Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:23

Türkiyə futbolçularının hərbi salam jesti beynəlxalq qalmaqal yaradıb


Türkiyə yığmasının Twitter-dəki fotosu
Türkiyə yığmasının Twitter-dəki fotosu

Oktyabrın 14-də Avropa Çempionatının Fransa və Türkiyə arasında keçirilən seçmə matçı 1-1 hesabı ilə başa çatıb.

Lakin bu oyundan əvvəl Fransanın bir neçə aparıcı siyasətçisi ölkənin futbol milli yığmasının Türkiyə yığması ilə 2020-ci ilin Avropa Çempionatının bugün oktyabrın 14-də keçirilən seçmə matçından imtina edilməsinə çağırıb.

CNN yazır ki, buna səbəb Türkiyə futbolçularının oktyabrın 11-də Albaniya komandası üzərində qələbədən sonra hərbisayağı salam verməsi olub.

Bu hadisə Türkiyə prezidenti Recep Tayyip Erdoğan kürd qüvvələrinin Suriyanın şimalından çıxarılması üçün hücum əməliyyatına əmr verməsindən sonra baş verib.

Bundan daha əvvəl ABŞ prezidenti Donald Trump Suriyadakı Amerika əsgərlərinin oradan çıxarılmasını əmr etmişdi.

Komanda əsgərsayağı salam jestini İstanbulda keçirilən matçın əlavə vaxtında Cenk Tosunun vurduğu qələbə qolundan sonra nümayiş etdirib. Bu qol Türkiyə millisinin H qrupunun liderliyində qalmasını təmin edib.

Matçdan sonra Türkiyə yığmasının rəsmi Twitter səhifəsində artıq bütün komandanın və məşqçi heyətin eyni salam jesti göstərdiyi kollektiv fotosu yerləşdirilib.

Şəkil sözündə deyilir ki, komanda bu qələbəni "igid əsgərlərimizə və şəhidlərimizə ittihaf edib”.

Fransanın populist soltəmayüllü France Insoumise partiyasının lideri Jean-Luc Melenchon buna cavab olaraq Twitter-də yazıb:

"Əgər Türkiyə futbolçuları hərbi salam verirlərsə, onda onlarla düşmən ordusunun əsgərləri kimi rəftar ediləcəyinə hazır olmalıdırlar. Odur ki, biz onlarla futbol oynamamalıyıq. Burada idmançılığın təməl prinsipi qalmayıb”.

Mərkəz-sağçı UDI partiyasının rəhbəri Jean Christophe Lagarde da bu hadisəyə münasibət bildirib:

"Bu hərbi salamla Türkiyənin futbol komandası idmanı siyasətdən ayıran sərhədi keçib. Odur ki, bizFransanın Stade de France stadionunda bizim kürd müttəfiqlərimizin qətliamını salamlayanları qəbul edə bilmərik”.

Ölkənin ifrat sağçı Milli Cəbhə partiyasının rəhbəri Marine Le Pen də tvit yazıb:

"Suriyadakı hərəkətləri beynəlxalq birliyi narahat edən Erdoğanın təbliğat platformasına çıxmaqla Türkiyə futbol komandası idmanın dəyərlərinə hörmətsizlik edib”.

Xanım Le Pen yazıb ki, UEFA-nın Türkiyə Futbol Federasiyasına sanksiya qoymasının vaxtı çatıb.

Türkiyənin Fotbol Federasiyası hələlik bu bəyanatlarla bağlı şərh verməyib.

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Graet isə bildirib ki, Fransanın dövlət himni olan Merselyezin sədaları Türkiyə azarkeşlərinin fit və uğultularını batırmaq üçün kifayət edəcək.

Oktyabrın 12-də Almaniya kimi Fransa da Ankaranın Suriyaya müdaxiləsinə cavab olaraq Türkiyəyə silah satışını dayandıracağını bildirib.

Bugün, oktyabrın 14-də Parisdə keçiriləcək Fransa-Türkiyə matçında 78 minlik Stade de France stadionunda 3800 türkiyəli azarkeşin olacağı gözlənilirdi.

Türkiyə komandasının Fransada 2009-cu ildə keçirdiyi matç, türk azarkeşlər meydançaya məşəllər atdıqdan sonra müvəqqəti dayadırılmışdı.

Bunun ardınca Almaniya Futbol Federasiyasının prezidenti Oliver Bierhoff deyib ki, bu ölkənin komandalarında çıxış edən İlkay Gündoğan və Emre Can Tosunun əsgərsayağı salamını göstərən Instagram fotosunu bəyənməklə səhvə yol veriblər.

Tosunun Instagram postu hələ də silinməyib.

Lakin Türkiyə əsilli Gündoğan və Can öz “like” işarələrini dərhal siliblər.

Oktyabrın 12-də Avropa Çempionatının Estoniyada keçirilən seçmə matçından sonra Can deyib ki, o müharibənin bütün formalarının əleyhinədir.

Gündoğan isə bildirib ki, onun şəkli bəyənməsində heç bir siyasi niyyət olmayıb.

Almaniya futbolunun ikinci liqasında çıxış edən St.Pauli klubu isə Cenk Şahinin kontraktını ləğv edib.

O da Instagramda Türkiyənin hərbi əməliyyatını alqışlayan post yazmışdı.

CNN yazır ki, UEFA onun sorğularına cavab verməyib. Lakin qurumun mətbuat katibi Philip Townsend deyib ki, o hərbisayağı salam jestlərini şəxsən görməsə də, bu hərəkətləri “təxribat” hesab edir.

O bildirib ki, UEFA-nın nizamnaməsində fotbolun siyasət və dinlə qarışdırılmasını qadağan edən müddəalar var.

Futbolçuların Albaniyada hərbi salam verməsindən bir gün sonra Dünya Gimnastika Çempionatının qızıl medalını qazanmış başqa bir Türkiyə idmançısı, Ibrahim Colak da podiumda eyni jesti təkrar edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG