Vəkil Sümbülə Əliyeva hakim önünə çıxarılıb. Onun adı ictimaiyyətə Azərbaycan prezidentinin əmisi Cəlal Əliyevin jurnalistlərə qarşı məhkəmə işlərindən tanışdır. Bu işlərdə mərhum akademikə məhz o vəkillik edib.
Əliyeva indi vaxtilə rəhbərlik etdiyi 1 saylı vəkil bürosunda 200 min manata yaxın vəsaitin yeyintisində ittiham olunur. İddia edilir ki, bürodakı vəkillərin müştərilərlə müqavilələrindən kassaya ödədikləri vəsaitlər, sosial sığorta və vergiyə yönəlməli pullar mənimsənilib.
CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə mühakimə edilən S. Əliyevanın işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. O özünü təqsirli bilmədiyini söyləsə də, ifadə verməkdən də boyun qaçırıb.
İstintaq aparılan zaman azadlıqda olan vəkil məhkəmənin ilk iclasında həbs edilib, ancaq bir həftə sonra ev dustaqlığına buraxılıb. Ev dustaqlığI ilə razılaşmayan Əliyeva iyulun 13-də məhkəməyə vəsatət verərək, ev dustaqlığının başqa yerə getməməyə dair iltizam növündə qətimkan tədbiriylə əvəzlənməsini istəyib.
Onun sözlərinə görə, səhhətində problemlər olduğundan, ev dustaqlığının əvəzlənməsi vacibdir:
“Burada başqa adamlar da var, ona görə hər şeyi açıq danışa bilmirəm. İstərdim ki, məhkəmə qapalı keçirilsin, müəyyən məsələləri deyim”.
Hakimlər onun bu istəyini rədd edib.
“Mərhum Sərdar müəllim dedi ki…”
Sünbülə Əliyevanın müdirliyi dövründə 1 saylı vəkil bürosunda çalışan Anar Canməmmədov deyir ki, 2019-cu ildə rəhbər dəyişikliyindən sonra büroda yoxlama aparılıb və yeyintilər aşkarlanıb:
“Sərdar Qasımov müdir təyin olunandan dərhal sonra büroda yoxlama keçirildi. Məlum oldu ki, vəkillərin müqavilələr üzrə ödənişləri mənimsənilib. Mənim də 5-6 müqaviləm vardı. Mərhum Sərdar müəllim dedi ki, həmin müqavilələr üzrə ödənişlər olmayacaq, çünki yeyinti olub”.
“Aramızda təhvil-təslim olmadı”
Əliyeva bununla razılaşmır:
“Sərdar müəllimi 2019-cu ilin yanvarında mən öz əmrimlə müdir təyin eləmişdim. Çünki Lənkəranda, Gəncədə məhkəmə işlərim vardı, gedib-gəlməli olurdum, büroya vaxt ayıra bilmirdim. Sərdar Qasımov müdir təyin ediləndə aramızda təhvil-təslim olmadı”.
Sünbülə Əliyevanın işində Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti zərərçəkmiş qismində tanınıb. Onun ittiham olunduğu CM-nin 179.3.2 maddəsində 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Sünbülə Əliyeva həm də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub. 2017-ci ildə müvəkkilinə işgəncə verilməsi barədə mediaya açıqlamasına görə Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına o da səs verib. Rəyasət Heyətinin sözü gedən iclasında müzakirələr zamanı Əliyeva demişdi ki, vəkil işgəncə haqda mediaya danışa bilməz.