ChatGPT kimi platformaları ərsəyə gətirmiş süni intellektin (Sİ) yeni dalğası dünyada 300 milyonadək tamştatlı iş yerinin avtomatlaşdırılmasına səbəb ola bilər. Bunu ABŞ-ın “Goldman Sachs” investisiya bankının iqtisadçıları bildirir.
Onların hazırladığı hesabatda deyilir ki, dünyadakı iş yerlərinin 18 faizi kompüterləşdirilə bilər və bunun təsirləri inkişaf etmiş iqtisadiyyatlarda daha dərindən hiss olunar.
CNN ağ-yaxalıqlı, yəni ofis işçilərinin fiziki əməklə məşğul olanlardan daha artıq risk qarşısında olduğunu qeyd edir. İqtisadçıların fikrincə, administrativ işçilər, hüquqşünaslar, fiziki əmək, tikinti və təmir işləri kimi bayır işlərindən daha çox təsirə məruz qalacaqlar.
Bütün işlərin 25 faizə qədəri...
Birləşmiş Ştatlar və Avropada indiki işlərin təxminən üçdə ikisi “Sİ avtomatlaşdırılmasına müəyyən dərəcədə məruz qalırlar”, bütün işlərin 25 faizə qədərini Sİ tamamilə yerinə yetirə bilər.
İqtisadçılar yazırlar ki, generativ Sİ “vəd olunan qabiliyyətlərinə çatsa, əmək bazarı ciddi pozulmayla üzləşə bilər”. Bu termin hazırda dünyanı çulğalamış ChatGPT çətbot sensasiyasının arxasındakı texnologiyaya aiddir.
Sualları cavablandıran, esselər yazan ChatGPT bir çox biznesləri adamların gündəlik işi barədə yenidən düşünməyə vadar edib.
GPT-4 botunun bu ay açıqlanmış son versiya proqramı isə istifadəçiləri kodlaşdırmanı sadələşdirmək, adi bir eskizdən vebsayt yaratmaq, imtahanları yüksək göstəricilərlə vermək bacarığı ilə məftun edib.
Qlobal ÜDM 7% artar
“Goldman Sachs” iqtisadçıları yazırlar ki, Sİ-dən bu cür istifadənin davam etdirilməsi iş yerlərinin itirilməsi ilə yanaşı, növbəti 10 il ərzində qlobal ÜDM-ni ildə 7% artırar.
Məsələn, ABŞ-da Sİ-nin təsir dairəsinə düşən işçilərin iş yükünün 25-50 faizi “əvəzlənə bilər”, – tədqiqatçılar vurğulayırlar.
“Sizcə, kiçik bir qeyri-kommersiya təşkilatı kimi seçər? Tam maaşlı, üstəgəl imtiyazları olan birini, yoxsa imtiyazsız işləyən Sİ-ni?” – bunu “New York Times” qəzetinə Çikaqoda məişət zorakılığı problemləri üzrə ixtisaslaşmış bu qurumun qrant yazarı Keyti Braun (Katie Brown) deyib.
Braun fevralda eşidəndə ki, qrant yazarlarının peşəkar birliyi süni intellekt proqramından istifadəni təşviq edir, yamanca sarsılıb. Bu proqram anketi avtomatik dolduracaq, insan onu təqdim etməzdən öncə sadəcə göz gəzdirəcək.
İş axtaranların 62 faizi narahatdır
Qəzet ZipRecruiter işaxtarma vebsaytının keçirdiyi sorğuya istinadla yazır ki, iş axtaranların 62 faizi Sİ-nin onların karyerasına zərbə vuracağından narahatdır.
“ChatGPT bunu daha çox üzə çıxardı. Məncə, o, qrafiklərin harada sürətləndirilə biləcəyi haqda suallar yaratdı”, – avtomatlaşdırma işlərini öyrənən McKinsey Qlobal İnstitutun tərəfdaşı Maykl Çui (Michael Chui) deyib.
Massaçusets Texnologiya İnstitutunun (M.I.T.) iki tələbəsi isə əmək resurslarının idarə olunması və marketinq sahələri üzrə təcrübəli peşəkarlar üçün sınaq təşkil edib. İştirakçılara icrası adətən 20-30 dəqiqə çəkən tapşırıqlar verilib, mətbuat üçün açıqlamalar, qısa hesabatlar yazmaq tapşırılıb. ChatGPT-dən yararlananlar tapşırığı orta göstəricidən 37 faiz daha tez icra ediblər ki, bu da məhsuldarlığın ciddi şəkildə artımı deməkdir. Onlar həm də işlərindən 20 faiz daha çox məmnun qalıblar.
Bu arada dünyanın ən zəngin biznes adamı İlon Mask (Elon Musk) və bir qrup texnologiya ekspertləri Sİ-nin yeni sistemlərə təlimləndirilməsinə dərhal ara verilməsinə çağırıb. Onların fikrincə, hazırda təlimləndirilən modellər cəmiyyət üçün təhlükə yarada bilər.