Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:36

8 il həbs cəzasından başqa futbolçunun evinə də həbs qoyula bilər


Maşallah Əhmədov.13Okt2016
Maşallah Əhmədov.13Okt2016

Həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun işində zərərçəkən tərəf olan Yusif Əzizov onun evinin üzərinə həbs qoyulmasını tələb edir. Yusif Əzizovun nümayəndəsi aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində bu haqda vəsatət qaldırıb.

Əzizov iddia edir ki, Maşallah Əhmədov İrandan mərmər və plitə daşlar gətirib satılması məsələsində onu aldadıb və 128 min ziyan vurub. Dəymiş ziyanın ödənilməsindən ötrü də onun əmlakının üzərinə həbs qoyulmalı, zərurət yaranarsa, müsadirə olunmalıdır.

Buna da bax:​ Maşallah Əhmədovu həbsxanaya göndərən məzar daşları

“GƏLİRİNİ DƏ ZİYAN KİMİ QƏLƏMƏ VERİR”

Həbsdəki futbolçu da, onun vəkili də vəsatətə etiraz edib. Vəkil deyir ki, Yusif Əzizovun dediyi 128 min şişirdilmiş rəqəmdir, əslində isə ziyan xeyli azdır.

"Əslində, İranda daşlara ödənilmiş məbləğ, yol və gömrük xərcləri hesablanıb, dəymiş ziyan müəyyənləşdirilməlidir. Qanunvericilik də bunu tələb edir. Amma Yusif Əzizov daşın Azərbaycanda özünün müəyyənləşdirdiyi satış qiymətini hesablayır, yəni ehtimal olunan gəlirini də dəymiş ziyan kimi qələmə verir. Bu da qətiyyən doğru deyil. Məhkəmə dəymiş real ziyanı müəyyənləşdirsin, biz onu ödəməyə hazırıq. Evin üzərinə həbs qoymağa nə ehtiyac var?", – vəkil belə deyib.

Buna da bax:​ 'Maşallah Əhmədovu çarpayının altından çıxartdım'

“YALAN DANIŞIR”

Maşallah Əhmədov da evinin üzərinə həbs qoyulmasına etiraz edib. Bildirib ki, Yusif Əzizovun gətirilən daşların sayı və ödənilən məbləğ haqda məhkəmədə danışdıqları yalandır:

"Burada bir Allah var, bir Yusif var, bir də mən varam. Üçümüz də bilirik ki, o, yalan danışır".

Yusif Əzizovun nümayəndəsinin futbolçunun çıxışına müdaxiləsi məhkəmədə qalmaqala səbəb olub. Tərəflər bir-birinin ünvanına təhqiramiz ifadələr səsləndiriblər.

Futbolçunun məhkəməsi mayın 10-da davam edəcək.

Buna da bax: 'Maşallah Əhmədov pulumu alıb İrana qaçdı'

XATIRLATMA

"Neftçi"nin veteranlarından olan Maşallah Əhmədov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan Əhmədov apellyasiya şikayəti verib.

Eyni zamanda, Maşallah Əhmədovdan şikayətçi olan Yusif Əzizov da hökmdən narazıdır. O, cəzanın ağırlaşdırılmasını tələb edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG