Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:22

Facebook, Google və Twitter düzgün informasiyanın yanlış məlumatları və önyarqıları sıxışdırıb çıxarmasına xidmət etməli idi. «The Economist» yazır ki, görünür, bu məsələdə bir yanlışlıq var.

«Britaniyalı politoloq Bernard Crick 1962-ci ildə çapdan çıxmış «Siyasətin qorunması naminə» adlı kitabında iddia edir ki, siyasi «at sövdələşməsi» sənəti müxtəlif inanclara malik insanların sakit, çiçəklənən cəmiyyətdə yaşamasına imkan verir. Liberal demokratiyada heç kim tam olaraq istədiyini almasa da, hamı seçdiyi həyatı yaşamaq azadlığına malikdir. Ancaq düzgün informasiya, sivillik və anlaşma olmadıqda cəmiyyətlər aralarındakı mübahisələri zor yoluyla həll edirlər», – yazıda oxuyuruq.

Məqalədə deyilir ki, güman ki, Crick bu həftə ABŞ Senatındakı dinləmələri eşitsəydi, dəhşətə gələrdi. Az öncə insanlara düzgün məlumat çatdırmaqla onları məlumatlı oyunçulara çevirəcəyi düşünülən, insanların korrupsiya, irtica və yalanla mübarizəsinə yardım etmiş sosial media eyni zamanda zəhər yayırmış. Facebook ötən il ABŞ-da keçirilmiş prezident seçkilərindən öncə və sonra, 2015-ci ilin yanvarından bu ilin avqustunadək potensial olaraq 146 milyon istifadəçinin bu platformada Rusiyanın dezinformasiyasına məruz qaldığını etiraf edib. Google-a məxsus YouTube şirkəti 1108 videonun, Twitter-sə 36 min 746 hesabın Rusiyaya bağlı olduğunu bildirib.

ŞƏRTLƏR SIRADAN ÇIXIRSA...

Rusiyanın yaratdığı problemlər bu işin başlanğıcıdır. Cənubi Afrikadan İspaniyayadək hər yerdə siyasət get-gedə daha da çirkinləşir. Bunun bir səbəbi də sosial medianın yalan və nifrət yaymağı, seçicilərin fikrinə təsir etməyi, parçalanma yaratmağı asanlaşdırmasıdır. Belə çıxır ki, sosial media Crick-in azadlığı mühafizə edən amil kimi gördüyü «at sövdələşməsi»nin şərtlərini sıradan çıxarır.

Twitter
Twitter

Sosial media şəkillər, şəxsi paylaşımlar, xəbərlər və reklamları qarşımıza çıxararaq pul qazanır. Onlar reaksiyamızı ölçə bildiklərinə görə bizə təsir etməyin yollarını çox yaxşı bilirlər. Onlar alqoritmlərini diqqətimizi cəlb edən şeylər üzərində qurmaq üçün haqqımızda məlumat toplayırlar. İstifadəçiləri səhərdən axşama qədər xəbər lentini aşağı-yuxarı çevirməyə, linkləri açmağa və paylaşmağa vadar edən «diqqət iqtisadiyyatı» bu məntiqlə işləyir. Düşüncələrə təsir etmək istəyən hər kəs onlarla reklam buraxır, sonradan onları təhlil edərək hansının daha effektiv olduğunu üzə çıxarır.

Bir araşdırmaya görə, zəngin ölkələrdə istifadəçilər gün ərzində telefonlarına 2 min 600 dəfə toxunurlar.

Fərqli faktlarla üzləşən tərəflər ortaq məxrəcə gəlmək üçün heç bir ümumi əsas görmürlər. Nəticədə, ən azı, ABŞ-da siyasi parçalanma dərinləşir. Tərəflərdən hər biri qarşı tərəfin daim yalan danışdığını, yanlış şeylərə inandığını təbliğ edən məlumatları gördüyünə görə sistemdə empatiya və qarşılıqlı anlaşmaya yer qalmır. İnsanlar xırdaçılıq, qalmaqal və nifrət girdabına sürükləndiyindən, paylaşdıqları cəmiyyət üçün vacib məqsədlərdən və baxışlardan yayınırlar.

NƏ ETMƏLİ

Bu isə liberal demokratiyanın incəliklərini gözdən salaraq konspirasiya və qapalılığa üstünlük verən siyasətçilərin işinə yarayır. Rusiyanın kiberhücumlarına məruz qalmış Amerikada insanlar bir-birinə hücum etməyə başlayıblar. Macarıstan və Polşada sosial media qeyri-liberal demokratiyanın ayaqda qalmasına şərait yaradır. Facebook-un çoxları üçün əsas informasiya mənbəyi olduğu Myanmada o, etnik təmizləmə qurbanı olmuş rohincalara nifrəti daha da dərinləşdirib.

Belə olan halda nə edilməlidir? Bu həftə keçirilmiş bir rəy sorğusunun nəticələrinə görə, amerikalıların 37%-i sosial mediada gördüklərinə inandığını deyib. Qəzet və jurnallarda gördüklərinə inananların sayı bundan iki dəfə çoxdur. Ancaq insanların bu vəziyyətə uyğunlaşmasına gərəkən müddətdə pisniyyətli hökumətlər cəmiyyətə böyük ziyan vura bilərlər.

Siyasət digər sahələrdən fərqlidir. Bir ovuc şirkətin cəmiyyətə faydasız şeyləri ələyəcəyini düşünmək düzgün olmazdı. ABŞ Konqresi siyasi reklamlara ödənilən pulun mənbəyi ilə bağlı şəffaflıq tələb edir. Ancaq həm də sözügedən ziyanın çoxu sadəcə nəticələri düşünmədən yalan məlumatları yayan adi insanlardan gəlir.

«The Economist» yazır ki, siyasi mesajların daha çox yayılması üçün botlardan istifadə olunur. Twitter onların ən təhlükəli olanlarını bloklaya, yaxud nişanlaya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG