Türkiyə parlamentinin xarici işlər komissiyası Finlandiyanın NATO-ya qoşulmasına dair qanun layihəsini qəbul edib.
TRTHaber bildirir ki, layihə tezliklə parlamentin səsverməsinə təqdim olunacaq.
Eyni gündə Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin Şimal alyansına üzvlüyü üçün qanun dəyişikliklərinə dair aktı imzalayıb.
NATO-nun 30 üzvündən indiyədək yalnız ikisi – Türkiyə və Macarıstan Finlandiyanın alyans üzvlüyünə müraciətini ratifikasiya etməyib.
Məsələni bir-neçə ay uzatdıqdan sonra Macarıstan parlamentinin də Finlandiyanın sənədlərini martın 27-də qəbul edəcəyi gözlənilir.
Finlandiyanın NATO-ya yolunu açmasına baxmayaraq prezident Recep Tayyip Ərdoğan İsveçin sənədlərini “daha sonraya” saxlayıb.
Budapeştin də bu məsələyə nə vaxt baxacağı məlum deyil.
Ötən həftə Niinistö Ankaraya səfər edərək Ərdoğanla görüşmüş, ölkəsinin NATO üzvlüyü məsələsinin sürətləndirilməsini və müvafiq sənədlərin 14 may seçkisindən əvvəl ratifikasiya olunmasını xahiş etmişdi.
Martın əvvəllərində Finlandiyanın 200 yerlik parlamenti - Eduskunta NATO üzvlüyünə dair qanunu 184-7 nisbəti ilə qəbul edib.
Finlandiya və qonşusu İsveç NATO üzvlüyü üçün birlikdə, 10 ay əvvəl, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən dərhal sonra müraciət etmişdilər.
Rusiyanın böyük geosiyasi uğursuzluğu
Bir çox ekspertlər Finlandiyanın NATO üzvlüyünə qəbulunu Moskvanın böyük geosiyasi uğursuzluğu hesab edirlər.
Finlandiyanın Rusiya ilə sərhədinin uzunluğu 1340 kilometrdir. Ölkə NATO-ya qoşulduqdan sonra bu, Rusiyanın NATO ilə sərhədi olacaq.
Finlandiya və İsveç mədəni, iqtisadi və siyasi baxımdan yaxın partnyordurlar.
Martın 22-də İsveç parlamenti də ölkənin NATO-ya qoşulması haqqında qanunu qəbul edib.