıq islam partiyasının fəaliyyətinə icazə var idi.

Dini işlər komitəsi bildirib ki, bəzi xaricdə oxumuş din xadimləri sünni islamın sərt formalarını dəstəkləyən «qadağan edilmiş dini məzhəbləri» yaymaqla məşğuldur.

«QANUNİ YOLLA OXUYANLARA AİD DEYİL»

Noyabrın 2-də komitənin sözçüsü Afshin Muqim bildirib ki, imamların xidmətdən kənarlaşdırılması əmri xaricdə «qanuni yolla», yəni Tacikistan hökumətinin icazəsi ilə oxuyanlara şamil edilmir.

Tacikistan İslam Üləmaları Şurasının rəhbəri Saidmukarram Abdulqodirzoda dövlətin himayəsi ilə ölkə xaricində təhsil almış yüzlərlə din xadimindən biridir. İslamabadda dini məktəbdə təhsil almış Abdulqodirzoda ölkənin sabitliyi naminə istefa verməyə hazır olduğunu deyib.

Saidmukarram Abdulqodirzoda
Saidmukarram Abdulqodirzoda

Tacikistan rəsmiləri tanınmış dini liderləri zərərsizləşdirmək yönündə səyləri, adətən, razılaşdırır. Görünür, komitənin ultimatumunun Abdulqodirzoda-nin xəbəri olmadan hazırlanması mümkün deyil.

«Əgər Tacikistanın sabitliyi xaricdə oxumuş bir neçə din xadimindən asılıdırsa, o zaman mən vəzifəmi tərk etməyə hazıram», – deyə Abdulqodirzoda noyabrın 2-də bəyan edib.

BU İL 7 İMAM HƏBS EDİLİB

«1990-cı illərin dəhşətli hadisələrinin təkrarlanmasını istəmirəm», – deyə o əlavə edib. Bu sözlərlə o, 1992-1997-ci illərin vətəndaş müharibəsini xatırladıb. Bu müharibədə dünyəvi hökumət islamçıların başçılıq etdiyi müxalifətlə mübarizə aparırdı. Silahlı münaqişə regional firqəçilik zəminində baş qaldırmışdı.

Tacikistanda imamları sözügedən dini komitə təyin edir. Komitə, eyni zamanda, məscid və kilsələrə nəzarət edir və dinlə bağlı qanunların icrasıyla məşğuldur.

Tacikistanda saqqal problemi...
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Bu il Tacikistanın şimalındakı Suğd əyalətində yeddi imam həbs edilib. Onların hərəsinə ciddi rejimli koloniyada azı üçillik həbs cəzası kəsilib. Onlara ittihamlar arasında qadağan edilmiş islam hərəkatlarına üzvlük də var. İmamlar bu ittihamları rədd ediblər. Hökumət rəsmiləri həbs edilmiş imamların xarici ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanında təhsil aldıqlarını bildiriblər.

Tacik rəsmilərinin deməsinə görə, hazırda 500-dək Tacikistan vətəndaşı xaricdəki islam məktəblərində təhsil alır.

PREZİDENTİN BƏYANATINDAN SONRA...

2010-cu ildə Tacikistan prezidenti Emomali Rahmon xaricdə dini təhsil alan tələbələrin ekstremistlərin təsiri altına düşə biləcəyini bəyan edib. Bundan sonra hökumət İran, Pakistan və Yaxın Şərq ölkələrində təhsil almaqda olan 3 mindən çox tələbəni ölkəyə qaytarıb.

Dini işlər üzrə dövlət komitəsi ölkəyə qaytarılmış 30-dək tələbənin terrorçu qruplaşmalarla əlaqəli olmaqda şübhəli bilindiyini, ən azı 18 nəfərinsə sonradan «İslam Dövləti» (İD) yaraqlılarına qoşulmaq üçün Suriyaya getdiyini bəyan edib.

Tacikistan hökuməti dövlət idarələrində müsəlman baş örtüyünü yasaqlayıb. İslami geyim tərzini və baş örtüyünü isə ictimaiyyət arasında «xarici təsir» adlandıraraq, saqqalın uzunluğuna məhdudiyyət qoyub.

Dövlət bu işdə təşəbbüsü ələ alaraq, dəfələrlə insanlarla söhbət aparıb, islami geyim tərzi və baş örtüyünün tacik ənənələrinə zidd olduğunu vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG