Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:01

'Sürüşmə zonasında köçkün: 'Əgər kompensasiya verilirsə, hər kəsə verilsin''-media icmalı


Bakı, sürüçmə ərazisi olan Bayıl yamacı, 25 yanvar 2018
Bakı, sürüçmə ərazisi olan Bayıl yamacı, 25 yanvar 2018

Təhsil sistemində təqaüdlərin artırılması, Bayıl yamacında sürüşmə zonasında yaşayan ailələrin şikayətləri, son illər boşanmaların artmasının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Sürüşmə zonasında köçkünlərin narazılığı

“Yeni Müsavat” qəzeti-ndə “Bayılda köçkün ailləri aksiya keçirdilər: “evimizi tərk etmirik”” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Bayıl yamacındakı sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi aksiya keçiriblər. Müəllifin qeyd etməsinə görə, buna səbəb isə ötən həftə onlara Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakının Qobu kəndində ev veriləcəyini söyləməsi olub. Bu məlumatın həmin ailələrdə narazılıq yaratdığı bildirilir.

Müəllif xatırladıb ki, “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb.

Yazıda sakinlərə istinadən qeyd edilir ki, verilən kirayə pulu az olduğundan Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər. Sakinlərin vurğuılamalarına görə, bəziləri ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Kirayə pulunun məbləğinə gəlincə, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat verildiyi deyilir.

Müəllif yazıb ki, həmin ərazidə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. 2019-cu ilin yanvar ayından isə kirayə pullarının verilməsinin də saxlandığı bildirilir.

Yazıda habelə qeyd edildiyinə görə, ötən həftə isə Səbail Rayon İcra Hakimiyyətindən sakinlərə bildiriblər ki, mart ayından etibarən onlara 6 aylıq kirayə pulu veriləcək. Müəllifin yazmasına görə, İcra Hakimiyyətindən o da qeyd edilib ki, onların evlərindən tam köçürülməsi planlaşdırılır.

Zəngilan rayonundan olan məcburi köçkün Zəhra Muradova qəzetə bildirib ki, evlərini bu şərtlərlə tərk etməyəcəklər:

“... Burada da ev tikən zaman dövlətdən bir kisə sement də almamışıq. Sənin mənə köməyin yoxdursa, evimi nə üçün dağıdırsan?... Əgər kompensasiya verilirsə, hər kəsə verilsin. Yoxsa ayrılmasın ki, filan ailələr məcburi köçkün ailələridir, onları Qobuya göndərək, məcburi köçkünlər üçün tikilən binadan ev alsınlar. Köçürürlərsə, bazar qiyməti ilə camaatın kompensasiyasını versin”.

Boşanmalar artır

arxiv foto
arxiv foto

“Modern.az” saytı-nda “Deputat boşanmaların artmasından narahatdır: “Ev, mülk, maşın önə keçir”” sərlövhəli yazı yer alır.Yazıda bildirilir ki, fevralın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Müəllifin qeyd etməsinə görə, deputat Dilarə Cəbrayılova tədbirdə mövzunu belə dəyərləndirib:

“Ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də problemlər mövcuddur. Belə ki, erkən nikahlar, nikahdankənar evlilik sosial problem kimi bu gün aktual məsələyə çevrilib”.

D.Cəbraylova 2018-ci ildə Azərbaycanda 13 651 boşanma halı olduğunu deyib ( Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son illər ölkdə boşanmalar artıb.A.R). Deputat bildirib ki, əvvəllər ailələrdə boşanma hallarının əsas səbəbi kimi sonsuzluq göstərilirdi, indi “səbəb”lər çoxalıb:

“Ancaq təəssüflər olsun ki, indi uşaqlı ailələrdə də boşanma halları var. Son vaxtlar ailə dağılmasında ev, mülk, maşın daha çox üstünlük təşkil edir...”.

D. Cəbrayılova daha sonra bunları əlavə edib:

“Tərəflərin bir-birini yaxşı tanımaması, məcburi evlilik, erkən nikahlar, məişət zorakılığı, ailə qurmazdan əvvəl düşünməmək, kənar müdaxilələr, qayınananın, qayınatanın ailənin işlərinə qarışması, maddiyatın əsas götürülməsi, nikah müqavilələrinin bağlanmaması münaqişələrə gətirir və axırda da boşanmaya səbəb olur”.

“Təhsilə dövlət qayğısı”

İlham Əliyev
İlham Əliyev

“Azərbaycan” qəzeti-ndə isə “Ölkəmizin sabahına prezident qayğısı” sərlövhəli yazı dərc edilib. Yazıda tələbələrin təqaüdlərinin təqribən 20 faizə yaxın artırılması ilə bağlı dövlət başçısının son sərəncamları dəyərləndrilib.

Müəllif yazıb ki, ölkədə təhsilin stimullaşdırılması dövlət siyasətidir:

“Ölkəmizin prezidenti İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi həyata keçirilən siyasətin konkret təzahürləridir”.

Yazıda vurğulanır ki, prezident sərəncamı təhsilin bütün pillələri və səviyyələrini əhatə edir.

Müəllif habelə yazıb ki, bu il martın 1-dən təqaüd alan tələbələrin də sayının 16 min artırılması nəzrdə tutulur. Yazıda qeyd edilir ki, hazırda ölkədə təqaüd alan tələblər ümumi tələbələrin 30 faizi civarındadır. Müəllif vurğulayıb ki, gələcəkdə də təqaüd alan tələblərin sayının artırılması nəzərdə tutulur. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin yazdığı yazının sonunda da oxuyuruuq:

“Bütün bunlar həm də tələbələrin üzərinə böyük vəzifələr qoyur. İnanırıq ki, tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidlərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevrilmək üçün var qüvvə ilə çalışacaqlar”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG