Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:49

Sudanda fövqəladə vəziyyət elan edilir


Sudanda etiraz aksiyası, 21 oktyabr, 2021-ci il
Sudanda etiraz aksiyası, 21 oktyabr, 2021-ci il

“Al Hadath TV”nin oktyabrın 25-də yaydığı məlumata görə, Hamdok ev dustağı edilib. Məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb

Sudanın aparıcı generalı ölkədə fövqəladə vəziyyət elan edib. Təhlükəsizlik qüvvələri hərbi çevriliş nəticəsində baş naziri və bəzi mülki liderləri saxlayıblar.

General Əbdül-Fəttah Burhan oktyabrın 25-də televiziya ilə çıxışında mülki-hərbi idarəedici qurum olan Suveren Şuranı və baş nazir vəzifəsini icra edən Abdallah Hamdokun keçid hökumətini buraxdığını bəyan edib.

Birləşmiş Ştatlar, Avropa Birliyi və Afrika Birliyi aşkar çevriliş cəhdindən narahatlıq bildirib, ölkənin hərbi və mülki rəhbərliyi arasında danışıqlara çağırıb.

Birləşmiş Ştatlar 2020-ci ildə Sudanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarıb. Bununla da ölkənin çox ehtiyac duyduğu xarici kreditlərə və sərmayəyə yolu açılıb.

***

Sudanın İnformasiya Nazirliyinin məlumatına görə, oktyabrın 25-də səhər saatlarında birgə hərbi qüvvələr ölkənin keçid dövrü üzrə idarəedici qurumunun mülki üzvlərini və keçid hökumətinin bir neçə üzvünü saxlayıblar.

“Onları naməlum məkana aparıblar”, – məlumatda vurğulanır.

Mülki Baş nazir Abdalla Hamdok və azı dörd nazirin saxlananlar arasında olduğu bildirilir.

Ordu məsələyə münasibət açıqlamamyıb.

Paytaxt Xartuma hərbi və yarımhərbi qüvvələr yerləşdirildiyi, vətəndaşların hərəkətinin məhdudlaşdırıldığı xəbər verilir. “Reuters” etirazçıların milli bayraqla şəhərə çıxdığını, təkərlər yandırdığını bildirir.

Xartum aeroportu bağlanıb, beynəlxalq reyslər təxirə salınıb.

***

Sudanın paytaxtı Xartumda xaos yaranıb. Hərbi bölmələr Baş nazir Abdalla Hamdokun evini mühasirəyə alıb, hökumətin bəzi üzvlərini həbs ediblər. Onların içində baş nazirin azı bir köməkçisi də var.

“Al Hadath TV”nin oktyabrın 25-də yaydığı məlumata görə, Hamdok ev dustağı edilib. Məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Sudan Peşəkarlar Assosiasiyası vətəndaşları Qərbin dəstəklədiyi Suveren Şuranı dəstəkləmək üçün küçələrə çıxmağa, hər hansı hərbi çevrilişə “müqavimət göstərməyə” çağırıb.

Sudan demokratiya yolunda kövrək addımlar atır. 2019-cu ildə ordu ölkəni çoxdan idarə edən avtokrat Ömər əl-Bəşiri devirib, ölkədə hərbi-mülki hökumət qurulub.

Ancaq ordu ilə Suveren Şuranın mülki üzvləri arasında gərginlik artır.

Oktyabrın 23-də ABŞ-ın Afrika Buynuzu üzrə Xüsusi Elçisi Cefri Feltman ölkədə olub, Xartumda ordu və mülki liderlərlə görüşüb.

Xartum hökuməti ABŞ və Qərblə daha yaxşı münasibətlər qurmağa çalışır. Ölkə 30 ilə yaxın beynəlxalq təcrid vəziyyətində qalıb. Hazırda böyük iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG