Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 01:27

Suriyadakı zorakılıq barədə faktlar


Suriyanın Latakiya şəhərində öldürülən kürd tibb tələbəsinin dəfn mərasimi
Suriyanın Latakiya şəhərində öldürülən kürd tibb tələbəsinin dəfn mərasimi

Suriyanın qərbində zorakılığın alovlanması keçid hökumətinin ona bağlı qüvvələrə nəzarət imkanı ilə əlaqədar sualları gündəmə gətirib. Bu, eyni zamanda Rusiyanın və İranın Suriya məsələlərindəki rolunu da ön plana çıxarıb.

Suriyada vəziyyəti izləyən müxtəlif insan haqları qrupları martın 6-dan bəri hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədə sadiq silahlılar arasında başlayan toqquşmalarda mülki şəxslər də daxil olmaqla 800-dən çox insanın həlak olduğunu sənədləşdirib.

Əhməd əl-Şaraanın rəhbərlik etdiyi üsyançı qruplar 2024-cü ilin dekabrında ildırımsürətli hücumla hökuməti devirərək Suriya üzərində Əsəd ailəsinin yarım əsrlik hakimiyyətinə son qoyub.

Rusiya və İran Əsəd hökumətini dəstəkləyirdi. Rusiya yeni hökumətlə əlaqələrini davam etdirsə də, İran tamamilə kənarlaşdırılıb.

AzadlıqRadiosu müsahibələr və açıq mənbə məlumatlarının təhlili vasitəsilə Suriyada baş verənlər haqqında daha aydın bir mənzərə təqdim etməyə çalışıb.

Güllələnərək edam edilənlər

İnsan haqları qrupları ölənlərin çoxunun Əsədin aid olduğu ələvi icmasına mənsub yüzlərlə mülki şəxsin olduğunu bildirir. Martın 11-də BMT bildirib ki, zorakılıq zamanı bütöv ailələr, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib.

AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxema" araşdırma qrupu tərəfindən təhlil edilən sosial media görüntüləri mülki ələvilərə qarşı ən dəhşətli zorakılıqların Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi Latakiya şəhərində baş verdiyini göstərir.

Bəzi videolarda silahsız kişilərin arxadan atəş açılaraq edam olunduğu, digər videolarda isə qurbanların fiziki zorakılığa və təhqirə məruz qaldığı, məsələn, it kimi hürməyə və ya meyitlərin üzərində sürünməyə məcbur edildiyi əks olunub.

Latakiyadan olan və hazırda Yunanıstanda yaşayan Nobil adlı şəxs "Sxema"ya bildirib ki, martın 6-sı gecə onun doğma Mzayra kəndinə girən Suriya keçid hökumətinə bağlı qüvvələr yük maşınlarına quraşdırılmış irikalibrli pulemyotlarla evləri atəşə tutub. O, hücumda altı ailə üzvünü itirdiyini, lakin qardaşının qaçmağa müvəffəq olduğunu bildirib.

Tartus əyalətinin Kadmus şəhərində Suriya hökumət qüvvələri.
Tartus əyalətinin Kadmus şəhərində Suriya hökumət qüvvələri.

"Sxema" araşdırma qrupu Əbu Bəkr Mork kimi tanınan, "Talha" da adlandırılan hücumçulardan birinin Facebook profilini araşdırıb. Bu profildə o, Suriyanın qərbindəki hücumlarla bağlı çox sayda paylaşımlar edib. Bir paylaşımda o, kişiləri bölgəyə gəlməyə çağırıb, çünki "bölgədə qadınlar dul qalıb və kişi qalmayıb". Digər paylaşımında isə Əsəd hökumətini nəzərdə tutaraq "devrilmiş rejimin qalıqlarını təmizləmə" kampaniyasından bəhs edir.

Rusiya hərbi bazasına sığınanlar

"Planet Labs" tərəfindən təqdim edilən peyk görüntüləri göstərir ki, hələ martın 7-də insanlar toqquşmalardan qaçaraq Rusiyanın Hmeymim aviabazasının yaxınlığında toplaşmağa başlayıblar.

"Hazırda heç bir tərəfin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini nəzərə alsaq, bu, insanların qalması üçün yeganə təhlükəsiz yer ola bilər", - Kiyevdə yerləşən Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos "Sxema"ya bildirib.

Moskva devrilmiş Əsəd hökumətinin əsas dəstəkçilərindən idi. Rusiya Əsəd qüvvələrinə və İranın proksilərinə hava dəstəyi verərək yalnız İŞİD-ə qarşı deyil, həmçinin Əsədə qarşı qüvvələrlə mübarizə aparıb.

Eyni üsyançılar indi hakimiyyətdədir, lakin Moskva özünü Suriyanın yeni hökumətinin vacib tərəfdaşı kimi göstərməyi bacarıb. Yeni hakimiyyət yerli valyutanı çap etməkdə Rusiyaya arxalanır.

Rusiya Suriyada iki hərbi bazası ilə regionda mövcudluğunu saxlaya bilib.

Moskvanın Suriyanın yeni rəhbərliyi ilə sıx əlaqələr saxlamağa çalışması təəccüblü deyil. Hmeymim aviabazasına və Tartusdakı hərbi dəniz bazasına nəzarəti əlində saxlamaq Rusiya üçün Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizinə strateji çıxışı təmin edir.

Suriyanın qərbində zorakılıqdan qaçan ələvilər Livanda
Suriyanın qərbində zorakılıqdan qaçan ələvilər Livanda

İranın rolu nədir?

Suriyanın qərb sahillərində iğtişaşların alovlanmasında Rusiyanın roluna dair heç bir tutarlı dəlil yoxdur, lakin bəziləri İranı prosesdə iştirakda ittiham edir.

Bəşər Əsədin devrilməsi ilə İran əsas müttəfiqini itirib. Bu müttəfiq Tehrana İraq və Livandakı proksiləri ilə əlaqə saxlamaq üçün Suriyadan quru dəhlizi kimi istifadəyə icazə verirdi.

Suriya üsyançıları Əsədi devirdikdə İranın ali dini rəhbəri Əli Xamenei suriyalıların üsyançı hökumətə qarşı müqavimət göstərəcəyini bildirmişdi.

İranın hazırda Suriyaya maliyyə və silah göndərmək imkanı yoxdur. Amma yeni hökumətə qarşı Əsəd tərəfdarlarının müqavimətinə rəhbərlik edən bir neçə əsas fiqur Tehranla sıx əlaqələrə malikdir və İslam İnqilabı Keşikçiləri Korpusunda (IRGC) təlimlər keçiblər.

İranın proksiləri və şiə silahlıları üzrə ekspert Filipp Smit AzadlıqRadiosuna deyib ki, İran Suriyanın keçid hökumətindən "aşırı reaksiya" gözləyirdi və istədiyinə nail olub.

Onun sözlərinə görə, Tehran "baş verənlərdən məmnundur", bu, İranın Suriyada irimiqyaslı sarsıntılar yarada biləcəyini təsdiqləmiş olur.

Yazı AzadlıqRadiosunun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi, radionun Ukrayna xidmətinin "Sxema", rus xidmətinin "Sistema" araşdırma qrupları və AzadlıqRadiosunun "Fərda" xidməti tərəfindən hazırlanıb.

XS
SM
MD
LG