Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Mənzil fırıldağı ilə üzləşənlər başlarına gələnləri danışır


Yenitikili
Yenitikili

Son 10 ildə yüzlərlə vətəndaş ev sahibi olmaq istərkən olan-qalanını da itirib. Söhbət tikinti şirkətlərinin fırıldaqlarının qurbanı olanlardan gedir. Bu aqibəti yaşayan daha bir neçə vətəndaş başlarına açılan oyunları martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıblar.

Məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində iki nəfər çıxarılıb – «Real» Mənzil-Tikinti Kooperativinin icraçı direktoru Sahil Cahangirli və şirkətin əməkdaşı olmuş Anar Əşrəfov. Onlara CM-nin 178 (dələduzluq), 320 (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Cinayət işinin materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər saxta müqavilələr tərtib ediblər, eyni mənzili bir neçə nəfərə satıb xeyli adamı aldadıblar.

«Dəyərindən ucuz satılırdı»

Martın 1-də məhkəmədə ittiham aktında yazılanlar elan olunandan sonra S.Cahangirli və A.Əşrəfov özlərini təqsirli bilmədiklərini deyiblər.

***Buna da bax-Sakinlər: 'Qoymayın, deputat evimizi əlimizdən almaq istəyir'

Ardınca «Real» MTK-dan ev almaq istəyərkən pulunu da itirmiş zərərçəkmişlər danışıb.

Nüşabə Rüstəmova deyir ki, əvvəlki evini 83 min manata satıb, «Real»ın tikdiyi binadan yeni mənzil almaq istəyib: «Şirkətin Şahin adlı işçisi ilə Sahilin yanına getdik. Dedim, bu şirkət haqda müəyyən sözlər eşitmişəm, baxın, sonra problem olmasın. Dedilər ki, rəhbərimiz həbsdədir, ona görə daha burada qanunsuz işlər görülmür. Orada 90 min verdim, onun cəmi 50 minini qaytarıblar».

Cinayət işinin materiallarında N.Rüstəmovaya 75 min manat qaytarılması haqda sənəd var. Hakim bunu zərərçəkmişin nəzərinə çatdıranda o deyib ki, oradakı imza ona məxsus deyil: «Ekspertiza keçirib, bunu yoxlaya bilərsiz».

Zərərçəkənlər arasında Dövlət Sərhədi Xidmətinin mayoru Şahin Alıxanov da var. Dediyinə görə, atasından miras qalmış mülkü satıb, «Real» MTK-dan mənzil almaq istəyib. Təqsirləndirilən S.Cahangirlini də internetdən makler vasitəsilə tapıb:

***Buna da bax-'Birinci kim köçdüsə, mənzil onundur'

«Ev dəyərindən ucuz idi – 112 min manata. Səbəbini soruşdum, dedilər ki, satan adamın dayısı binanın tikintisində istifadə olunmuş betonu verib, əvəzi mənzillərlə ödənilib, ona görə ucuz satırlar. Sahildən də bir neçə dəfə soruşdum ki, mənzilin problemi yoxdur? Dedi ki, yox. Bir müddət sonra evi təmir etmək üçün gələndə gördüm qapının açar-kilidi dəyişdirilib».

Zərərçəkən Sevinc Qurbanova isə aldığı mənzilin başqasına da satılmasından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılanda orada xəbər tutub. Deyir, evi özünə qaytarıblar, amma bilmir ki, bir ay sonra başqası çıxıb o mənzilə iddia edəcək, yoxsa yox.

Təmir pulu da əlindən çıxıb

Zərərçəkmiş Tağı Hüseynov söyləyir ki, ev üçün verdiyi 32 min manatdan bir qəpik də qaytarılmayıb.

***Buna da bax-Rusiyalı milyonçu şairi Azərbaycanda kimlər aldadıb

Səbuhi Xəlilovun mənzildən ötrü verdiyi 100 min manat bir yana, üstəlik, təmir üçün aldığı materiallar da əlindən çıxıb: «20 min manat borcum qalmışdı. Şirkətə gedib borcumu ödəyib təmirə başlamaq istəyəndə işi uzatdılar. Evə 5 min manatlıq material alıb qoymuşdum. Qapının açarını sındırıb materialları da aparmışdılar. Puldan da heç nə qaytarmadılar».

«Real» MTK-nın rəhbəri İlham Qasımov təqsirləndirilən şəxslərdən S.Cahangirlinin dayısıdır. İ.Qasımovun özü də rəhbərlik etdiyi şirkətin tikdiyi binalarda eyni mənzilləri bir neçə nəfərə satmaqda, şəriklik etdiyi, Rusiyada yaşayan azərbaycanlı milyonçu-şair Gülağa Qəmbərovun (Tənha) pulunu alıb onu aldatmaqda təqsirləndirilirdi. İttihama görə, İ.Qasımov tikinti biznesində şəriklik adı ilə G.Tənhanın 19.5 milyon dollarını alıb, amma nə vəd olunduğu kimi, binalar üçün torpaq sahəsi alınıb, nə binalar tikilib, nə də pul geri qayıdıb.

İ.Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. O, həm də MTN işi üzrə zərərçəkmişlərdən biri idi. İddia olunur ki, MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov və işçiləri hədə-qorxu ilə İ.Qasımovdan böyük məbləğdə pul alıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG