Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 14:36

Türkiyəli işadamı Azərbaycanda 72 nəfəri aldatmaqda suçlanır


Bina

Azərbaycanda 72 nəfəri mənzil satışı adıyla aldatmaqda suçlanan Türkiyə vətəndaşı Hikmet Yiğitdöl məhkəmə qarşısına çıxarılıb. «Home Paş Prestij» Mənzil-Tikinti Kooperativinin rəhbəri olan H.Yiğitdöl eyni mənzillərin bir neçə nəfərə satılması, tikintisinə icazə verilməyən binadan mənzil satışı vədiylə pul alıb adamları aldatmaqda suçlanır.

Mənzil almaqdan ötrü pul verib aldadılan şəxslər mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində H.Yiğitdöldən ya pullarının qaytarılması, ya da mənzillərinin təhvil verilməsini tələb ediblər.

Araz Vəlizadə deyir ki, 2014-cü ildə H.Yiğitdölün şirkətinin tikdiyi binadan ev almaq istəyib. O zaman öz evini 115 min dollara satıb, 110 minini yeni mənzil üçün verib: «Bütün danışıqları Hikmetin özü ilə apardım. Demişdi ki, iki aya evi təhvil verəcəklər. Həmin ərəfədə Qabil adlı adamla birlikdə işləyirdilər, o da yanında idi. Dedikləri vaxt bitdi, amma evi təhvil vermədilər, bizi get-gələ saldılar. Öyrəndim ki, eyni evi bir neçə nəfərə satıblar. Sonra da bizə mövcud olmayan bir binadan ev verəcəklərini dedilər. Həmin binanı 16-cı mərtəbədən yuxarı tikməyə icazə verməyiblər. Bunlar isə camaata 21-ci mərtəbədən ev satıblar».

Məhkəmə araşdırması zamanı məlum olub ki, həmin binanın tikintisinə ümumiyyətlə, icazə verilməyib. Səbəb kimi isə inşası nəzərdə tutulan ərazidə - metronun «Xətai» stansiyasının yaxınlığında başqa binalarla sıxlıq yaratması göstərilib.

Zərərçəkən deyir ki, pulu birbaşa H.Yiğitdölün özünə verib, indi də ondan tələb edir: «Mənim pulumu ver».

«O, indi də bina tikir».

H.Yiğitdöl isə A.Vəlizadəyə də, başqa zərərçəkənlərə də pul verməyəcəyini deyir. Bildirir ki, pulları mənimsəyən, vətəndaşları aldadan o yox, keçmiş şəriki Qabil Əliyev olub. Onun sözlərinə görə, «Hom Paş Prestij» MTK binanın iki blokunun tikintisini bitirəndən sonra 2013-cü ildə Q.Əliyevlə tanış olublar: «Onunla bərabər 3-cü blokun tikintisinə başladıq. Aramızda müqavilə bağladıq ki, tikintidən 20 faiz ona pay verməklə, tikinti işlərini Qabil aparsın, lazımi maliyyəni ayırsın. Amma o, mənim Azərbaycanda olmamağımdan istifadə edib, ikinci möhür düzəltdirib.

Təsisçilərin razılığı, təsis protokolu olmadan Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazıb, adımdan saxta imza ataraq 0.73 hektar torpaq sahəsini özünə məxsus «İnter» MMC-nin adına keçirib. Meriyadan 23 oktyabr 2015-ci ildə sərəncam alandan sonra tikintini özünə məxsus «İnter» MMC-nin adından aparmağa başlayıb. Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb. Mən bunu öyrənəndən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Həmin sərəncam məhkəmənin qərarıyla etibarsız sayıldı. Qabil Əliyev məni də aldadaraq xeyli ziyan vurub. O, indi də bina tikir. Evləri təhvil versin».

Məhkəmə araşdırmaları davam edir.

H.Yiğitdöl CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

H.Yiğitdöl həbsdə deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG