Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:04

Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsi Moskvanı çətin duruma salıb


Türkiyə və Azərbaycan prezidentləri Recep Tayyip Erdoğan (solda) və İlham Əliyev

AzadlıqRadiosunun müxbiri Matthew Luxmoore yazır ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi son 32 ildə Moskvanın nəzarətində olub, lakin indi Türkiyənin Azərbaycana birbaşa dəstək ifadə etməsi Rusiyanın bütün planlarını dəyişib.

Rusiyalı müstəqil hərbi ekspert Aleksandr Qolts deyib:

"30 ildir ki, Rusiya Cənubi Qafqazda əsas oyunçu olduğuna əmin idi. O münaqişənin hər iki tərəfini silahlandırır və bunu qüvvələr balansının saxlanması zərurəti ilə əsaslandırırdı. Bunu etməklə Rusiya hər iki tərəf üzərində təsirini gücləndirirdi”.

Məqalədə deyilir ki, Moskva silahları Azərbaycana bazar qiymətləri, Ermənistana isə güzəştli qiymətlərlə satsa da, Azərbaycan elitası ilə yaxşı münasibətlərə malikdir. Rusiya prezidenti Vladimir Putin Azərbaycandakı avtoritar həmkarı İlham Əliyevə dəstək verir.

Suriya və Liviyada olduğu kimi

Lakin Luxmoore yazır ki, Moskva Ermənistanla daha güclü bağlara malikdir: Ermənistanda Rusiyanın hərbi bazası var və Ermənistan ODKB-nin, Rusiyanın başçılıq etdiyi Avrasiya İttifaqının üzvüdür.

Məqalədə deyilir ki, indi Qarabağda başlanmış döyüşləri Türkiyənin müdaxiləsi alovlandırır. Türkiyə sentyabrın 29-da, lazım gələrsə Azərbaycana birbaşa hərbi dəstək verməyə hazır olduğunu bəyan edib. Moskva Ankaranı münaqişəni qızışdırmaqda ittiham edib.

Yerevanda mənzillənmiş Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Giraqosyan deyir:

"Rusiya və Türkiyə Suriyada və Liviyada olduğu kimi Cənubi Qafqazda da üz-üzə gələcəklər. Bu tarixi rəqabətin qayıdışı deməkdir. İndi gedən döyüşlər Cənubi Qafqazı Türkiyənin prioritetinə çevirir”.

Ankara Bakını ürəkləndirib

Məqalədə qeyd olunur ki, Türkiyənin müdaxiləsi Bakını Moskva ilə danışıqlarda daha sərt mövqe tutmağa ürəkləndirib.

Müəllifin fikrincə avqustun 13-də İlham Əliyev Ermənistana Rusiyadan silah gətirilməsi məsələsini Vladimir Putinlə telefon söhbətində məhz bu səbəbdən kəskin qaldıra bilərdi.

Dağlıq Qarabağda döyüşlər ABŞ-ın başının seçkilərə qarışdığı, Avropanın isə pandemiya ilə çəlləşdiyi bir vaxta təsadüf edib.

Tanınmış politoloq Thomas de Waal bildirir ki, bu qarşıdurma ABŞ-ın artıq regional münaqişələrin söndürülməsində iştirak etməməsinin simptomu kimi qiymətləndirilə bilər.

Məqalədə deyilir ki, Rusiya Suriyada prezident Bəşər əl-Əsədə dəstək verib və ABŞ hərbçilərinin bu ölkəni tərk etməsindən fürsətlənib. Lakin bu, Suriyada Türkiyəni əsas oyunçulardan biri kimi saxlayıb.

“Rusiya sülhməramlısı bir dəfə yerləşsə, daha heç vaxt çıxıb getməyəcək…”

Matthew Luxmoore yazır ki, Moskvanın Qarabağ münaqişəsinə hərbi müdaxiləsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. İndi Moskva həmişə olduğu kimi ya sülhməramlı qismində çıxış etməli, ya da münaqişənin közərməkdə davam etməsini sadəcə seyr etməlidir.

Müəllif qeyd edir ki, mürəkkəb dağlıq ərazidə hərbi əməliyyatların çətinliyi bir yana, Rusiyanın sülhməramlı kimi çıxış etməsi də asan olmayacaq.

Yerli əhali Rusiya hərbiyyəsinin regiondakı mövudluğundan tarixi narahatlığa malikdir.

Giraqosyan deyir:

"Burada yeganə razılaşma nöqtəsi Bakı, Yerevan və Qarabağ arasındadır. Onların hamısı Rusiya sülhməramlılarına qarşıdırlar. Bu tamamilə aydındır, çünki Rusiya sülhməramlısı deyilən bir şey yoxdur. Onlar bir dəfə gəlsələr, heç vaxt çıxıb getməyəcklər”.

XS
SM
MD
LG