Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 22:47

Türk politoloq: 'Türkiyə Azərbaycana güclü dəstək ifadə etsə də…'


Türkiyə və Azərbaycan prezidentləri Recep Tayyip Erdogan (solda) və İlham Əliyev
Türkiyə və Azərbaycan prezidentləri Recep Tayyip Erdogan (solda) və İlham Əliyev

ABŞ-ın Politico portalı yazır ki, Azərbaycan və Ermənistan arasında son illərin ən şiddətli döyüşü Rusiya və Türkiyə arasında artmaqda olan rəqabətin daha bir qaynar nöqtəsinə çevrilə bilər.

Müşahidəçilərin fikrincə, bu “dramatik eskalasiya” prezidentlər Vladimir PutinRecep Tayyip Erdoğan arasında kövrək partnyorluq üçün risk təşkil edir.

Məqalədə qeyd olunur ki, Suriyadan Liviyayadək hazırkı münaqişələr, onsuz da bu iki lideri qarşı-qarşıya qoyub və onların Qərbə inamsızlıq üzərində qurulmuş qəliz partnyorluğu üçün daha bir sınağa çevrilib.

Politico yazır ki, Azərbaycan və Ermənistan arasında iyulun ortalarında alovlanmış toqquşmalar zamanı Türkiyə dil və etnik bağlılığı olan Azərbaycanı müdafiə edəcəyi barədə açıq bəyanatlar verib.

Buna cavab olaraq Moskva ötən həftə cənub-qərbi Rusiyada genişmiqyaslı hərbi təlimlərə başlayıb, hərçənd Rusiya Müdafiə Nazirliyi bu manevrlərin Azərbaycan-Ermənistan toqquşması ilə bağlı olduğunu inkar edib.

Rusiya tərəfləri atəşin dərhal dayandırılmasına çağırıb və vasitəçiliyini təklif edib.

Birləşmiş Ştatlar da vəziyyətin eskalasiyasından narahatlığını ifadə edib.

Türkiyə başa düşür ki…

Politico yazır ki, əvvəlki doyüşlərdən fərqli olaraq son qarşıdurma Dağlıq Qarabağdan 300 kilometr aralıda, iki ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədində və Türkiyə ərazisi ilə beynəlxalq bazarlara gedən qaz boru kəmərlərinin və dəmir yolunun yaxınlığında baş verib.

Məqalədə deyilir ki, məhz bu səbəbdən Türkiyə prezidenti Erdoğan üstüörtülü şəkildə Rusiyanın bu qarşıdurmadakı mümkün rolunu tənqid edərkən bu hücum “Ermənistanın çapından daha böyükdür” deyib.

Almaniya Marshall Fondunun Türkiyə direktoru Özgür Ünlühisarcıklı bunu belə izah edib:

“Bu münaqişə Rusiyanın nüfuz dairəsindədir və Ermənistanla Azərbaycanın arasındakı münaqişə Rusiyanın cizgilədiyi perimetrlərin içində gedir. Türkiyə son toqquşmalara Rusiyanın mesajı kimi baxır, amma başa düşür ki, burada hətta təmsilçi qüvvələr vasitəsilə də Rusiya ilə qarşıdurmaya girmək təhlükəlidir. Türkiyənin Azərbaycana güclü dəstək ifadə etməsinə baxmayaraq, o heç vaxt birbaşa müdaxiləni nəzərdən keçirməyib”.

"Qəliz" partnyorluq: Recep Tayyip Erdoğan (sağda) və Vladimir Putin
"Qəliz" partnyorluq: Recep Tayyip Erdoğan (sağda) və Vladimir Putin

Politico yazır ki, Ermənistandan daha varlı və hərbi baxımdan daha güclü olan Azərbaycan münaqişənin eskalasiyasından illərdir ona görə çəkinib ki, Rusiyanın Ermənistana üstüörtülü dəstək verdiyini, Ermənistanda onun hərbi bazasının olduğunu bilir.

Məqalədə deyilir ki, Azərbaycan hazırda Moskva ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində işləyir və onun Dağlıq Qarabağ münaqişəsini Qərbdən fərqli olaraq çözəcəyinə ümid bağlayır.

Bəzi ekspertlərin fikrincə, Qafqazda zorakılığın yüksəlişi başqa münaqişə zonalarındakı müttəfiqlik münasibətlərinin dəyişməsi ilə bağlıdır.

Türkiyə parlamentindəki 4 siyasi partiya Ermənistanı pisləyən birgə bəyənat veriblər
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Rusiya Türkiyəyə Suriya və Liviyanın mesajını Qafqazda verdi

Erdoğan ötən ay bildirmişdi ki, Türkiyə ABŞ-la münasibətlərin yeni fəslini aça bilər. Bu ondan irəli gəlir ki, Vaşinqton və Ankaranın maraqları həm Suriya, həm də Liviyada üst-üstə düşür.

Politico yazır ki, hadisələrin bu cür dönüşü Moskvanı qane etmir. Suriyada prezident Bashar al-Assadı dəstəkləyən Rusiya Türkiyə ilə İdlibdə birbaşa toqquşmadan yan keçmək məqsədilə bir neçə atəşkəs sazişi imzalayıb.

Liviyada rusiyalı muzdlu əsgərlər Birləşmiş Ərəb Əmirlikləri və Fransa ilə yanaşı qiyamçı general Khalifa Haftara dəstək verirlər. Türkiyə ötən yanvarda münaqişəyə hərbi müdaxilə edərək qüvvələr balansını Haftara rəqib olan Tripoli hökumətinin xeyrinə dəyişə bilib.

Özgür Ünlühisarcıklı bildirir ki, hətta belə şəraitdə Moskva və Ankara arasında incə konsensus var:

“Türkiyə və Rusiya arasındakı rəqabətli əməkdaşlığın əsas dinamikası hər iki ölkənin Qərb tərəfindən sayılmamasındadır. Amma Türkiyə Birləşmiş Ştatlarla əməkdaşlıq etdikcə onun Rusiya ilə əməkdaşlığı aşınır. Rusiya bu dəfə buna Qafqazda reaksiya verdi”.

Türkiyə-Azərbaycan alyansı Ermənistan hökumətini çətin duruma salır

Politico yazır ki, Türkiyənin Qafqaza yönəlik qeyri-adi güclü ritorikası Erdoğanın getdikcə davakarlaşan xarici siyasətindən irəli gəlir. O Türkiyəni bütün regionda geosiyasi qüvvəyə transformasiya etmək istəyir.

Buna baxmayaraq, Yerevanda mənzillənmiş Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosian-ın sözlərinə görə, Türkiyənin özünü bu münaqişəyə qoşmaq cəhdi əks-nəticə verə bilər. Onun bildirir ki, Türkiyənin Azərbaycanın tərəfini saxlaması Ermənistanda 2018-ci ildə xalq üsyanı nətcəsində hakimiyyətə gələn və Moskvadan aralanmağa can atan gənc hökuməti təkrar Rusiyanın qucağına ata bilər:

“Türkiyənin Azərbaycanla hərbi alyansının təhlükəsi ondadır ki, bu, Ermənistanı yenidən Rusiyadan ifrat asılı vəziyyətə gətirər. Bu habelə Rusiyaya Ermənistan-Azərbaycan münaqişəsinə sülhməramlı qüvvə yerləşdirmək fürsəti verə bilər. Halbuki, həm Ermənistan, həm Azərbaycan və həm də Türkiyə Rusiya qüvvələrinin bu bölgədə olmasına qarşıdırlar”.

Türkiyə Ermənistanla diplomatik münasibətləri 1993-cü ildə Dağlıq Qarabağ müharibəsinə etiraz olaraq pozub və sərhədini bağlayıb. Erdoğan 2010-cu ildə ABŞ-ın təşəbbüsü ilə aparılan Ermənistan-Türkiyə yaxınlaşmasından Azərbaycanın təzyiqi altında geri çəkilib.

Giragosian deyir ki, Ermənistanla münasibətlərinin normallaşması Türkiyənin Cənubi Qafqazdakı mövqeyini gücləndirərdi, lakin bu bölgədə düşmənçiliyin artması bunu daha çox əlçatmaz edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG