«İstəyirik ki, başçımız 9-cu mikrorayon ərazisində, avtomobil yolunun kənarında, qanunsuz fəaliyyət göstərən meyvə-tərəvəz bazarına baş çəksin. Burada antisanitariya və özbaşınalıq hökm sürür».
Bunu AzadlıqRadiosuna Sumqayıt sakinləri yazır. Natiq Natiqov bildirir ki, «Şərq bazarı»nın içərisindəki həmin bu meyvə-tərəvəz bazarından meyvə alıb yemək təhlükəlidir. Sumqayıtlılar bazarın bu hissəsini «xəstəlik mənbəyi» adlandırır. Və onlar icra başçısı Zakir Fərəcova «axı buranı niyə görmək istəmirsiniz» sualını ünvanlayırlar:
«GÜNƏ 3 MİN MANAT YIĞILIR»
«Ölkənin heç bir bazarında belə iyrənc və acınacaqlı mənzərəyə rast gəlməzsiniz. Şəhərdə səkilər, bordürlər, hətta işıqforlar da yeniləndi, təmir olundu. Ancaq hər gün insanların gur alver etdiyi bu məkan – «Şərq bazarı» elə xəstəlik mənbəyi olaraq qaldı».
Sakinlər qeyd edirlər ki, istilər düşəndə ərazidəki ayaqyoluna doluşan milçəklər oradan meyvə-tərəvəzə, ətə-balığa qonur. Soyuqlar düşəndə vedrələrlə pendiri, balığı elə palçığın içərisində qoyub satırlar. Sakinlər bazardakı durumu dəfələrlə mətbuata çıxarsalar da, nə keçmiş, nə də indiki icra başçısının diqqətini çəkə biliblər. Natiq Natiqov səbəbi də qeyd edir:
«Səbəb çox güman ki, buradakı ticarətçilərdən hər gün yığılan pullardır. Hesablasaq ki, burada 100-dən çox «polka», «toçka» var və onların hər birindən hər gün 20-30 manat civarında pul yığılır, bu da toplam 3 min manata yaxın edir. Bu pul da gündəlik «ünvana» gedir. Beləliklə, həm dövlət vergidə aldadılır, həm də vəziyyətə göz yumulur. Üstəlik, hər gün pul toplayıb verən alverçilər satdıqları meyvə-tərəvəzi insanların gediş-gəlişindən ötrü nəzərdə tutulmuş yola yığırlar. Danışanda deyirlər, «pulumu vermişəm, özüm bilərəm».
Buna da bax - Sumqayıtda buldozerlə islahat
«HAMI GÖZ YUMUR»
Bazarda tikinti materiallarının alqı-satqısı ilə məşğul olan Rövşən İsmayılov deyir, bazardakı səliqəsizlik üzündən ərazidən avtomobillərin hərəkəti də məhdudlaşıb və tikinti materialları dükanlarına gediş-gəliş əngəllənib. Bu da həmin dükan sahiblərinin narazılığına səbəb olub:
«Yerpulu ver, ona ver, buna ver, ancaq gün ərzində qara qəpik alver etmə... Dilənirsən ki, «bu qədər pul alırsan, heç olmasa, gəl bu yolu aç, camaat gəlsin, bizdən də alver eləsin», deyir, «o da sənin kimi alverçidir, get özün dil tap, yolu aç». Burada satıcılar «bazarkom»dan tutmuş polisinə, «sanepidemstansiya»sından gələninə qədər hamıya haqq ödəyir. Ona görə də hamı bu biabırçılığa göz yumur».
Ticarətçi bildirir ki, bazarda məhsulları yoxlamağa laboratoriya avadanlığı da yoxdur.
AZ QALIB...
Bir sözlə, sumqayıtlılar gileylənirlər ki, bazarda hökm sürən dərəbəyilik, ətrafdakı tıxaclarda qalan avtomobillərin qulaqbatırıcı siqnalları, üfunət şəhərin mərkəzini daha «gözəgəlimli» edir. «20-30 ildir hər gün yüzlərlə piştaxtadan, dükandan yığdıqları pulların cüzi hissəsi niyə bazarın abadlaşmasına xərclənmir» deyə sumqayıtlılar başçıdan soruşurlar. Onlar yeni və müasir bazar tikilməsindən ötrü uyğun yer ayrılmasını, bazardaxili qaydaların tətbiq olunmasını istəyirlər.
Sumqayıtın icra hakimiyyətindən «Qaynar xətt»ə deyilənlərdən belə məlum olur ki, şəhərdəki abadlıq işlərinin hər gün alıcı və satıcıların qarışqa kimi qaynaşdığı bazara çatmasına az alıb.
«O vəziyyəti yaradan elə insanlar özləridir. Hər günün sonunda zibildaşıyan maşınlar ərazidəki zibilləri daşıyırlar. İndi desək ki, «bazarı təmirə bağlamaq lazımdır», həmin ticarətçilər onda da hay-küy salacaqlar ki, «iş yerlərimizi əlimizdən alırlar». Əlbəttə ki, yaxın vaxtlarda bazarın ərazisi də abadlaşdırılacaq. Artıq bu işlərə başlanılıb», – qurumdan bildirilib.