Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Suriyada son zamanlar nə baş verir?


Suriyanın Deir Ezzor vilayətində vuruşmalarda yaralanmış Assad tərəfdarları, 8fev2018
Suriyanın Deir Ezzor vilayətində vuruşmalarda yaralanmış Assad tərəfdarları, 8fev2018

Suriya ərazisi üzərində fevralın əvvəlindən başlamış aviasiya savaşı qeyri-adi gərginlik həddinə çatıb. Mürəkkəb Suriya münaqişəsinin, demək olar, bütün xarici iştirakçıları istər havada, istərsə yerdə ciddi itki verməyə başlayıb.

Nə baş verir? Eyni zamanda ABŞ, Rusiya, İsrail, Türkiyə, İran və Bashar Al-Assad hava qüvvələrinə qarşı aviahücum və bombardmanlar nəyi göstərir? Bəlkə Suriyadakı savaş yeni, daha təhlükəli mərhələyə qədəm qoyur?

Fevralın 3-də Suriyanın İdlib əyalətində Rusiyanın Su-25 təyyarəsi vurulub. Pilot Roman Filipov katapult etsə də, yerdə sürən qısa döyüşdən sonra özünü qumbara ilə partladıb.

Buna da bax: Həyat yoldaşını Suriyada itirən qadının dedikləri

“Vaqner qrupu”

Fevralın 8-də ABŞ-ın başçılıq etdiyi koalisiyanın aviasiyası Fərat yaxınlığındakı Deyr-az-Zor əyalətində Al-Assad-in 500 nəfərlik silahlı dəstəsinə zərbə endirib. Bu hücum zamanı Rusiyanın "ÇVK Vaqnera" hərbi şirkətinin azı 4 muzdlusu qətlə yetirilib (Rusiya mediasında, adətən, “частная военная компания Вагнера», qısaca “ЧВК Вагнера”, yəni “Vaqnerin özəl hərbi kompaniyası” adlanan qrup. Bu qrup 2014-2018-ci illərdə Ukraynada, ardınca Suriyada fəaliyyət göstərib – red.) Bu rayonda "Druqaya Rossiya" müxalif hərəkatının keçmiş koordinatoru Sergei Ananievin də həlak olduğu bildirilir.

"İŞİD ovçusu" Moskva metrosunda bir nəfərin qolunda emblem
"İŞİD ovçusu" Moskva metrosunda bir nəfərin qolunda emblem

Fevralın 10-da Suriyanın şimal-qərbindəki Afrin bölgəsində - Ankaranın "Zeytun budağı" əməliyyatını davam etdirdiyi zolaqda kürd üsyançılar bir türk helikopterini vurub, pilot və şturman həlak olub.

“Ən qəddar dövr”

Fevralın 10-da İran ordusunun dronu İsrail ərazisinə daxil olandan sonra İsrailin hərbi hava qüvvələri Suriyadakı Assad və İran obyektlərinə şiddətli zərbələr endirib. Nəticədə, məsələn, məşhur Tiyas (T-4) hava bazası və hökumət ordusunun Dəməşq ətrafındakı bütün hava hücumundan müdafiə (HHM) sistemi dağıdılıb. Bu əməliyyat zamanı Suriyanın hava hücumundan müdafiə sistemi İsrailin bir təyyarəsini vurub. Təyyarə sonradan İsrail ərazisində yerə düşüb. Pilotlar katapult edə biliblər. Bundan sonra İsrail ordusu Suriya hərbi obyektlərinə yeni zərbələr endirib.

Buna da bax: Mattis deyir, rusiyalı əsgərlərin ölməsi haqda ona bir söz deyilməyib - YENİLƏNİB

BMT-nin fevralın 11-də dərc edilən yeni hesabatında deyilir ki, fevralın əvvəlindən bəri Suriyadakı hava zərbələrindən toplam mindən çox dinc sakin həyatını itirib. Son bir həftə ərzində isə bombardmanlar 300-dən çox adamın həyatına son qoyub. BMT İnsan Haqları Şurasının hesabatında deyilir ki, bu, 7 illik Suriya müharibəsi ərzində ən qəddar dövrlərdən biridir.

“Rusları təhlükə altında qoymamağa səy göstəririk”

“ABŞ Suriya hökuməti ilə münaqişəyə can atmasa da, özünümüdafiə hüququna malikdir”. Fevralın 8-də ABŞ Müdafiə Departamentinin nümayəndəsi Dana White belə deyib və vurğulayıb ki, mühasirədə qalan bölgələrə humanitar yardımın çatdırılması üçün BMT-nin biraylıq barışıq təklifini dəstəkləyir. Pentaqon iddia edir ki, onun Dar-əz-Zor əyalətində, Haşşam yaşayış məntəqəsi yaxınlığında gerçəkləşdirdiyi hava zərbəsi “Suriya Demokratik Qüvvələri”nin (SDQ-nin) qərargahına hücumlara cavabdır. Həmin vaxt qərargahda amerikalı hərbi məsləhətçilər olub. Avropa səfərinə başlayan Pentaqon rəhbəri James Mattis bununla bağlı belə deyib: "Ruslar bizə dedilər ki, lap əvvəldən onların qüvvələri orada olmayıb. Rejim qüvvələrinin orada nə etməsi haqda tam anlayışımız yoxdur. Ancaq atışma başlayanda Rusiya tərəfi məlumatlandırılmışdı. Bildiyiniz kimi, biz rusları təhlükə altında qoymamağa səy göstəririk".

Buna da bax: Türkiyə hərbi təyyarələri kürd hədəfləri vurur

Pentaqon şefi James Mattis
Pentaqon şefi James Mattis

Daha öncə - ötən həftənin cümə axşamı günü CBS telekanalı iddia etmişdi ki, Haşşamdakı SDQ qərargahına hücum edən Suriya hökumət qüvvələrinin tərkibində “Vaqner qrupu”nun muzdluları da olub.

“Qəsdli olmayan hərbi toqquşma riski”

ABŞ Müdafiə Departamenti özünün Konqresə ünvanladığı hesabatında da bildirir ki, Rusiyanın Suriyada hərbi iştirakı ABŞ-ın radikal cihad qruplarına qarşı əməliyyatlarını çətinləşdirir. Hesabatda deyilir ki, Rusiya təyyarələri havada Amerika təyyarələrinin yanında "təhlükəli manevrlər" edərək, "qəsdli olmayan hərbi toqquşma riski yaradır" və Suriyada savaşın, demək olar, sona çatdığını bildirən Kreml “orada hərbi iştirakını gücləndirməyə davam edir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG