Jurnalist və səyahət yazarı Mark Baker 30 il Mərkəzi və Şərqi Avropa ölkələrini gəzərək sovet dövründə tikilmiş mehmanxanalarda qalıb və onların fotolarını çəkib. O, kommunist dövrünə aid bu böyük, çoxmərtəbəli binaların vurğunudur. CurrentTime.TV müəllifin son reportajlarından birini dərc edib.
Regionda kommunizmin süqutundan sonra Mərkəzi və Şərqi Avropanın hər yerində müxtəlif alternativ mehmanxana növləri yaradılıb: iri otellər, kiçik pansionatlar, hostellər, B&B-lər, və Airbnb evləri. Qərbdə olan hər şey indi burada da var. Mehmanxanaların keyfiyyəti də xeyli yaxşılaşıb.
DİN və kommunist partiyasına bağlılıq
Rumıniyanın Krayova şəhərindəki «Jiul» mehmanxanası 2015-ci ildə rekonstruksiyaya bağlanıb. «Ramada Inn Group» oteli satın alaraq, ona tamamilə fərqli görünüş verib. Vaxtilə «Jiul» ölkənin ən ucuz və yaddaqalan oteli idi.
Bu qırmızı retro-futuristik kürsülər illərlə Çexiyanın Karlovı Varı şəhərindəki əfsanəvi «Thermal» otelini bəzəyib. Müəllif parıldayana qədər sürtülmüş foye, aqressiv eksteryeri balanslaşdıran zövqlü interyerə heyran olduğunu yazır. Ancaq otelin damındakı vaxtilə bütün kommunist ölkələrində məşhur olan hovuz artıq istifadəsiz qalıb.
Bir qayda olaraq, «Sülh», «Dostluq» və ya «Moskva» kimi sosialistsayağı adları olan bütün bu otellərdə ən yaxşı otaqlar, ən bahalı restoran və barlar olurdu. Onların bəzilərində hətta «centlmen klubu» adlandırılan gecə klubları da var imiş. O zamanlar otellər rəsmən dövlətə məxsus xüsusi şəbəkələrin tabeliyində olsa da, son nəticədə hər şeyin DİN və kommunist partiyasına bağlılığı üzə çıxırdı.
Rusiyanın «İnturist» agentliyi belə şəbəkələrin ən məşhuru idi. Ancaq digər kommunist ölkələrində də «İnturist»ə bənzər agentliklər fəaliyyət göstərirdi. Çexoslovakiyanın «Çedok» və Polşanın «Orbis» agentlikləri bu qəbildən idi.
Böyük gəlir mənbəyi
Rəislər, xüsusi xidmətlərin əməkdaşları, yerli «işbazlar» və Qərbdən gələn iş adamlarının bir-birinə qarışdığı bu mənzərə o qədər də ürəkaçan deyildi. İlk baxışdan partiyanın otel biznesindən hansı mənfəəti götürdüyü aydın görünmürdü. Ancaq bir qədər yaxından baxanda bəlli olur ki, otellər rejimlərə yetərincə böyük gəlir gətirirmiş.
Bir zamanlar kommunist partiyasının birinci şəxsləri arasında populyar olan Praqadakı «Hotel Praha» 2014-cü ildə sökülüb. Otelin tikintisi 1981-ci ildə başa çatmışdı. Ancaq onun brutal dizaynı 70-ci illərin əvvəllərinə aiddir. Oteldəki 136 nömrənin hər birinin «Köhnə şəhər»ə açılan terrası varıydı. Şəhərin ən yaxşı barlarından biri də bu oteldə idi. SovİKP MK-nın keçmiş baş katibi Leonid Brezhnev-dən tutmuş Tom Cruise-a qədər müxtəlif siyasətçilər və məşhurlar bu oteldə qalıb.
Kommunist dövründə nədənsə bir çox müəssisə özünün «proletarlığını» göstərməyə çalışırdı. Bolqarıstanın Rusa şəhərindəki «Riqa» otelinin holunda bunu daha bariz görmək mümkündür.
«Qeyri-formal» xidmətlər
«Intercontinental» otelini bu gün də Buxarestin istənilən panoramasında görmək mümkündür. 70-ci illərdə bu otel Rumıniyanın unikallığının rəmzi idi. Bu bina nə Qərbin, nə də Şərqin memarlıq və mədəniyyəti haqda tipik təsəvvürlərə sığırdı. Ancaq Nicolae Ceaușescu-nun hakimiyyətinin son illərində bu otelin populyarlığı kəskin azalmışdı. İndi o yenidən yaxşı bir dördulduzlu otel səviyyəsinə qayıdıb.
Bu otellərdə xidmətə görə ödənişi xarici valyutada – dollar və alman markası ilə etmək mümkün idi. Bu imkan əcnəbi qonaqları cəlb etmək üçün yaradılmışdı. Onlara valyuta mübadiləsi və eskort kimi «qeyri-formal» xidmətlər də təklif olunurdu. Bu səbəbdən belə otellərdə külli miqdarda qeydiyyata düşməmiş valyuta dövr edirdi.
Praqadakı «Intercontinental» otelinə gəlincə, 1980-ci illərdə onun foyesində daim «Marlboro» və saxta ətirlərin qarışıq qoxusunu hiss etmək olurdu. Buranın barında tez-tez səliqəsiz geyimli pul dəyişənləri və bər-bəzəkli «yurfak tələbələrini» görmək olurdu.
1989-cu ildə Mərkəzi və Şərqi Avropada baş qaldıran antikommunist inqilabları dalğasından sonra bu otellərdə qalmaq xeyli ucuzlaşdı. Dövlətə məxsus otel şəbəkələri özəl, əsasən xarici sərmayəçilər tərəfindən satın alınmağa başladı.