Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

'Türkiyəyə sanksiyaların genişlənməsi Azərbaycana da...'


D.Tramp və R.T.Ərdoğan
D.Tramp və R.T.Ərdoğan

ABŞ Türkiyənin Suriyada həyata keçirdiyi «Barış pınar»ı hərbi əməliyyatları ilə bağlı bu ölkənin müdafiə və energetika nazirliklərinə sanksiyalar qoyub. Prezident Donald Trampın imzaladığı fərmanla müdafiə naziri Hulusi Akar, energetika naziri Fatih Dönmez və daxili işlər naziri Süleyman Soylu da sanksiyalar altına düşüb.

Bu sanksiyalar genişlənə bilərmi? Genişlənərsə, bunun bölgəyə və Azərbaycana nə kimi təsirləri ola bilər?

AzadlıqRadiosunun suallarına politoloq Şahin Cəfərli və iqtisadçı Vüqar Bayramlı cavab verib.

Politoloq Şahin Cəfərli deyir ki, artıq bununla ABŞ-ın Türkiyə ilə münasibətlərində təzyiq siyasətinə başladığını söyləmək olar.

O hesab edir ki, münasibətlərin bundan sonrakı mərhələsi Türkiyə ilə ABŞ arasında qurulacaq dialoqdan asılıdır. Onun fikrincə, bu çərçivədə ABŞ-ın vitse-prezidenti Mayk Pensin Ankaraya planlaşdırılan səfəri böyük əhəmiyyətə malikdir:

Ş.Cəfərli
Ş.Cəfərli


«Səfər zamanı M.Pensin prezident Ərdoğanla görüşü və danışıqların ümumi nəticələrindən sonra Türkiyə-ABŞ, bütünlükdə Türkiyə-Qərb münasibətlərinin hansı istiqamətə doğru üz tutduğunu müəyyən etmək mümkün olacaq».

Ş.Cəfərli deyir ki, münasibətlərdə qopma və qırlmanın ola bilməsi iki tərəfə də sərf etmir: «Yəni, Türkiyənin Qərb dünyası ilə istər siyasi, istər iqtisadi, istərsə də təhlükəsizlik sahəsində çox dərin əlaqələri var. Bu əlaqələrin qırılması o qədər də asan deyil, Türkiyə üçün sərfəli də deyil».

Ş.Cəfərli deyir ki, Türkiyənin Qərbdən üz döndərib üzünü Asiyaya çevirməsi hər şeydən əvvəl Atatürkün müasir mədəniyyətlərə inteqrasiya olunmaq hədəfindən üz döndərmək olar. Onun fikrincə, başqa tərəfdən, Türkiyə ilə münasibətləri korlamaq Qərbə də sərfəli deyil.

Politoloq əlavə edir ki, Türkiyənin Qərbdən uzaqlaşması Azərbaycanın da gerçək maraqları ilə üst-üstə düşmür.

«Türkiyə lirəsinin məzənnəsində ucuzlaşma...»

İqtisadçı Vüqar Bayramov isə deyir ki, Türkiyəyə sanksiyalar tətbiq ediləcəyi barədə xəbərlər yayılandan sonra bir həftə ərzində Türkiyə lirəsinin məzənnəsində ucuzlaşma müşahidə edilib: «Əgər əvvəl Türkiyədə dollar almaq üçün 5.7 lirə ödəmək lazım idisə, hazırda 5.9 lirə ödəmək lazımdır. Bu o deməkdir ki, lirənin ucuzlaşması onun üçün psixoloji həddə yaxınlaşır».

V.Bayramov
V.Bayramov

Ekspertin vurğulamasına görə, güman edilir ki, sanksiyaların fonunda Türkiyə iqtisadiyyatına yönəldilən investisiyaların həcmində də azalmalar və ölkədən valyuta axını baş verə bilər.

V.Bayramov bildirir ki, Türkiyə iqtisadiyyatının zəifləməsinin Azərbaycana bir sıra istiqamətlərdə təsir göstərməsi istisna edilmir:

«Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollar investisiya qoyub»

«Azərbaycan Türkiyə iqtisadiyyatına son illər 15 milyard dollar investisiya qoyub. Odur ki, Türkiyə iqtisadiyyatının zəifləməsi Azərbaycan investisiyası baxımından da arzuedilən deyil. Baxmayaraq ki, investisiya qoyuluşlarının əhəmiyyətli hissəsi enerji sektoruna yönəlib...».

Ekspert vurğulayır ki, bütövlükdə Azərbaycanın qeyri-neft ixracatının həcmi 1.9 milyard dollara yaxındır və onun üçdə biri Türkiyə bazarına yönəldilir: «Nəticədə qeyri-neft məhsullarının satışına görə Türkiyədən Azərbaycana daxil olan valyutanın azalmasına səbəb ola bilər».

İqtisadçı qeyd edilən səbəblər üzündən Türkiyəyə qarşı sanksiyaların genişlənməsini Azərbaycan üçün də arzuolunan saymır: «Sanksiyalar genişlənərsə, Türkiyə iqtisadiyyatı zəifləyərsə və lirə ucuzlaşarsa, bu, təbii ki, Azərbaycan üçün də arzuedilən deyil».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG