Mayın 27-də Rusiyanın Stavropol şəhərinin sakini yerli “Rodina” qəzetinin əməkdaşlarına bıçaqla hücum edərək dörd nəfəri yaralayıb.
“Rodina” qəzeti Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) yerli təşkilatının orqanıdır və hazırkı qubernatora müxalif mövqe tutur.
Stavropol qubernatoru Vladimir Vladimirov deyib ki, hücum nəticəsində dörd nəfər xəsarət alıb:
Qubernatorun dediyinə görə hücum edən şəxs yaxalanlıb.
“Rodina” qəzetinin baş redaktoru Nikolay Bondarenkonun qızı TASS xəbər agentliyinə deyib ki, atası bıçaq yaralarına görə cərrahiyyə əməliyyatı edilib:
"Nikolay Fedoseyeviç uzun əməliyyatdan çıxıb. Qanını dayandırmaq olmurdu. Əməliyyat uğurlu keçib, vəziyyəti qənaətbəxşdir. Üzünü bıçaq kəsib, çünki hücum edən bıçağı onun boğazına yönəltmişdi”.
Stavropol diyarının dumasında RFKP fraksiyasının rəhbəri Viktor Lozovoy hücum vaxtı redaksiyada olub. O deyib ki, hücum edən şəxs psixiatrik qeydiyyatdadır və redaksiyanın onun məqaləsini dərc etməməsindən narazı idi:
"Ayın 13-də bu kişi baş redaktora Stalin haqqında bir məqalə gətirib və onun çap olunmasını xahiş edib. Bu başdan deyirəm ki, bu adam ruhi xəstəxanada qeydiyyatdadır. Bugün isə o bura gələndə əlində çanta və paket var idi. Sən demə o ovçu bıçağını paketin içində gizlədibmiş. Nikolay Fedoseyeviç ona dedi ki, belə mühüm mövzular redaksiya heyətində müzakirə olunur. Belə olduqda kişi dedi ki, “sizi öldürəcəyəm”.
Baş redaktorun qızı deyib ki, bu “müəllif” redaksiyaya iki məqalə gətiribmiş, amma məqalələr “qəzetin ruhuna uyğun gəlmirdi və savadslız yazılmışdı”.
Bu arada hücum edənin şəxsiyyəti müəyyənləşdirilib: Bu yerli filoloq Konstantin Sidnevdir.
Rusiyada son illərdə sovet diktatoru İosif Stalinə rəğbət yüksəliş keçirir.
Levada ictimai rəyi öyrənmə mərkəzinin aprel ayında keçirdiyi sorğuda respondentlərin 41 faizi Stalinə sayqıyla yanaşdığını deyib.
Bu, 2001-ci ildən bəri ən yüksək göstəricidir. Ona rəğbət bəsləyənlər 6%, heyranlıqla yanaşanlar isə 4%-dir.