Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:33

6 milyon suriyalı uşağın dərdi


►"Onlar itirilmiş nəslin nümayəndələridir"

Siba Alaradinin 26 yaşı var. Suriya qaçqınlarındandır. İstanbulda qaçqın uşaqların həyatını dəyişmək üçün mübarizə aparır.

O, İstanbulun qədim hissəsində, dar küçələrin birində yerləşən "Small Projects Istanbul" adlı qeyri-hökumət təşkilatında suriyalı uşaqların türkcə öyrənməsinə kömək edir. Sinifdə iki müəllimdirlər. Biri uşaqlarla ancaq türkcə danışır. Siba isə türk dilini başa düşməyənlərə yardım edir.

Uşaqlar isə Sibanın əlindən tutmaq, diqqətini cəlb etmək, ona sual vermək üçün yarışırlar. Keçən həftə birlikdə İstanbulda Suriya qaçqınlarından birinin açdığı kitab mağazasına gediblər. Avtobusda birlikdə mahnı oxuyublar, kitab mağazasında yeni nağıllar dinləyib, yeni qəhrəmanlarla tanış olublar. Sonra yenə öz siniflərinə qayıdıblar.

Türkiyədə yüzminlərlə məktəbyaşlı suriyalı uşaq var. Human Rights Watch təşkilatının keçən aykı hesabatına görə, Türkiyədə 400 mindən çox məktəbyaşlı uşaq məktəbə getmir.

BMT suriyalı uşaqların “itirilmiş nəsil riski ilə qarşı- qarşıya olduğunu bildirir. Suriyadakı müharibə 6 milyondan artıq uşağın həyatında acı iz qoyub. Siba cüzi sayda olsa da, həmin uşaqlardan bir qisminin həyatını dəyişməyə çalışır.

Siba Dəməşq Universitetinin inşaat mühəndisliyi fakültəsini bitirib. Elə universiteti təzə bitiribmiş ki, İstanbula gəlib düşüb. İstanbula 2013-cü ildə ailəsi ilə gəlib. İlk 8 ay heç nə ilə məşğul olmayıb. Sonra könüllü olaraq bura suriyalı uşaqların həyatını dəyişməyə gəlib.

Buna da bax: Rəsulzadəyə "xain" deyən depuatatın məsələsinə baxılacaq

“Bu uşaqlar mənim üçün Suriya deməkdir”

Siba deyir ki, ilk vaxtlar İstanbulda onun üçün çox çətin keçib. Heç bir rəfiqəsi, tanışı belə yoxmuş. Bura gələndən sonra özünə çoxlu rəfiqələr, dostlar tapıb. Uşaqlarla münasibəti haqqında isə bunları deyir:

“Ümid edirəm ki, onların həyatını dəyişdirə biləcəyik. Onlar itirilmiş nəslin nümayəndələridir. İndi ən vacib şey onların təhsilidir. Onlar mənim üçün Suriya deməkdir”.

Siba deyir ki, uşaqların türk dilini öyrənmələri yeni həyatlarında onlara çox kömək edəcək:

“Çünki istəsək də, istəməsək də, burda yaşayırıq. Türk dilini öyrənməklə cəmiyyətə daxil ola bilərik. ”

Siba Suriyanın gələcəyinə ümidlə baxmır. Ancaq suriyalı uşaqların keçmişi unudub yaralarını sağaldacaqlarına, yeni bir gələcək qura biləcəklərinə ürəkdən inanır.

Həmçinin bax: Dünya Qaçqınlar Günü: Azərbaycan qaçqınlarının həyatı fotolarda​

XS
SM
MD
LG