Sumqayıtda sahibsiz itlərin kütləvi şəkildə güllələnib öldürüldüyü iddia olunur. Bu barədə AzadlıqRadiosuna «Evsiz Heyvanların Müdafiəsi» İctimai Birliyinin əməkdaşı Anar Süleymanov danışıb. Bildirib ki, təxminən bir aydır bu proses davam edir.
A.Süleymanov itlərin güllələnməsinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətini ittiham edir. Deyir ki, 2013-cü ildən Sumqayıtda buna qarşı mübarizə aparırlar, hətta şəhər icra hakimiyyətini məhkəməyə də veriblər: «Əlimizdə yetərincə faktlar olduğu halda, məhkəmə qərəzli şəkildə iddiamızı təmin eləmədi. Biz 90-a yaxın imza ilə Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə müraciət elədik. Bundan sonra 2017-ci ilin yayında şəhər icra hakimiyyəti bizləri də dəvət edib müşavirə keçirdi. Təkliflərimizi dedik. Onlar da söz verdilər ki, daha güllələməyəcəklər. Biz də sevindik. Daha humanist üsulla mübarizə üçün baytar-tüfənglər təşkil etdik, Rusiyadan xüsusi şprislər gətirtdik və bunların hamısını da icra hakimiyyətinin balansına verdik. Bu avadanlıqlar vasitəsilə itləri yatırdıb poliqona daşımaq mümkündür. Bir müddət belə üsulla tutdular, ancaq son bir ayda yenə köhnə qaydalarına qayıdıblar, gecə-gündüz güllələyirlər».
Rəsmilər təkzib edir
A.Süleymanov deyir ki, onların şikayəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Təmizlik departamentinin iki işçisi İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsiylə 500 manat cərimələnib. Onun iddiasına görə, son olaylarla bağlı əllərində görüntülər var: «Orada görünür ki, icra hakimiyyətinin sərəncamında olan maşınlarla gəlib güllələyirlər».
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Dinar Səfiyev isə AzadlıqRadiosuna bildirib ki, deyilənlər yalandır, onlar itlərin güllələnməsi barədə tapşırıq verməyiblər. D.Səfiyev deyir ki, icra hakimiyyətinə şəhərdə sahibsiz itlərin kütləvi şəkildə öldürülməsi barədə məlumat daxil olmayıb. Hətta kimsə belə bir iş görübsə belə, bunu icra hakimiyyətinin göstərişi kimi təqdim etmək doğru deyil: «Düzdür, Sumqayıt şəhərində sahibsiz küçə itləri olur. Amma onlar qaydalara uyğun şəkildə tutulub poliqon ərazisinə aparılır, orada qida ilə təmin olunurlar. Gələcəkdə sahibsiz heyvanlar üçün sığınacaq yaradılması nəzərdə tutulub. İcra hakimiyyətinin nəzdində Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə sahibsiz heyvanlarla bağlı vətəndaşların müraciətlərini nəzərə alaraq, müvafiq qurumlar onları qəbul ediblər. Görüşdə onlar da layihələrini, təkliflərini irəli sürüblər. O görüşdə də ortaq məxrəcə gəlinib. Anlamıram, indi icra hakimiyyətinə qarşı qərəzli məlumat yaymaq nəyə lazımdır?».
D.Səfiyev əlavə edir ki, əgər qarşı tərəfin əlində küçələrdə itləri güllələyənlər haqda konkret görüntülər varsa, hüquq-mühafizə orqanlarına təqdim eləsinlər: «Odlu silahdan kim harada istəsə istifadə eləyə bilməz axı...».
«İcra hakimiyyətinin xəbəri olmasa...»
«Azərbaycan Heyvanların Müdafiəsi» İctimai Birliyinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov deyir ki, Azərbaycan 2007-ci ildə üzərinə heyvanlara qarşı rəhmli rəftar, onların hüquqlarının müdafiəsiylə bağlı beynəlxalq öhdəlik götürüb. Ancaq bir sıra hallarda öhdəliyə əməl olunmur. F.Mansurov hesab edir ki, şəhərdə itlərin kütləvi şəkildə güllələnməsindən icra hakimiyyətinin xəbərsiz olması inandırıcı deyil: «Fotolar var ki, orada mülkigeyimli şəxs icra hakimiyyətinin binasının qarşısında tüfənglə dayanıb. İcra hakimiyyətinin xəbəri olmasa, bu mümkündürmü?».
F.Mansurov əlavə edib ki, 60-a yaxın heyvansevər noyabrın 2-də məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısına toplaşmağı, oradan Heydər Əliyev Fonduna, ardınca da Prezident Administrasiyasına getməyi planlaşdırır.
Qeyd edək ki, bir müddət öncə ölkədə sahibsiz itlərin öldürülməsinin yasaqlandığı açıqlandı. Ancaq bu ilin avqustunda Sumqayitda sahibsiz bir itin dişləməsindən sonra 5-yaşlı qızın quduzluqdan ölümü yenidən heyvanlara qarşı sərt tədbirlərin görüldüyü bildirilirdi.