Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Türkiyə, Azərbaycan və Tacikistan ATƏT təyinatlarını necə ‘iflic’ etdilər


Harlem Desir
Harlem Desir

ATƏT-in birdən-birə iki aparıcı rəsmisi, mandatlarına Tacikistan tərəfindən blok qoyulduqdan sonra vəzifəsiz qalıb.

AzadlıqRadiosunun müxbiri Bruce Pannier yazır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları (DTIH) ofisinin rəhbəri xanım Ingibjorg Solrun Gisladottir və həmin qurumun media azadlığı üzrə nümayəndəsi Harlem Desirin səlahiyyət müddətləri iyulun 19-da başa çatıb.

Onların hər ikisi ikinci üçillik müddətə nominasiya edilmişdilər, lakin hər iki halda Tacikistanın nümayəndə heyəti nominasiyaların bloklanmasına kömək edib.

Tacikistan hakimiyyəti Avropanın bu iki rəsmisinin tənqidlərindən narazıdır.

DTIH və media azadlığı üzrə nümayəndəlik ATƏT-ə üzv olan 57 ölkənin insan haqları üzrə öhdəliklərinə necə əməl etmələrini monitorinq edir və Tacikistan bu qurum tərəfindən tənqidə məruz qalan yeganə ölkə deyil.

Türkiyənin Fethullah Gülen dərdi

Xanım Gisladottirin mandatının uzadılmasının bloklanmasında Türkiyə də Tacikistana qoşulub.

Hər iki ölkənin verdiyi diplomatik notada deyilir ki, DTIH “kriminal qruplaşmaların nümayəndələrini və terrorçu aktlar törətmiş adamları” ATƏT-in illik İnsan Dəyərlərinin Tətbiqi İclaslarında iştirak üçün qeydiyyatdan keçirib.

Türkiyə bu mövzuda keçirilən 2017-ci il görüşünü nümayişkəranə şəkildə tərk etmişdi. Səbəb bu görüşdə Nyu Yorkda mənzillənmiş Jurnalist və Yazıçılar Fondunun nümayəndələrinin iştirak etməsi idi.

Türkiyə ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenlə iddia olunan əlaqəsinə görə bu fondu “terrorçu təşkilat” elan edib.

Bu səbəbdən də Ankara 2018-ci ildə keçirilən görüşü boykot etmişdi.

Tacikistan nümayəndə heyəti 2016-cı ilin eyni tədbirini başqa səbəblə tərk etmişdi.

Tacik nümayəndələr həmin görüşdə Tacikistan İslam Partiyası (TİP) təmsilçilərinin iştirakına etiraz edirdilər. Buna görə də Tacikistan nümayəndə heyəti 2017-ci il görüşündə də iştirak etmirdi.

Tacikistanın daxili hakimiyyət problemi

Tacikistan hökuməti mötədil müxalifət sayılan və yeri gəlmişkən, əvvəllər hökumət koalisiyasının üzvü olan TİP-i 2015-ci ildə qiyam cəhdində ittiham etmişdi.

Bu ittihamın əsaslandırılması üçün ciddi dəlillər təqdim olunmamışdı.

Tacikistan hökuməti bu iddialardan istifadə etməklə və məhkəmə yolu ilə ölkənin ikinci böyük siyasi partiyasını qadağan etdirmişdi.

Bunun ardınca TİP-ın bir çox liderləri həbs olunmuşdular və onların əksəriyyəti bugünədək həbsxanada qalır.

Tacikistan hakimiyyəti hələ də tutarlı dəlillər göstərmədən TİP-i terrorçu qruplaşmalarla əlaqədə ittiham edir.

Burası da var ki, TİP 2000-ci ildən 2015-ci ilədək keçirilmiş bütün parlament seçkilərində qalib gəlmişdi.

2015-ci ildə nəhayət hakim partiya seçkini udmuşdu. Lakin o vaxt DTIH müşahidəçiləri bildirmişdilər ki, seçkilər kobud şəkildə saxtlaşdırılıb.

DTIH-in Tacikistanın 2020-ci ildə keçirilən son parlament seçkisinə aid yekun hesabatında deyilirdi ki, TİP-in bu seçkidə artıq iştirak etməməsinə baxmayaraq seçkidə yenə də çoxsaylı pozuntulara yol verilib.

Hesabatda plüralist debatların olmamasından, təməl siyasi azadlıqların pozulmasından və həqiqi müxalifətin siyasi landşaftdan çıxarılmandan bəhs olunurdu.

Azərbaycan hökuməti “ifrat tənqiddən” narazıdır

Media azadlıqları üzrə ATƏT nümayəndəsi Desirin mandatının uzadılmasına isə Azərbaycan nümayəndə heyəti veto qoyub.

Bakı Desiri “Azərbaycanda ifadə azadlığının vəziyyəti barədə aşırı tənqid” səsləndirməkdə ittiham edir.

Tacikistanın da Desirə iradları buna bənzər idi. Desir bu yaxınlarda Twitter hesabından Tacikistanı müstəqil mediaya qarşı hücumlara görə tənqid etmişdi.

Desir xüsusilə də Akhbor.com xəbər saytının bloklanmasını pisləmişdi.

O bir neçə həftə bundan əvvəl isə Asia-Plus agentliyinin jurnalisti Abdullo Ghurbati-yə fiziki hücumu pisləmiş və hakimiyyəti ona hücum edənləri tapıb cəzalandırmağa çağırmışdı.

Ata Emomali Rahmon (solda) və oğul Rustami Emomali
Ata Emomali Rahmon (solda) və oğul Rustami Emomali

Tacikistan seçkisinin yeganə sualı: ata prezident olacaq, yoxsa oğlu?

AzadlıqRadiosunun müxbiri yazır ki, 28-dək beynəlxalq media və jurnalist təşkilatı Azərbaycanın və Tacikistanın Desirin təyinatını bloklamasını pisləyən bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“Biz mandatın təzələnməsi üçün bütün ATƏT üzvləri arasında konsensusun olması prinsipinə hörmətlə yanaşırıq, amma biz anlayırıq ki, Azərbaycanın və Tacikistanın məqsədi mühüm sahə üzrə nəzarətçi mandatın zəiflədilməsidir”.

Bəyanatda bu da xatırladılır ki, Desirin təkrar təyinatına “mətbuat azadlığına görə bütün dünyada ən pis göstəricilərə malik iki ölkə blok qoyub”.

Bu bəyanatı BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçiasi David Kaye və insan haqları üzrə fransalı məruzəçi Agnes Callamard da dəstəkləyiblər.

Bəyanatın daha bir maddəsində deyilir ki, “Desirin mandatının jurnalistlərin müdafiəsində və mətbuat azadlığında faciəvi tarixçəsi olan iki ölkə tərəfindən bloklanması belə ölkələrə beynəlxalq arenada meydan verilməsinin məqsədəuyğun olub-olmaması məsələsini gündəmə gətirir”.

Tacikistan daha bir prezident seçkisinə hazırlaşır. Bu seçkinin nəticəsində məlum olmayan bir cəhət var: uzun müddətdir ki, prezidentlik edən Emomali Rahmonun özü beşinci müddətə namizədliyini verəcək, yoxsa bu vəzifəyə böyük oğlu Rustam Emomalini gətirəcək?

Bu seçkinin həm DTIH, həm də media azadlığı ofisi tərəfindən sərt tənqid olunacağı indidən şübhə doğurmur.

Tacikistanın Pirr qələbəsi

AzadlıqRadiosunun müxbiri yazır ki, Gisladottir və Desirin təkrar təyinatının əngəlləməsinin bünövrəsi hələ üç il bundan əvvəl qoyulmuşdu.

O vaxt Azərbaycan, Türkiyə və Tacikistanın davranışlarına görə ATƏT üzvü olan Fransa, Kanada, Norveç, İslandiya, Ermənistan və başqa ölkələr ATƏT-in ovaxtkı baş katibi Thimas Gremingerin və milli azlıqlar üzrə baş komissar Lamberto Zannierin mandatlarının uzadılmasını bloklamışdılar. Buna görə də o vaxt ATƏT sədri olan Avstriyanın təşəbbüsü ilə “paket razılaşma” qəbul edilmişdi.

İndi bu paket razılaşmaya görə ATƏT-də 57 üzv ölkənin hamısının razılığını tələb edən dörd təyinat var.

Pannier yazır ki, bütün hallarda Tacikistanın bu bloklamadakı uğurunu Pirr qələbəsi hesab etmək oalr.

Müəllifin firkincə, DTIH-in və media azadlıqları ofisinin yeni başçıları da Tacikistan hakimiyyətinin tənqidinin davam etdirilməsində öhdəlikli olacaqlar. Daha doğrusu bunu onların vəzifələri tələb edir.

Tacikistana gəldikdə isə, onun onsuz da çətinliklər içində olan iqtisadiyyatı koronavirus pandemiyasına görə daha bərbad vəziyyətə gələndə, Düşənbənin yardım üçün ağız açacağı təsisatların sayı bir az da azalmış olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG