Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Qızların sosial mediadan istifadəsi onların xoşbəxtliyinə necə təsir edir


13 yaşına çatmış qızların yarıya qədəri sosial mediada gündə bir saatdan çox vaxt keçirirmiş.
13 yaşına çatmış qızların yarıya qədəri sosial mediada gündə bir saatdan çox vaxt keçirirmiş.

Britaniya alimləri hesab edirlər ki, 10 yaşında sosial mediada çox vaxt keçirən qızlar yeniyetmə dövrlərinin ilk illərində sosial mediadan daha az istifadə edən yaşıdlarından daha az xoşbəxt olurlar.

Alimlər apardıqları təcrübə zamanı 10-15 yaş arasındakı oğlan və qızların ilbəil xoşbəxtlik səviyyəsini izləyərək bu qənaətə gəliblər. Ümumilikdə həm oğlanların, həm də qızların xoşbəxtlik səviyyəsi yaş keçdikcə, azalıb. Qızlarda bu azalma daha çox nəzərə çarpıb.

10 min yeniyetmənin cavabları incələnib

10 yaşında sosial mediadan istifadə edən oğlanlarda yaxın illər ərzində xoşbəxtlik səviyyəsi ilə elə bir ciddi əlaqə müşahidə olunmayıb. Bu isə belə düşünməyə əsas verir ki, oğlanların xoşbəxtlik səviyyəsi başqa amillərin daha ciddi təsirinə məruz qalır.

«Tapıntılarımız göstərir ki, sosial mediada daha fəal olan 10-yaşlı qız uşaqlarının xoşbəxtlik səviyyəsi 15 yaşına çatanadək sosial mediadan daha az istifadə edən yaşıdlarından aşağı olur. Oğlan uşaqlarında buna bənzər bir şey aşkar etmədik. Bu isə onu göstərir ki, onların özlərini necə hiss etməsindəki dəyişikliklər sosial media ilə bağlı olmaya bilər», – tədqiqatın aparıcı müəllifi, Esseks Universitetindən Cara Booker deyir.

Booker-in tədqiqat qrupu daha əvvəl də yeniyetmələrin sosial mediadan istifadəsi və xoşbəxtlik səviyyəsi ilə bağlı araşdırma aparıb. Ancaq bu yeni tədqiqatı aparmaqla alimlər bu dinamikanın zamanla necə dəyişdiyini aşkarlamaq istəyiblər. Daha öncəki tədqiqatda cinslər arasında fərqləri sezən alimlər bu fərqləri daha yaxından araşdırmaq qərarına gəliblər.

Tədqiqat qrupu 2009-cu ildən 2015-ci ilədək hər il Britaniyada keçirilən geniş milli sorğunun nəticələrindən 10 minədək yeniyetmənin cavablarını götürərək təhlil ediblər. Tədqiqatçılar gənc sorğu iştirakçılarının adi məktəb günündə sosial mediada chat-lardan nə qədər istifadə etdiyini öyrənməyə çalışıblar.

Gündə bir saatdan artıq

Sorğuda bundan başqa, emosional və davranış problemlərini dəyərləndirmək üçün «güclü tərəflər və çətinliklər» haqda suallar yerləşdirilib. Tədqiqatçılar məktəb, ailə və ev həyatı haqda digər sualların cavabları əsasında xoşbəxtlik balını işləyib hazırlayıblar.

Facebook sizin üçün nə qədər əhəmiyyətlidir?
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Alimlər müəyyən ediblər ki, yeniyetmə qızlar sosial mediadan oğlanlardan daha çox istifadə edirlər. Ancaq həm oğlanlar, həm də qızlar arasında yaş keçdikcə, sosial mediadan istifadənin artması müşahidə olunub.

13 yaşına çatmış qızların yarıya qədəri sosial mediada gündə bir saatdan çox vaxt keçirirmiş. Bu yaşda olan oğlanların cəmi 1/3-də bu hal müşahidə olunub.

Qızlar 15 yaşına çatanda da sosial mediada oğlanlara nisbətən daha çox vaxt keçirir. Qızların 60%-i, oğlanlarınsa 50%-dən azı sosial mediada gündə bir saatdan artıq vaxt keçirirmiş.

Yaş keçdikcə, oğlanlar arasında sosial və emosional çətinliklər azalıb, qızlarda isə artıb.

Oğlanlar daha çox oyun oynayır

Alimlər bunun qızların oğlanlara nisbətən sosial müqayisələrə daha həssas olması ilə bağlı ola biləcəyini istisna etmirlər. Belə müqayisələr onların özlərinə verdiyi dəyərə təsir göstərə bilər. Sosial mediada keçirilən vaxtın oturaq keçdiyini nəzərə alsaq, bu da bilavasitə onların sağlamlığına və xoşbəxtliyinə təsir göstərə bilər.

«Gün ərzində bir neçə saat ideal olmaya bilər», – Booker deyib.

Ancaq bu tədqiqat sosial mediadan istifadənin gənclərin özlərini necə hiss etməsinə təsir göstərdiyini sübut edə bilməyib. Müəlliflər yazırlar ki, oğlanlar qızlarla müqayisədə oyunlardan daha çox, chat-lardan daha az istifadə edirlər. Ancaq oyunlar get-gedə sosial məşğuliyyətə çevrildiyindən onların da yeniyetmələrə təsiri ola bilər. Ancaq alimlər işin bu tərəfini araşdırmayıblar.

Facebook-u 'vaxt itkisi' sayan prezidentliyə namizədlər
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Booker hesab edir ki, valideynlər öz rəqəmsal savadlarını artırmalı, övladlarına sosial mediadan müsbət istifadənin yollarını öyrətməlidirlər.

«Filtrlənmiş, əsasən pozitiv postlarla təmasda olmaq başqalarının həyatı haqda yanlış nəticələr çıxarılmasına yol aça bilər. Bu da öz növbəsində insanın özünü daha pis hiss etməsinə səbəb ola bilər», – tədqiqatçı deyir.

«Mən insanların sosial medianın pis olduğu qənaətinə gəlməsini istəmirəm. Sadəcə, erkən yaşlarda ondan çox istifadə edilməsi qız uşaqlarına zərərli ola bilər», – deyə o əlavə edib.

Booker bildirib ki, bu halın yetkin yaşlarda da davam edib-etmədiyini və bunun nə üçün baş verdiyini müəyyənləşdirmək üçün daha çox araşdırmaya ehtiyac var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG