Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:34

Azərbaycanda daşınan yüklər azalsa da, gəlir çoxalıb


Ancaq hava nəqliyyatı ilə daşınan yüklər üç dəfə artıb

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekununa Azərbaycanın nəqliyyat sektorundakı göstəriciləri açıqlayıb.

Bu göstəricilər ölkənin nəqliyyat sektoruna pandemiyanın ciddi təsirlərindən xəbər verir. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda nəqliyyat sektorunda toplam 194 min ton yük daşınıb. Pandemiyadan öncə - 2019-cu ildə bu göstərici 235 min ton olub.

Bu o deməkdir ki, pandemiya ərzində Azərbaycandakı yük daşımaları 41 min ton və ya 17 faiz azalıb. Müxtəlif nəqliyyat vasitələrində yük daşımalarını gözdən keçirəndə aydın olur ki, azalma, əsasən, avtomobil nəqliyyatındakı yük daşımalarının azalmasından irəli gəlir. Belə ki, 2019-cu ildə ölkədə avtomobil nəqliyyatı ilə 155 min ton yük daşınmışdısa, ötən il bu rəqəm 113 min tona geriləyib.

Pandemiya dövründə dəmir yolu ilə daşınan yüklərin həcmində ciddi dəyişiklik qeydə alınmayıb. Əgər 2019-cu ildə dəmir yolları ilə 15 min 222 ton yük daşınmışdısa, ötən il bu göstərici 15 min 58 ton olub.

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmində də azalma qeydə alınıb. 2021-ci ildə dəniz nəqliyyatı ilə 5 min 468 ton yük daşınıb. 2019-cu ildə bu göstərici 6 min tona yaxın idi. Ancaq bir məqamı da qeyd etmək lazımdır ki, 2017-2018-ci illərdə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 8 min tonu ötürdü.

Hava yolu ilə daşınan yüklərin həcmi isə, əksinə, artıb. Əgər 2019-cu ildə hava yolu ilə 183 ton yük daşınmışdısa, ötən il bu göstərici 557 tona yüksəlib. Başqa deyimlə, hava yolu ilə yüklərin daşınması son iki il ərzində üç dəfə artıb.

Son iki il boyunca boru kəməriylə daşınan yüklərin həcmində də artım var. Həmin kəmərlərlə 2019-cu ildə 58 min 596 ton, ötən il 60 min 298 ton yük daşınıb. Eyni dövrdə neft kəmərləri ilə daşınan yükün həcmi 3 min ton azalaraq, 35 min tona enib. Təbii qaz kəmərləri ilə daşınmalarsa, əksinə, 20 min tondan 25 min tona yüksəlib.

Daşınma xərclərinin artması gəliri azaltmayıb

Pandemiya dövründə nəqliyyat və logistika ilə bağlı çətinliklər daşınma xərclərini artırıb. Hazırda dünyada əsas iqtisadi problem halına gələn qiymət artımlarının da əsas səbəblərindən biri elə qlobal daşınma xərclərinin çoxalmasıdır.

DSK-nın açıqladığı göstəricilərdə də bahalaşmanın təsirləri hiss edilir. Pandemiya dövründə Azərbaycanın nəqliyyat sektorunda yük daşımalarının toplam həcmi azalsa da, əldə edilən gəlirlər artıb.

Ötən il Azərbaycanın nəqliyyat sekorunda daşınan yüklərdən toplam 7 milyard 390 milyon manat gəlir götürülüb. 2019-cu ildə bu göstərici cəmi 5 milyard 125 milyon manat idi. Başqa sözlə, son iki il ərzində ölkədə nəqliyyat sektorunda yük daşımalarından götürülən gəlir 2 milyard manatdan çox və ya 45 faiz artıb. Eyni dövr ərzində daşınan yüklərin həcmində 17 faiz azalma qeydə alınıb.

Gəlirlərin artımına əsas səbəb hava yolu nəqliyyatında gəlirin çoxalmasıdır. 2019-2021-ci illərdə ölkənin hava yolu sektorunda yükdaşımadan əldə edilən gəlir 1 milyard 378 milyon manatdan 3 milyard 240 milyon manata çatıb. Yəni, təxminən 2 milyard manat artıb.

Yük daşımalarından əldə edilən gəlirin kəskin artdığı digər bir sahə təbii qaz kəmərləridir. 2019-cu ildə həmin kəmərlərlə daşınan yüklərdən götürülən gəlir 979 milyon manat idi. Ötən il bu rəqəm 1 milyard 852 milyon manata yüksəlib.

Eyni dövrdə neft kəmərləri ilə daşınan yüklərdən əldə edilən gəlir nisbətən azalıb. 2019-cu ildə neft kəmərləri ilə daşınan yüklərdən 1 milyard 313 milyon manat, ötən il 1 milyard 198 milyon manat gəlir götürülüb.

Pandemiya dövründə dəmiryol və gəmilərlə daşınan yüklərdən əldə edilən gəlir, demək olar, dəyişməyib. Dəmiryolla daşınan yüklərdən 2019-cu ildə 183 milyon 172 min manat, ötən il 182 milyon 914 min manat gəlir götürülüb.

Dəniz nəqliyyatındakı yük daşımalarından əldə edilən gəlirsə eyni dövrdə 178 milyon manatdan 175 milyon manata geriləyib.

Avtomobil nəqliyyatı ilə daşınan yüklərdən əldə edilən gəlirdə isə kəskin azalma gözə dəyib. 2019-cu ildə bu sektor 994 milyon manat gəlir götürmüşdü. 2021-ci ildə həmin göstərici 642 milyon manata enib, yəni 35 faiz azalıb.

2019-2021-ci illərdə ölkədəki dəmir yollarının uzunluğu 2 min 490 kilometrdən 2 min 499 kilometrə çatıb. Deməli, iki il ərzində dəmir yollarının uzunluğu cəmi 9 kilometr artıb.

Ötən il ölkəyə 236 ədəd dəmiryol lokomotivi və vaqon gətirilib. 2019-cu ildə bu rəqəm 103-ə bərabər olub. Eyni illərdə ölkədəki avtomobil yollarının uzunluğu 77 min 419 kilometrdən 78 min 307 kilometrə yüksəlib.

Başqa sözlə, min kilometrə yaxın artıb. 2021-ci ildə ölkədə ilkin qeydiyyata alınan yük avtomobillərinin sayı da artıb.

Əgər 2019-cu ildə cəmi 3 min 719 yük avtomobili ilkin qeydiyyata alınmışdısa, ötən il bu rəqəm 7 min 318 olub.

Həmin müddətdə qeydiyyata alınan qoşqu və yarımqoşquların sayı da 1 min 411-dən 1 min 640-a yüksəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG