Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:01

Sudanın baş naziri azadlığa buraxılıb


Sudan, arxiv fotosu
Sudan, arxiv fotosu

Burhan mülki idarəçiliyin buraxılmasını, siyasi liderlərin həbsini siyasi qrupların vətəndaşları təhlükəsizlik qüvvələrinə qarşı qızışdırması ilə izah edib

ABŞ-ın Dövlət katibi Entoni Blinken Sudanın devrilmiş Baş naziri Abdalla Hamdokla danışıb. Sudanda hakimiyyəti ələ keçirmiş hərbi liderlər baş nazirin evinə qayıtmasına icazə veriblər.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Blinken Hamdokun buraxılmasını alqışlayıb, “Sudan hərbi qüvvələrini saxlanmış mülki liderlərin hamısını buraxmağa və onların təhlükəsizliyini təmin etməyə çağırıb”.

ABŞ-ın addımları

Telefon söhbəti oktyabrın 26-da baş tutub. Blinken Afrika ölkəsində hərbi çevrilişin davam etməsindən “dərin narahatlıq” bildirib, ordunu nümayişçilərlə rəftarda təmkinli olmağa səsləyib.

ABŞ Prezidenti Co Bayden administrasiyası hərbi çevrilişə reaksiya vermək üçün bir sıra iqtisadi alətləri nəzərdən keçirir və Körfəz ölkələri ilə sıx təmasdadır. Bunu isə Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Administrasiya artıq Sudana 700 milyon dollarlıq fövqəladə yardımın dayandırıldığını elan edib.

Digər Qərb ölkələri də çevrilişi pisləyiblər, saxlanmış hökumət üzvlərini buraxmağa çağırıblar. Ordu mülki liderlərlə hakimiyyətin paylaşılmasını bərpa etməzsə, yardımı kəsəcəklərini deyiblər.

Sudanla bağlı toplantı keçirən BMT-nin Təhlükəsizlik Şurası bəyanat açıqlamayıb.

“Vətəndaş müharibəsi”nin qarşısını almaq

Silahlı qüvvələrin rəhbəri və çevrilişin lideri General Əbdül Fəttah Burhan ordunun “vətəndaş müharibəsi”ni önləmək üçün oktyabrın 25-də hakimiyyəti ələ keçirdiyini deyib.

Oktyabrın 26-da ilk mətbuat konfransında danışan Burhan mülki idarəçiliyin buraxılmasını, siyasi liderlərin həbsini, fövqəladə vəziyyətin elan olunmasını siyasi qrupların vətəndaşları təhlükəsizlik qüvvələrinə qarşı qızışdırması ilə izah edib.

2019-cu ildə ordu avtokrat Ömər əl-Bəşiri devirib. Hərbi və mülki liderlər hakimiyyətin bölüşdürülməsi üzrə razılaşma əldə etmişdi, sonucda tam mülki idarəçilik qurulmalı, seçki keçirilməliydi. Burhan isə mülki-hərbi Suveren Şuranı buraxdığını elan edib. Təxminən bir ay sonra Burhan Suveren Şuraya rəhbərliyi mülki şəxsə təhvil verməliydi.

Hərbi çevriliş günü və sonra ölkədə etiraz aksiyaları davam edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG