Gədəbəy rayonunun Söyüdlü kəndində havanın monitorinqi təhlükəli maddələrin normadan artıq olmadığını, havanın keyfiyyətinə təsir etmədiyini üzə çıxarıb. Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iyulun 12-də brifinqdə bildirib. O, Söyüdlüdə tullantıxana sahəsində monitorinq aparan komissiyanın sədridir.
Xəstəliklərin səviyyəsi
Komissiya sədri Səhiyyə Nazirliyinin məlumatına əsasən deyib ki, kənd sakinlərində qan dövranı və digər xəstəliklər rayon, bəd xassəli xəstəliklər rayon və ölkə üzrə göstəricilərdən aşağıdır: "Bitki və heyvan sağlamlığı ilə bağlı xəstəliklərin tullantı suları ilə əlaqəli olmadığı üzə çıxıb. Arı xəstəlikləri ilə bağlı sianidin təsiri üzə çıxmayıb".
Nazirin sözlərinə görə, təhlillər nəticəsində Söyüdlüdə və Gədəbəydəki digər çaylarda sianid və digər ağır metallar aşkarlanmayıb.
İyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər. Etirazlar zamanı polis müdaxilə edib, nəticədə 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu deyilir. İyunun 22-də isə kəndin girişinə və çıxışına polis postları qurulub.
İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələdə ən azından səhlənkarlıq etdiyini deyib. Prezident ərazidə ikinci süni gölün salınmasına toxunaraq buna icazənin kimin verdiyini sual edib.
İstismar müvəqqəti dayandırılıb
Gədəbəyin Söyüdlü kəndinin yaxınlığında yerləşən göl 2011-ci ildə istifadəyə verilib. Babayev deyir ki, mövcud tullantı anbarının istismar müddəti üç aydan çox deyil, həmçinin ikinci anbarın tikintisinə razılıq verilməyib deyə, şirkətə işin müvəqqəti dayandırılması təklif olunub: "Bu barədə razılıq əldə olunub".
Onun sözlərinə görə, beynəlxalq şirkətə Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması təklif olunub və iyulun sonunda həmin şirkət tərəfindən bu işlərə başlanılacağı gözlənilir: "Əgər Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü ilə bağlı daha sərt addımların atılmasına başlanacaq".
Bu rəsmi açıqlamalara istismarçı şirkətin münasibəti bəlli deyil. Ancaq Britaniyanın Azərbaycanda qızıl hasil edən "Anglo Asian Mining Plc." şirkətinin rəhbəri Rza Vəziri bir müddət öncə AzadlıqRadiosuna demişdi ki, mədənçilik fəaliyyətlərini ən yüksək beynəlxalq standartlar əsasında aparırlar: "Ekologiya Nazirliyinin nümayəndələri orada olublar, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib".
Azərbaycanda qızıl və gümüş hasilatı ilə bağlı 1997-ci il avqustun 21-də PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə imzalanıb. Bu müqavilə altı yatağın - Naxçıvanda bir, Gədəbəydə iki, Kəlbəcər və Zəngilanda üç yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.