Son günlər Suriya hökumət qüvvələrinin ələvi icmasına mənsub yüzlərlə dinc sakini öldürdüyü xəbərindən sonra BMT və ABŞ Suriya hakimiyyətini təcili tədbirlər görməyə çağırıb.
Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) martın 8-də bildirib ki, Latakiyada təhlükəsizlik qüvvələri ilə devrilmiş Bəşər Əsəd rejiminə sadiq döyüşçülər arasında iki gün davam edən qarşıdurmalarda öldürülən ələvi azlığına mənsub 745 mülki vətəndaşın kimliyi müəyyən edilib. Bu rəqəm hələ müstəqil olaraq təsdiqlənməyib.
BMT-nin insan haqları üzrə komissarı Volker Türk martın 9-da verdiyi bəyanatında bildirib ki, "Suriyanın şimal-qərbindəki sahil bölgələrində dinc əhalinin öldürülməsi dərhal dayandırılmalıdır".
ABŞ dövlət katibi Marko Rubio Suriyanın keçid hökumətini son günlər Suriyanın azlıq icmalarına qarşı qırğınlar törədən "radikal islamçı terrorçuları, o cümlədən xarici cihadçıları məsuliyyətə cəlb etməyə çağırıb.
"ABŞ Suriyanın dini və etnik azlıqlarının yanındadır", - Rubio bəyanatında vurğulayıb.
"Reuters" diplomatlara istinadən yazıb ki, ABŞ və Rusiya Suriyada artan zorakılıqla əlaqədar BMT Təhlükəsizlik Şurasından martın 10-da qapalı görüş keçirməyi xahiş edib.
SOHR-in məlumatına görə, zorakılıq nəticəsində ölənlərin ümumi sayı mindən çoxdur, onlar arasında təhlükəsizlik qüvvələrinin ən azı 125 əməkdaşı və Əsədə sadiq qüvvələrin 148 üzvü var.
"Reuters" və "Al-Jazeera" xəbər verir ki, onlarla insan, əsasən, qadınlar, uşaqlar və qocalar Rusiyanın Latakiyadakı Hmeymim hərbi bazasına sığınıb. Rusiya rəsmiləri məsələ ilə bağlı hələ şərh verməyib.
Monitorinq qrupu həmçinin Əsədin mənsub olduğu ələvi azlığının mərkəzi sayılan Latakiya şəhəri ətrafında geniş ərazilərdə elektrik və içməli suyun kəsildiyini bildirib.
Əş-Şaraanın nəzarəti əldə saxlamaq üçün mübarizəsi
Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa martın 9-da sülh çağırışı edərək xalqın milli birliyi və daxili sülhü qorumalı olduğunu bildirib.
"Biz bu ölkədə birlikdə yaşaya biləcəyik", – əş-Şaraa Dəməşqdəki bir məsciddə çıxışı zamanı deyib.
O, daha əvvəl zorakılıqlarda Əsəd rejiminin "qalıqları" adlandırdığı qüvvələri günahlandırmış, lakin özünün qüvvələrinin mülki insanları öldürdüyünə dair iddialara toxunmamışdı.
Analitiklər bildirirlər ki, döyüşlər müvəqqəti prezident əş-Şaraanın devrilmiş Əsəd rejimindən sonra Suriyada nəzarəti əlində saxlamaq uğrunda mübarizəsini üzə çıxarır – baş verənlər isə İranın, İsrailin və hətta İŞİD ekstremistlərinin maraqlarına uyğundur.
İğtişaşları İran başlatdı?
Döyüşlər Türkiyə xarici işlər naziri Hakan Fidanın İranı yeni Suriya hökumətinə qarşı çıxan qrupları dəstəkləməklə ona meydan oxumamaq barədə xəbərdarlığından bir həftə sonra başlayıb. Türkiyə əş-Şaraa hökumətinin əsas dəstəkçilərindən biri sayılır. O, bunun doğru yanaşma olmayacağını bildirərək belə bir addımın "başqa bir ölkənin bunun müqabilində sizə eyni şeyi etməsi" ilə nəticələnə biləcəyini vurğulayıb.
Dəməşqdə hakimiyyəti ələ keçirdikdən sonra əş-Şaraa çoxsaylı xarici nümayəndə heyətlərini qəbul etsə də, İranı kənarda saxlayıb. O, əvəzində Türkiyə, Səudiyyə Ərəbistanı və Qərb ölkələri ilə əməkdaşlığa üstünlük verib.
İranın proksi qüvvələri və Şiə silahlıları üzrə ekspert Fillip Smit Suriyadakı yeni zorakılıq dalğasında Tehranının iştirakına işarə edən "çoxsaylı" dəlillərin olduğunu bildirib.
İran xadimləri, həmçinin ali dini rəhbər Əli Xamenei Əsədin devrilməsindən sonra suriyalıların əş-Şaraa hakimiyyətinə qarşı üsyan edəcəyini bildirmişdilər.
F.Smit qeyd edib ki, Tehran olaydan məmnundur, Əsəd kimi vacib bir müttəfiqini itirsə də, İranın kütləvi iğtişaşlar yarada biləcəyini təsdiqləmiş olur.
"Tehran üçün yaxşı məqam odur ki, HTŞ yaraqlıları insan haqlarını pozacaqlarını göstərdilər. İranın məqsədi aşırı reaksiya almaq idi", – o əlavə edib.
Bəzi analitiklər isə Tehranın yalnız əş-Şaraaya deyil, həm də Türkiyənin artan nüfuzuna meydan oxumaq üçün kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) dəstək verə biləcəyini irəli sürürlər. SDF komandiri Mazlum Abdi martın 9-da "Reuters"ə bildirib ki, Latakiyadakı son zorakılıqlara görə əsas məsuliyyəti Türkiyə və İslam ekstremistləri tərəfindən dəstəklənən qruplaşmalar daşıyır.
Suriya Bəşər Əsədin hakimiyyəti altında İranın Levanta strateji quru dəhlizində mühüm rol oynayıb. Bu dəhliz İranın dövlət və qeyri-dövlət subyektləri şəbəkəsi üçün logistika dayağı rolunu oynayaraq onun regional təsiri üçün mühüm əhəmiyyət kəsb edirdi.
İğtişaşlardan başqa kimlər qazanır?
Üsyançılar hakimiyyəti ələ keçirdikdən sonra yeni hökumət çoxsaylı təhlükəsizlik problemləri ilə üzləşib.
Ələvi icmasına mənsub Əsədə sadiq qruplar yeni hökumətin təhlükəsizlik qüvvələrinə ara-sıra hücum edir, İŞİD isə ölkənin müxtəlif hissələrində fəallığını sürdürür. İsrail qüvvələri isə Suriyanın cənubunda ərazi nəzarətini genişləndirib və onların paytaxtdan təxminən 20 kilometr aralıda yerləşdiyi bildirilir. İsrail ölkənin hərbi obyektlərini hədəfə alır və Suriyanın cənubunun silahsızlaşdırılmasını tələb edir.
"Soufan Group" konsaltinq şirkətinin siyasət və tədqiqat direktoru Kolin Klark İŞİD-in hücum üçün fürsət gözlədiyini bildirib: "İŞİD son dərəcə fürsətçidir. O, zamanını, hücum etmək üçün ən uyğun anı gözləyəcək. İsrail də vəziyyətdən yararlanaraq Suriyanın cənubuna daha çox zərbə endirəcək".
Yazı AzadlıqRadiosunun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi tərəfindən hazırlanıb.