Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:18

'Ay oğul, niyə aktyorluq etməyə çalışmırsan ki?'


Film çəkilişi
Film çəkilişi

Aktyorların rola girib aylarla bu rolda qalmasına "metod aktyorluğu" deyilir. Stanislavski sistemi əsasında qurulmuş üsullardan biri olan bu metodu işlədən aktyor qəhrəmanının hisslərini, daxili aləmini, ehtiyac və qorxularını yaxından anlamağa çalışır.

Ancaq son illər ərzində bu üsul Hollivudda mənfi reputasiya qazanmağa başlayıb. Get-gedə daha çox aktyor bu praktikanı tənqid edir. Tənqidçilər arasında Semüel L.Cekson, Mads Mikkelsen, Brayan Koks, Toni Kollett və Ceyk Cillenhol kimi adlar var.

Özündənrazı?

Lorens Olivye 1976-cı ildə "Marathon Man" filminin çəkilişi zamanı filmdə onunla birlikdə çəkilən həmkarı Dastin Hoffmana belə demişdi: "Ay oğul, niyə aktyorluq etməyə çalışmırsan ki?".

"Newsweek" jurnalı yazır ki, son illərdə Cared Leto və Ceremi Stronq kimi aktyorların öz rollarını həddindən artıq ciddi qəbul etməsi ilə bu mövzu yenidən gündəmə gəlib.

Ötən ay "Fantastic Beasts" filminin ulduzu Mads Mikkelsen Stanislavski üsulunun tərəfdarlarını "özündənrazı" adlandırıb.

"Boş şeydir". Mikkelsen "GQ" jurnalına müsahibəsində metod aktyorluğu haqqında belə deyib. "Bəlkə, bu anormal bir [personajdır] – onda səncə, sən nəyə nail olacaqsan? Obrazdan çıxmamağına heyran olmalıyam? Sən lap başlanğıcdan o obrazdan çıxmalı idin! Serial qatil roluna necə hazırlaşacaqsan? İki il bunu yaşamaqla sınaqdan keçirəcəksən?".

"Özünü saldığı böhranlara görə narahatam"

HBO-nun "Succession" serialında çəkilən Brayan Koks da "The New Yorker" jurnalına müsahibəsində filmdə onun oğlunu oynayan Ceremi Stronqun rola hazırlaşdığı üçün özünə cəhənnəm əziyyəti verməsindən narahat olduğunu deyib. "Onun hazırlaşmaq üçün özünü saldığı böhranlara görə narahatam. …Aktyorlar maraqlı məxluqlardır. Mən əvvəllər də işə belə intensiv yanaşan aktyorlarla işləmişəm. Bu işi görən zaman özünü [roldan] ayıra bilməmə xəstəliyi xüsusən də amerikalılara xasdır", – veteran aktyor deyib.

"The Punisher" filmində çəkilən Con Berntal da müsahibələrinin birində bəzi aktyorların bu üsulu ifrata çatdırdığını deyib: "Moskvada, Moskva İncəsənət Teatrında oxumuş adam kimi sizi əmin edə bilərəm ki, ətrafda hamını səni personajın adı ilə çağırmağa məcbur etmək və səkkiz ay çimməmək Stanislavskinin nəzərdə tutduğu şey deyil".

Ötən 100 ildə bu metoddan istifadə edənlər arasında çox uğurlu aktyorlar var. Deniel Dey-Lüis, Xoakin Feniks, Endi Kaufman və Kristian Beyl onların arasındadır.

"Hamı Stanislavski təlimi görməyib"

"Heç də hamı metoda müraciət etmək üçün kifayət qədər bacarığa sahib deyil. Heç də hamı bu iş üçün zəruri olan Stanislavski təlimi görməyib", – Cənubi Karolina Universiteti Marşall Biznes Məktəbinin professoru Mark Yanq "Newsweek"ə müsahibəsində deyib. "Mənə görə, metodu tətbiq etməyə yetərincə bacarığı olanlar ən böyük aktyorlardır. …Məncə ondan istifadə edən aktyorlar başqa liqadadırlar".

"Bəlkə də bəzi aktyorlar çox uzağa gedirlər. Ola bilsin, bu onların dərinə işləmiş narsissizmi ilə bağlıdır. …Demək istəyirəm, bəzi metod aktyorları layihəni tamamilə özləri ilə eyniləşdirirlər. Belə olanda çəkiliş seti çox qeyri-funksional olur və mən belə bir layihədə çalışan digər aktyorların halına acıya bilərəm", – deyə o əlavə edib.

Onda belə aktyorla işləməsinlər...

Ancaq Yanq həm də əlavə edib ki, əgər metod aktyorluğuna üstünlük verməsi ilə tanınan bir aktyor, məsələn, Deniel Dey-Lüisə rol verilirsə, onda onunla birlikdə aktyor heyətində olanlar Stanislavski metodunun tətbiqini görməyə hazır olmalıdırlar: "Əgər onlar bu növ çəkiliş təcrübəsi istəmirlərsə, onda bu layihəyə qoşulmamalıdırlar. Aktyorlar sadəcə 100 faiz əyləncə və asan iş istəyirlərsə, metodu tətbiq edən aktyorla işləməməlidirlər".

Aktyor Stiven Ford da metod aktyorluğu üsulunu tənqid edib. "İnsanları heyrətləndirmək, yaxud rolu çox yaxşı oynamaq istəyinin təsiri altında, doğrudan da, rolda olduqlarını unudurlar", – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG