Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:19

Sovet yaltaqlığı Putin dövründə necə həyat qazandı


Səhnədə çıxış edən məktəbli qız “Alman dilini yalnız ona görə öyrənəcəm ki, bu dildə Putin danışıb”

Rusdilli internetdə 23 fevralın şərəfinə təntənəli konsertdə çıxış edən uşaq kollektivinin rolikini artıq 200 min insan izləyib. Çıxışlardan birində uşaq səhnədə şer oxuyaraq söz verib:

“Alman dilini yalnız ona görə öyrənəcəm ki, bu dildə Putin danışıb”.

“’YUNARMİYA’NI SEÇİRİK”

“Currenttime.tv” saytı yazır ki, Rusiya prezidentinin də qatıldığı bu konsert “Birinci kanal”da canlı yayımlanıb. Bu nədi – pioner keçmişindən salam, yoxsa Rusiya uşaqlarının və prezidentinin ünsiyyət formasında yeni trend?

Putin haqqında şeir bayram konsertindəki şanlı çıxışların yalnız kiçicik hissəsidir. Orada belə bir şey də olub:

“Reklam deyəsən, bizimlə məzələnərək inandırır ki, guya gənc nəsil “Cola”nı seçir. Biz isə uşaqlıqdan “Yunarmiya”nı (Gənc ordu) seçirik. “Cola” isə təmizləyici vasitədir”.

Rusiyalı məktəblilər səhnədə
Rusiyalı məktəblilər səhnədə

Bu çıxışı edənlər “Katyuşa” Estetika və Gözəllik Mərkəzinin yetirmələridir. O, paytaxtın mədəniyyət məktəbidir. Məktəbə Rusiyanın əməkdar artisti Zemfira Tsaxilova rəhbərlik edir. Kinoda onun ampluası – şərq gözəlləri olub. Ən gözəl rolu “Kapitan Nemo” filmində hind qızıdır. İndi isə iqtisadçı olan əri Georgi Tsaqolovun dəstəyi ilə Moskvada uşaqlara gözəlliyi tədris edir.

“NİYƏ DƏ BAŞ ƏYMƏYƏK?”

Tsaxilova deyir: “Belə prezidentin qarşısında niyə də baş əyməyək? Üstəlik də, o, alman dilini mükəmməl bilən bir insandır. Biz Vladimir Vladimiroviçi nümunə göstərməyib kimi göstərəcəyik? Mən hesab edirəm ki, hər şey çox gözəl idi”.

Zemfira Tsaxilova yalnız bir şeyə heyfsilənir ki, şeiri ilkin variantda deməyə icazə verməyiblər:

“Bilmirəm, kameraya necə deyim. Bizi “mən hətta zənci olsaydım belə” deməyə qoymadılar. Buna icazə vermədilər ki, bu indiki dövrdə o qədər də tolerant deyil”, – sənətçi xanım bildirir.

Zemfira Tsaxilova
Zemfira Tsaxilova

“Currenttime.tv” yazır ki, “Putin və uşaqlar”üslubunda ilk “parlaq səhnə” 2006-cı ildə – prezident balaca Nikitanın qarnını öpdüyü zaman olmuşdu. Buna qədər publika uşaqları prezidentlə yanaşı görməmişdi. O vaxtdan başlayaraq Putin dövründə doğulan uşaqlar daha tez-tez cavab sevgisini sərgiləyir. Kim necə bacarırsa.

PEDOFİLİYA

Putin-in portretləri çoxdan yalnız məmurların kabinetlərində deyil, məktəblərdə də asılıb. Təəccüblü deyil ki, məktəblilər də avtoqraf olan portretlər istəyirlər. Məsələn, Çelyabinskdən olan məktəbli qız qubernatorun əlindən şəxsi hədiyyə alıb, o, məktubunda prezidentdən avtoqrafı olan şəkil göndərməsini xahiş edibmiş. Yessentukinin meri isə məktəbliyə futbol topu və Putin-in konkidə şəklini bağışlamışdı.

Rus yazıçısı Qriqoriy Oster bu duruma “çox təəssüfləndiyini və kədərləndiyini” söyləyir:

“Uşaqları siyasi situasiyalara cəlb etmək elə pedofiliya kimi bir şeydir.Rəhbəri uşaqlar vasitəsilə təbrik etmək cəhdlərini görəndə, yadıma gəncliyim düşür. Biz axı bunları yaşamışıq və görmüşük. Uşaqların qurultaylara təbillərlə gəldiklərini vətəbriklər etdikləri qurultayları görmüşük. Biz bunun nəyə başa gəldiyini və nəylə başa çatdığını bilirik”.

Rusiyalı yazıçı Grigory Oster
Rusiyalı yazıçı Grigory Oster

2004-cü ildə Oster uşaqlar üçün prezident haqqında saytın yaradılmasında iştirak edib. Orada yazılan hər bir sətir Vladimir Putin-lə razılaşdırılırdı. Məsələn, həmin saytda hələ də bu cümləyə rast gəlmək olar: “Əgər sən bir vaxt görsən ki, prezident haqda səhərdən axşamacan eyni şeyləri danışırlar, ona heyran qalırlar, tərifləyirlər, onun qüdrətli və gözəl olduğunu vurğulayırlar – bil ki, prezident öz işinin öhdəsindən gələ bilməyib”.

DÜŞMƏNLƏRLƏ MÜBARİZƏ

İndi məktəbəqədər yaşda olan uşaqları da öyrədirlər. Amma başqa yolla. Məsələn, “Tuzik və Puzik sui-qəsdin üstünü necə açdılar” uşaq kitabından fraqment. Mehriban heyvancıqların yaşadıqları şəhərciyi kot-burgerlər və kotsi-kola satan qəddar “Kotdonalds” şirkəti zəbt edib. Vətənin düşmənləri kot-burger və kotsi-kolalara zərərli kimyəvi “xoşbəxtlik tozu” qatırlar. Bu sui-qəsdi açan dostlara şəkildəki labrador Konni və Vladimir Vladimiroviç təşəkkür edirlər.

Düşmənlərlə mübarizə – bu, ümumiyyətlə, uşaq yaradıcılığının köhnə-yeni trendidir. Beretli uşaqlar səhnədə “Gənc ordu” bayraqları altında çıxış edirlər. Bu hərəkat 2016-cı ilin payızında Sergei Shoigu-nun şəxsi təşəbbüsü ilə yaradılıb. Yarım ildən sonra isə onlar artıq “Birinci kanal”ın şousunda əsas personajlardır. Müdafiə nazirinin özüsə gənc hərbçilərin təlimi üçün Patriot bağında Reyxstaqın surətini tikmək barədə əmr verib. Qoy nəinki oxumaq, hücum etməyi də öyrənsinlər.

Osterin fikrincə, “hakimiyyət xalqı yoldan çıxarır. Ona Mərkəzi Televiziya ilə hakimiyyəti tərifləmək üçün özünü necə aparmalı olduğunu öyrədir. Əksini də, demək olar ki, xalq hakimiyyəti yoldan çıxarır. Daima hakimiyyət qarşısında elə uzanırlar ki, hakimiyyət düşünür: onlar məhz bunu istəyirlər, demək elə belə də lazımdır”.

Gürcüstan, pionerlər
Gürcüstan, pionerlər

“BREJNEV DÖVRÜNDƏKİ PİONERLƏR KİMİ”

2024-cü ildə – indiki dövlət başçısının prezidentlik müddətinin sonunda Rusiyada valideynləri Putin-in dövründə doğulmuş uşaqlar dünyaya gələcəklər. O valideynlər ki, dalğalanan bayraqların altında prezidentə sevgilərini izhar edən qırmızı geyimli uşaqlardan başqa bir şey görməyəcəklər. Deja vyu.

Saytlarında yazıldığı kimi, məqsədi şəxsiyyətin hərtərəfli estetik tərbiyəsi olan “Katyuşa” Mərkəzinin direktoru hesab edir ki, onun yetirmələri əla çıxış ediblər: “Az qala, Brejnev dövründəki pionerlər kimi. Olsun, lap yaxşı. Bəli, biz gənc nəsillər adından böyük nəsillərə raport verirdik. Burada bizi yaltaq kimi qələmə verəcək heç bir şey yox idi”, – Zemfira Tsaxilova bildirir.

Bu hekayətin başlıca sonluğu da, ola bilsin, məhz budur. Hərbi formaya bənzər geyimdə uşaqların səhnədən qürurla dövlət başçısı haqqında alovlu şeirlər söyləmələri heç kəsi narahat etmədi: nə uşaq yaradıcılığı mərkəzinin direktorunu, nə uşaqların valideynlərini, nə “Birinci kanalın” izləyicilərini, nə də bu ölməz sətirlərin həsr edildiyi şəxsi.

Günün bütün mövzuları

XS
SM
MD
LG