Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Təqsirləndirilən dövlət vəkilindən imtina edə bilmir


Məhkəmə. Foto arxiv
Məhkəmə. Foto arxiv

Gəncə hadisələri ilə bağlı məhkəmədə belə bir hal yaşandı: təqsirləndirilən Bəkrəm Əliyev dövlət hesabına ona vəkil təyin olunan Nurəddin Məmmədovun xidmətindən imtina etdi. Bildirdi ki, müqavilə əsasında ona hüquqi yardım göstərən Əziz Qəmbərovun xidmətiylə kifayətlənir. Ancaq Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov onun imtinasını qəbul etməyib. Qərar verilib ki, təqsirləndirilən şəxsin həm özünün seçdiyi, ailəsinin müqavilə bağladığı vəkil qalsın, həm də dövlətin təyin etdiyi müdafiəçi...

Qanun və praktika

Azərbaycan Konstitusiyası da, başqa qanunlar da, ölkənin qoşulduğu beynəlxalq konvensiyalar da kimliyindən asılı olmayaraq, hər kəsə keyfiyyətli hüquqi yardım təminatı verir. Əgər şəxsin özünə vəkil tutmağa pulu yoxdursa, bu halda xərci dövlət öz üzərinə götürür.

Cinayət-Prosessual Məcəllənin193.2 maddəsində deyilir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa, həmin şəxsə hüquqi yardım dövlət büdcəsi hesabına göstərilir.

Məhkəmələrdə sizi nə qane etmir?
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Həmin Məcəllənin 193.3. maddəsində yazılıb ki, «şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəliri, maddi, əmlak və ailə vəziyyəti, habelə digər halları nəzərə alıb, şəxsə hüquqi yardımın dövlət büdcəsi hesabına aparılması haqda əsaslandırılmış qərar qəbul edilməlidir».

Başqa sözlə, şəxsə dövlət hesabına vəkil təyin olunursa, bunun səbəbi mütləq əsaslandırılmalıdır. Şəxsin maddi durumu özünə vəkil tutmağa imkan verirsə, ona göstərilən hüquqi yardımın pulunu dövlət ödəməməlidir.

Ancaq praktikada özünə vəkil tutmağa maddi imkanı olan şəxslərə dövlət hesabına müdafiəçi təyin olunması hallarına tez-tez rast gəlinir. Özəlliklə də istintaq orqanlarının belə vəkil təyinatlarıyla bağlı qərarları daha çoxdur.

Vəkillər Kollegiyası İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova bu ilin aprelində məhkəmədə bu barədə danışırdı. Deyirdi ki, hüquqlarını müdafiə etdiyi Gədəbəy rayonu sabiq icra başçısı Saleh Rüstəmovun maddi durumu özünə vəkil tutmağa imkan verir. S.Rüstəmovun yaxınları onunla müqavilə bağlayıb, pul ödəyiblər ki, onun hüquqlarını müdafiə etsin. Ancaq istintaq orqanı (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) S.Rüstəmova onun özü istəmədiyi halda, dövlət hesabına vəkil təyin edib. Yaxınlarıyla müqavilə bağladığı halda, onun özünü isə vəkil kimi işə buraxmayıb.

Yaxud vəkil Adil İsmayılov hüquqlarını müdafiə etdiyi rəssam Nazim Ağabəyovun işində məsələ qaldırmışdı ki, bu şəxsin aylıq rəsmi gəliri 6 min manatdır. İstintaq orqanı isə onu həbs edərkən dövlət hesabına vəkil təyin olunmasına qərar verib.

Y.İmanov
Y.İmanov

«Üzüyola» vəkillə işləmək...

Hüquqşünas Yalçın İmanov deyir ki, şəxsin eyni vaxtda həm özünün müqavilə bağladığı, həm də dövlət hesabına ona təyin edilmiş iki vəkilinin olması hallarına dəfələrlə rast gəlib. Hətta öz təcrübəsində də belə hal yaşandığını söyləyir. Hesab edir ki, bu cür hal «dövlət hesabına pullu hüquqi yardım» anlayışının fəlsəfəsinə ziddir. Ancaq bunun birbaşa şəxsin öz iradəsinə bağlı məsələ olmasını da vurğulayır: «Dövlət hesabına hüquqi yardımın mahiyyəti odur ki, vətəndaşın özünə vəkil tutmağa pulu yoxdur, ona görə dövlət onu hüquqi yardımsız qoymur, vəkilin pulunu özü ödəyir ki, şəxs müdafiəsiz qalmasın. Şəxs özü istədiyi vəkillə müqavilə bağlayırsa, dövlətin puluyla da vəkilin qalması artıq doğru deyil. Bir məsələ də var ki, bu halda dövlət hesabına vəkildən şəxs özü imtina etməlidir».

Y.İmanov deyir ki, şəxs nəinki dövlət hesabına, hətta müqavilə bağladığı müdafiəçidən də imtina edə bilər. Onun sözlərinə görə, imtinanın qəbul edilməməsi, arzuolunmaz vəkilin məcburi şəkildə müdafiə prosesində saxlanması isə qanun pozuntusudur, bu imtinanı qəbul etməyən hakim özü qanunu pozur.

Maddi durumu vəkil tutmağa imkan verən adamlar şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirilərkən onlara dövlət hesabına vəkil təyin olunmasına gəlincə, hüquqşünasın fikrincə, istintaq orqanları öz işlərini asanlaşdırmaqdan ötrü bu üsuldan istifadə edir. Y.İmanovun sözlərinə görə, müstəntiq üçün onun istədiyi sənədləri sorğu-sualsız imzalayan, «üzüyola» vəkillə işləmək daha rahatdır: «Müqavilə üzrə vəkil öz yanında aparılmayan istintaq hərəkətinin protokolunu imzalamayacaq. Şəxsə işgəncə verib, hazır ifadəyə imza atdıra bilməyəcək. Normal vəkil tələb edəcək ki, şəxsi mənim yanında dindirin, mən də müdafiəçi kimi imzalayım. İstintaq orqanları ilə qeyri-rəsmi əməkdaşlıq edən «vəkilləri» isə bunlar maraqlandırmır. Ona görə də müstəntiqlərə elələri ilə işləmək daha rahatdır».

A.Bağırov
A.Bağırov

«Vəkilimizdir, işi olsun, əlavə pul qazansın»

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov da maddi durumu yaxşı olan vətəndaşlara dövlət hesabına vəkil təyin olunmasının əleyhinədir. Deyir ki, şəxs özü müqavilə bağlayıb, vəkil tuta bilirsə, bu, artıq onun dövlət hesabına vəkilə ehtiyacı olmaması anlamına gəlir: «Vətəndaşın buna ehtiyacı olmadığı halda, dövlət hüquqi yardıma niyə əlavə xərc çəkməlidir? Öz hesabına müqavilə bağlayıb vəkil tuta bilirsə, dövlət hesabına vəkilə lüzum qalmır. Əlavə xərcdir».

Ancaq A.Bağırov da bildirir ki, vəkil təyin olunduğu işdən imtina edə bilməz, vətəndaşın özü ondan imtina etməlidir. Vəkillər Kollegiyasının rəhbəri də ehtiyac duyulmadığı hallarda, dövlət hesabına vəkil təyinatının büdcə vəsaitinin lüzumsuz israfı olduğunu düşünür. Ancaq onu da deyir ki, bu barədə Vəkillər Kollegiyası yox, istintaq orqanı, məhkəmələr düşünməlidir: «Əgər vətəndaş istəyirsə ki, onun həm öz hesabına, həm də dövlət hesabına vəkili olsun, biz niyə buna etiraz edək? Vəkilimizdir, işi olsun, əlavə pul qazansın. Biz məsələ qaldıra bilmərik ki, vətəndaşı vəkildən məhrum eləyin. O, bizim səlahiyyətimizdə olan məsələ deyil. İstintaq orqanları, məhkəmələr bu haqda düşünməlidir. Amma bu, həm də vətəndaşdan asılı məsələdir».

Yazıda bildirilən iradlara istintaq orqanı və məhkəmələrdən münasibət almaq mümkün olmayıb.

Azərbaycanda dövlət hesabına hüquqi yardımı həyata keçirən vəkillərin hər saatı üçün büdcədən 6 manat ödəniş nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG