Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:42

Mattis deyir, rusiyalı əsgərlərin ölməsi haqda ona bir söz deyilməyib - YENİLƏNİB


Rusiya hərbi karvanı Deyr əz-Zor regionunda (Foto arxivdəndir)
Rusiya hərbi karvanı Deyr əz-Zor regionunda (Foto arxivdəndir)

Kremlin sözçüsü bu gün – fevralın 14-də deyib ki, Suriyada rusiyalıların olduğunu istisna etmir, amma onların Rusiya silahlı qüvvələrinə bağlılığı yoxdur.

Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, Suriyada hər hansı itkiylə bağlı məlumata malik deyil.

***

ABŞ-ın müdafiə naziri Jim Mattis deyir ki, ölkəsinin Suriyaya hava zərbələrindən çoxsaylı Rusiya muzdlu əsgərlərinin həlak olması haqda ona heç nə deyilməyib, amma bu xəbərləri mediada görüb.

Pentaqonun daha öncə yaydığı informasiyaya görə, ötən həftə Deyr əz-Zora hava zərbələri ABŞ və Suriya müxalifət qüvvələrinin bazasına hücum edən hökumət qüvvələrini hədəfə alıb, 100-dək silahlı öldürülüb.

“MƏNDƏ İNFORMASİYA YOXDUR”

Ölənlər arasında rusiyalıların, Rusiya Federasiyası əsgərlərinin, yaxud Rusiya muzdlularının olması barədə məndə informasiya yoxdur. Bu haqda sizə heç nə deyə bilmərəm. Mərkəzi Komandanlıq, yaxud Pentaqonda bu barədə mənə bir söz deyilməyib”, – Mattis vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin-in sözçüsü də fevralın 7-də baş vermiş insidentdə rusiyalıların ölümü barədə məlumatı olmadığını deyib. Amma xəbər mənbələri, açıq mənbələrlə işləyən tədqiqatçılar, Rusiya muzdlu əsgərlərinin qohumları və həmkarları həmin döyüşdə onlarla rusiyalının həlak olmasından danışırlar.

Mattis-in bilgisiz olmasıyla bağlı sözlərinə baxmayaraq, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mike Pompeo deyib ki, ABŞ kəşfiyyat mənbələrinin hücumda rusiyalı muzdluların iştırakına dair informasiyası ola bilər.

Kəşfiyyat nöqteyi-nəzərindən, bir çox hallarda xarici qüvvələrin döyüşlərdə muzdlulardan istifadə etməsinin şahidi olmuşuq”, – Pompeo fevralın 13-də senatın kəşfiyyat komitəsinin iclasında söyləyib.

Daha öncə Pentaqon ölən əsgərlərin milliyyətini açıqlamaqdan imtina edib.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü, general leytenant Jeffrey Harrigian bildirib ki, “vahid düşmənə qarşıyıq: İŞİD-ə. Başqa heç kəslə savaşmaq istəmirik, amma nazir Mattis-in keçən həftə dediyi kimi: bizi hədələsəniz, bu sizin ən uzun və ən pis gününüz olacaq”.

***

Ötən həftə Suriyada ABŞ-ın hava zərbələri nəticəsində böyük sayda Rusiya muzdlularının öldürülməsi barədə media xəbərlərinin yayılmasının ardınca Rusiya prezidenti Vladimir Putinin sözçüsü Kremlin “belə bir informasiyaya malik olmadığını” deyib.

Adları çəkilməyən ABŞ rəsmisi və üç rusiyalıya istinad edən Bloomberg saytı fevralın 13-də bildirib ki, “ABŞ qüvvələri Suriyada fevralın 7-də baş vermiş insident zamanı Rusiyanın çox sayda müqaviləli əsgərini öldürüb”.

Bloomberg özünün iki rus mənbəyinə istinadən yazıb ki, Deyr əz-Zor regionunda ABŞ və ABŞ-ın dəstəklədiyi qüvvələrin nəzarətindəki bazaya və neftayırma qurğusuna uğursuz hücum zamanı əksəriyyəti ruslyalılar olmaqla 200-dən çox muzdlu əsgər öldürülüb.

Bloomberg adı çəkilməyən Rusiya “muzdlu komandirinə” istinadən yazır ki, ölü sayının artacağı gözlənilir, beləki onun komandası altında olmuş onlarca döyüşçü hazırda Moskva və Sankt Peterburqun xəstəxanalarında müalicə olunur.

Bloomberg son günlərdə bu insident barədə yazan yeganə media deyil və əgər xəbərlər doğrularsa, bu, ABŞ-ın hava zərbələri nəticəsində Rusiya vətəndaşlarının öldürüldüyü ilk hadisə sayılacaq.

ABŞ hərbiyyəsi ötən həftə xəbər vermişdi ki, Deyr əz-Zor regionunda ABŞ hərbi müşavirlərinin müşayiət etdiyi Suriya müxalifəti qüvvələri üzərinə Suriya hökuməti tərəfindən dəstəklənən 500 nəfərlik əsgəri qüvvənin əlaqələndirilmiş hücum cəhdi olub.

ABŞ hərbiyyəsinin sözçüsü Thomas Veale Bloomberg-ə deyib ki, bu insidentin gedişi zamanı koalisiya qüvvələri ilə Rusiya hərbçiləri arasında “müntəzəm kommunikasiya” olub.

O deyib ki, Rusiya rəsmiləri yaxınlıqldakı koalisiya qüvvələrinə hücum edilməyəcəyini bildiriblər.

Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, onun əsgərlərindən heç biri həmin ərazidə olmayıb, orada olan Suriya hökumət hərbçiləri isə öz hərəkətlərini Rusiya hərbçiləri ilə koordinasiya etməyiblər.

Lakin bu bəyanatlara baxmayaraq, Rusiyanın muzdlu əsgərlərinin şərqi Ukrayna və Suriyada müqavilə əsasında döyüşdüyünə dair çoxsaylı faktlar mövcuddur. CBS News adı çəkilməyən Pentaqon rəsmisinə istinadən fevralın 8-də bildirib ki, bu insident zamanı Rusiya muzdluları həlak olub.

Suriyadakı ABŞ əsgərləri Türkiyə sərhədi yaxınlığında (Foto arxivdəndir)
Suriyadakı ABŞ əsgərləri Türkiyə sərhədi yaxınlığında (Foto arxivdəndir)

Bloomberg-in istinad etdiyi ABŞ rəsmisi isə sözü gedən insident zamanı 100 nəfərin öldürüldüyünü və 200-300 nəfərin yaralandığını bildirib.

Moskvada mənzillənmiş “Conflict Intelligence Team” adlı münaqişə monitorinqi qrupu fevralın 12-də insident zamanı həlak olmuş üç nəfərin adlarını açıqlayıb. Bunlar Ryazan şəhərindən Aleksey Ladıgin, və Ural regionundakı Asbest qəsəbəsindən Stanislav Matveyev və İqor Kosoturovdur.

Conflict Intelligence Team Kaliniqraddakı kazak təşkilatına istinadən bu qurumdan bir döyüşçünün öldürülüdüyünü yazıb.

Fevralın 13-də bu xəbərlər barədə suallara cavab verərkən Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Moskva yalnız Suriyadakı Rusiya hərbçiləri barədə məlumata malikdir.

Peskov əlavə edib: “Biz Suriyada ehtimalən ola biləcək başqa rusiyalılar haqqında informasiyaya malik deyilik”.

Deyr əz-Zorda rusiyalıların ölümlərinə dair xəbərlər Vaşinqtonla Moskva arasındakı münasibətlərin çox gərgin dövrünə təsadüf edir.

Bu hadisə həm də martın 18-də keçiriləcək prezident seçkisinin ərəfəsində baş verib. Təhlilçilər belə xəbərlərin Putinin seçki kampaniyası üçün “yaxşı təbliğat” olmadığını bildirirlər.

Fevralın 12-də prezidentliyə liberal namizəd Qriqori Yavlinski Putini “Suriyadakı Rusiya qoşunlarının hərəkətləri və hərbi statusundan asılı olmayaraq bütün Rusiya vətəndaşlarının ölümləri barədə” ictimaiyyətə açıq məlumat verməyə çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG