Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Bu ölkədə qadınlar ikinci arvad olmağa razılaşır


Tacik qadın

Tacikistanda çoxarvadlılıq rəsmən qadağandır. Qanun buna görə iri məbləğdə cərimə və ikiillik həbs cəzası nəzərdə tutur. İmamlarsa nikahı yalnız VVAQ-ın verdiyi evlilik haqda şəhadətnaməni gördükdən sonra bağlaya bilərlər. Ancaq qaydalar çoxlarının, hətta imamların özlərinin belə qarşısını ala bilmir.

Hətta məvacibi orta səviyyədən aşağı olan kişilər də ikinci dəfə evlənməyə çalışırlar. Bu, prestijli və «əsl müsəlmanlıq» göstəricisi sayılır. Sonucda ikinci arvadlar hüquqsuz vəziyyətdə qalırlar.

Tahmina Hojaeva iki il bir kişinin ikinci arvadı olub. Belə nikahlar rəsmi qeydiyyata alınmadığından onlar müsəlman adətləri ilə ərə gedirlər. Kişi daimi olaraq öz birinci ailəsi ilə yaşayır, Tahmina-nın yanına isə yalnız gündüzlər işdən dincəlməyə gəlirmiş.

İKİNCİ ARVADDAN UŞAQ İSTƏMİRLƏR

«İkinci arvad birgə həyat üçün deyil. Anladığım qədər, heç bir ikinci arvad bütün həyatını əri ilə birlikdə yaşamır. Qəşəng olduğuna, özünə baxdığına görə səni alırlar. Bu, istirahət və əyləncə üçündür. Uşağın olmadığı müddətdə o, yanına gəlir. Evdə arvadı və altı uşağı var, onlar ona dincəlməyə imkan vermirlər. Burada isə gəlib yatır, əylənir. Mən onu çimdirirəm, o təmizlənir. Belə kişilər arvadın görkəmini qoruyub saxlamasından ötrü hamilə qalmasını istəmirlər», – qadın deyir.

Tahmina deyir ki, ilk illərdə əriylə yaxşı, qayğısız yaşayırmış. Əri onu maddi cəhətdən təmin edirmiş. Hətta ona ev alıb və evi təmir etdirib. Sonra ayrılıblar. İndi isə kişi bağışladığı və Tahmina-nın adına olan evi onun əlindən almaq istəyir. Qadının iki uşağı var.

Tacikistanda hər il onlarla qadın belə duruma düşür. Rəsmi nikah olmadığından, təminat, ev də yoxdur və uşaqlara aliment də kəsilmir. Ancaq atılmış ikinci arvadlar məhkəməyə nadir hallarda müraciət edirlər. Çünki şahidlərsiz birgəyaşayışı sübut etmək mümkün olmur.

Tacikistanda toy
Tacikistanda toy

«Kişinin öz uşaqlarını az-az görməsi pisdir. Məsələn, öz uşağını şəhərdə görəndə, özü də bu zaman tək yox, tanışları ilə birlikdə olanda özünü elə aparır ki, sanki öz oğlunu tanımır. Uşaqsa sonradan ağlayır», – oxşar durumda qalmış Safargul danışır.

SƏBƏBLƏR

Statistik məlumatlara görə, ərlərindən ayrılarkən ev problemi yaşadığına görə hüquq müdafiəçilərinə müraciət edən qadınların, az qala, yarısı ikinci arvadlardır. Belə ailələrin dağılmasının səbəbi isə, demək olar, həmişə eynidir. Ərin maliyyə problemləri, birinci arvadla münaqişə və ya münasibətlərin soyuması.

«Boşanmaların geniş yayılmış səbəbi kişilərin əmək miqrasiyasına getməsi, bundan sonra qadınların özlərindən xeyli yaşlı kişilərlə evlənməsidir. Bu zaman onlar həmin kişilərin arvad-uşaqlarının olduğunu bilirlər», – «Oyla» qəzetinin müxbiri Farzona Murodi deyir.

Tacikistanda çoxarvadlılıq ciddi sosial problemdir. Kənd yerlərində qızlar yaxşı təhsil ala bilmədiklərindən müstəqil həyata hazır olmurlar. Onları tez ərə verirlər. Belə ailələrsə tez dağılır. Onlar həyatda qalmaq, özlərini və varsa, uşaqlarını təmin edə bilmək üçün «ikinci arvad» statusuna razılaşırlar.

Əcnəbi (sağda) ilə gəzən qız və onu vuran oğlan
Əcnəbi (sağda) ilə gəzən qız və onu vuran oğlan

ƏCNƏBİYLƏ EVLİ QIRĞIZLAR

Qonşu Qırğızıstanda isə bir qırğız qadının əcnəbi ilə evli olduğuna görə hücuma məruz qalmasını göstərən video sosial şəbəkələrdə qızğın müzakirələr yaradıb. Bir müddət öncə Oş məscidinin imamı qırğız qızları əcnəbilərə ərə getməməyə çağırmışdı.

Bişkekdə günün günorta çağı bir qadını əfqan kişi ilə yanaşı getdiyinə görə tanımadığı bir şəxs vurub. Cütlük bunu şəxsi həyata müdaxilə sayır. Ancaq hücum edən şəxsi dəstəkləyənlər də var.

Bu məsələ Qırğızıstanda qadınların hüquq və azadlıqları mövzusunu yenidən qızışdırıb. Qadınların əcnəbilərlə ailə qurduqlarına görə qınanması hallarına rast gəlinir.

Məsələyə münasibət bildirən vətəndaş fəalları uyğun dövlət qurumlarını baş vermiş insidentə reaksiya verməməkdə suçlayırlar.

«VƏTƏNPƏRVƏRLƏR» QRUPU

Bundan əvvəl də Rusiyada qırğızıstanlı qızların fərqli millətdən oğlanlarla münasibətə görə döyülməsi halları qeydə alınıb. Hətta 2012-ci ildə Rusiyada özlərini «vətənpərvərlər» adlandıran qrup da yaranıb. Onlar başqa millətlərdən oğlanlarla dostluq edən qızları videoya çəkir, döyür və sorğu-sual edirdilər. Bu günədək heç kim onları məsuliyyətə cəlb etməyib. Bu ilin əvvəlində qızları təhqir edən və bu haqda videoları internetə yerləşdirən üç qırğızıstanlı həbs edilib. Onları rəsmən üzr istədikdən sonra buraxıblar.

Qırğız qadın
Qırğız qadın

Bişkekdə küçədə hücuma məruz qalan qadına gəlincə, hüquq-mühafizə orqanları bu işlə bağlı araşdırma aparır.

Ölkənin milli statistika komitəsinin məlumatına görə, son illərdə xarici vətəndaşlarla ailə qurmuş qırğızıstanlı qadınların sayı artıb. Bu siyahıda birinci yeri Rusiya vətəndaşları tutur. Daha sonra Cənubi Koreya, Özbəkistan və Türkiyə gəlir.

XARİCƏ GEDƏN QIZLAR

Almaniya vətəndaşı ilə ailə qurmuş, hazırda iki uşaq anası olan Aytolkun Orozbaeva həyatından razıdır.

«Həyat insana bir dəfə verilir, mən də onu yaxşı yaşamaq istəyirəm. Mən ərə gedib sözə baxmaq, yumruq yemək, pis olsa da, onunla yaşamaq istəmirəm. Bizdə belələri çoxdur... Ən əsası odur ki, ərim mənə sayqı göstərir və qərarları mənimlə məsləhətləşərək verir», – o deyir.

Tanınmış sosioloq Topchugul Shaydullaeva deyir ki, xaricə ölkə genofondunun əsasını təşkil edən ağıllı, oxumuş qızlar gedir.

«Etiraf etməliyik ki, ən yaxşı, ağıllı, gözəl və qabiliyyətli qızlar xaricilərə ərə gedirlər. Bunu istəmiriksə, oğlanlarımız yaxşı olmalıdırlar. Onlar insaniyyətləri, təhsilli olmaları, gərəkərsə, maddi imkanları ilə qızları cəlb etməlidirlər. Qızların özləri kimə və nə vaxt ərə gedəcəklərini bilirlər. Onların seçim hüququ var», – o deyir.

Tanımış ədəbiyyatçı, pedaqoji elmlər namizədi Abdykerim Muratov-sa deyir ki, qırğız qızların əcnəbilərlə ailə qurması problemə çevrilməməlidir. O hesab edir ki, qloballaşma dövründə qızların dostlarının və ya sevgililərinin milliyyətini problem saymaq olmaz.

Günün bütün mövzuları

XS
SM
MD
LG