Suriya hakimiyyəti ölkənin qərbində yerləşən Latakiya əyalətində keçmiş prezident Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatı dayandırıb.
Günlərdir davam edən döyüşlər nəticəsində 1500-dən çox insanın, o cümlədən Əsədin aid olduğu ələvi icmasına mənsub min mülki şəxsin öldürüldüyü bildirilib. Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, qətllərin əksəriyyətini təhlükəsizlik qüvvələri və ya müttəfiq silahlılar həyata keçirib.
Zorakılıq bütün Suriya boyu şok effekti yaradıb. Ölkədəki azlıqlar, Əsədi devirmiş sünni islamçı üsyançıların etnik və dini azlıqları müdafiə edəcəklərinə dair verdiyi vədlərdən sonra yeni bir başlanğıc ümidi ilə yaşayırdılar.
Ermənilərin öldürülməsi
Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhərində baş verən toqquşmalarda iki erməni kişinin öldürülməsi xəbəri kiçik xristian azlığının üzvləri arasında qorxu yaradıb. 2011-ci ildə vətəndaş müharibəsi başlamazdan əvvəl Suriyada 100 mindən çox etnik erməninin yaşadığı təxmin edilirdi.
Ermənistan hökuməti hesab edir ki, 60 mindən çox erməni Ermənistana və başqa yerlərə köçdükdən sonra indi Suriyada 30 min erməni qalıb.
"Hamı danışmaqdan qorxur", – hazırda Yerevanda yaşayan, Latakiyadan olan etnik erməni Hakob Altunyan AzadlıqRadiosunun erməni xidmətinə deyib: "Onlar bayıra çıxıb telefonla danışmaqdan qorxurlar".
Bölgədəki toqquşmaların dünya mediasında yer almasından sonra Altunyan Latakiyadakı dostları və ailə üzvləri ilə həyəcan içində əlaqə saxlamağa çalışır.
"Onlar hücuma keçdilər, tanklarla kəndlərə daxil oldular və atəş açırlar", – Altunyanın dostu kimi tanıtdığı bir şəxs Latakiyadan göndərdiyi səsli mesajda deyib.
"Eşitmişik ki, onlar evləri yandırıblar, kimin sağ olduğunu, kimin öldüyünü bilmirik", – Altunyanın AzadlıqRadiosu ilə paylaşdığı həmin səsli mesajda deyilir.
Məktəblər və kilsələr bağlıdır
Keçən həftə ölkədə zorakılıq başlayandan bəri Yerevanda yaşayan Suriya ermənisi Dalida Kahkecyan Latakiyanın Türkiyə sərhədinə yaxın dağlıq Kessab şəhərində olan qızı ilə mütəmadi əlaqə saxlayır.
Etnik ermənilərin yaşadığı bölgə haqqında danışarkən Kahkecyan AzadlıqRadiosuna deyib: "Onların elektriki yoxdur. Orada məktəblər və kilsələr bağlıdır".
Kahkecyan bildirib ki, Kessab sakinləri "oranı tərk etməyi düşünürlər".
"Lakin hazırda onların pasportları etibarlı deyil", - o əlavə edib.
Suriyadakı erməni icmasının bəzi üzvləri həmçinin Ermənistan pasportuna sahibdirlər. Bu, Yerevanın diaspora müəyyən təhlükəsizliyi təmin etmək səylərinin bir hissəsidir.
Martın 10-da "Reuters"ə verdiyi müsahibədə Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa ələvilərin kütləvi şəkildə qətlə yetirilməsinin suriyalıları birləşdirmək səylərinə təhlükə yaratdığını bildirib. O, qətliamda məsuliyyət daşıyanları – hətta müttəfiqləri olsa belə, – cəzalandırmaq əzmində olduğunu vurğulayıb.
Yazı AzadlıqRadiosunun erməni xidməti tərəfindən hazırlanıb.