Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:07

ABŞ Suriyada İrana bağlı qruplara hava zərbələri endirib


Suriyadakı ABŞ qüvvələri
Suriyadakı ABŞ qüvvələri

"Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, lakin Suriyada və başqa yerlərdə öz şəxsi heyətini qorumaq üçün cavab verəcək". Bu sözləri ABŞ prezidenti Co Bayden martın 24-də Kanadaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Bayden deyib ki, martın 23-də bir ABŞ podratçısının öldürülməsi və daha 6 amerikalının yaralanmasından sonra hava hücumu əmrini verib.

***

ABŞ hərbiyyəsi martın 23-də gecə Suriyada İrana bağlı qruplaşmalara hava zərbələri endirib.

ABŞ bu qruplaşmaları dron hücumu nəticəsində bir amerikalının öldürülməsində və başqa bir amerikalının yaralanmasında ittiham edir.

Həmin dron hücumu nəticəsində daha 5 ABŞ hərbçisi xəsarətlər alıb.

Həm dron hücumu, həm də ona cavab olan hava zərbələri barədə məlumatı martın 23-də Pentaqon verib.

Amerika hərbçilərinə qarşı hücum Suriyanın şimal-şərqindəki əl-Həsəkə yaxınlığındakı koalisiya bazasının həndərvərində baş verib.

ABŞ kəşfiyyatı dronun İran mənşəli olduğunu bildirir.

Reuters yazır ki, bu hadisə Tehran və Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirə bilər.

Baydenin əmri

Xəbərdə deyilir ki, Suriyadakı ABŞ qüvvələrinə dron hücumları tez-tez baş versə də, bunlar çox nadir hallarda ölüm və xəsarətlə nəticələnir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, Suriyada İran İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) bağlı qruplara hava zərbələri endirilməsini prezident Co Bayden əmr edib.

Nazir deyib ki, ABŞ qüvvələrinə heç bir hücum cəzasız qalmayacaq.

Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, ABŞ-ın hava zərbələri nəticəsində 8 iranyönlü döyüşçü öldürülüb.

Reuters bildirir ki, bu məlumatı müstəqil şəkildə təsdiq etmək mümkün olmayıb.

İran təkzib etsə də...

İranın dövlət Press TV agentliyi bu hücumda heç bir iranlının ölmədiyini, zərbələrin isə hərbi aerodromun yaxınlığındakı kənd təsərrüfatı obyektini və taxıl anbarını vurduğunu bildirib.

Bununla belə agentlik Suriyadakı hərbi mənbələrə istinadən bildirir ki, müqavimət qruplaşmaları Amerika hücumlarına cavab vermək haqqına malikdirlər və bu zərbələrə də cavab veriləcək.

Bu da xəbər verilir ki, yaralı amerikalılar İraqdakı tibb müəssisəsinə evakuasiya edilib.

ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinə rəhbərlik edən general Erik Kurilla deyib ki, İranın dəstək verdiyi qruplaşmalar 2021-ci ildən başlayaraq ABŞ qüvvələrinə 78 dəfə hücum edib.

İrana bağlı qruplaşmalar İraqdakı ABŞ qüvvələrinə də hücumlar edirlər.

İranın dron donanması

ABŞ Konqresi Nümayəndələr Palatasının dinləməsində çıxış edən general Kurilla İranın dron donanması barədə xəbərdarlıq edib:

"İran rejimi hazırda regionda ən böyük və ən döyüş qabiliyyətli PUA qüvvəsinə malikdir”.

Ötən yanvarda üç dron Suriyanın əl-Tənf regionundakı ABŞ bazasını hədəfləmişdi.

ABŞ hərbiyyəsi bildirir ki, həmin dronlardan ikisi vurulmuş, üçüncüsü isə baza düşərgəsinə düşərək Suriya Azadlıq Ordusunun iki əsgərini yaralamışdı.

Riskə dəyər

ABŞ rəsmiləri Suriyada geosiyasi şəraitin mürəkkəb olduğunu bildirirlər. Onlar deyirlər ki, İran və Rusiyadan dəstək alan prezident Bəşər əl-Əsəd ABŞ qoşunlarını işğalçı hesab edir.

Bu hücumdan bir neçə həftə əvvəl ABŞ-ın baş komandanı general Mark Milli Suriyadakı ABŞ qüvvələrinə baş çəkmişdi.

O jurnalistlərin suallarına cavab verərkən demişdi ki, ABŞ-ın Suriyada 900-dək əsgər saxlamasının riskinə dəyər.

Keçmiş prezident Donald Tramp 2018-ci ildə ABŞ qüvvələrini Suriyadan çıxarmaq istəsə də, sonradan bunu edə bilməmişdi.

Suriya və İraqdakı ABŞ qüvvələri İslam Dövləti ekstremist təşkilatının qalıqlarına qarşı mübarizə aparır.

İD-in minlərlə döyüşçüsü əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən əsir götürülüb.

SDQ ABŞ-ın regiondakı əsas müttəfiqidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG