Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

Maşallah Əhmədovu həbsxanaya göndərən məzar daşları


Maşallah Əhmədov

Veteran futbolçu Maşallah Əhmədovdan şikayətçi olan bir xeyli adam var – Fəqan Cəfərov, Fikrət Əzimov, Sərxan Hüseynov, Yusif Əzizov. Bu adamların hamısı onun cinayət işində zərərçəkən kimi tanınıblar. Amma M.Əhmədovun həbsxanaya düşməsinin əsas səbəbkarı Yusif Əzizovdur. Çünki ondan başqa qalanları ilə razılaşıb, pullarını qaytarıb. Sərxan Hüseynova 1915 manat borcu qalıb ki, onu da oğlu ödəmək üçün məhkəməyə gətirmişdi, amma zərərçəkən özü gəlməmişdi.

«XOŞBƏXT YUSİFZADƏNİN OTAĞINDAN ÇIXIB DEDİ Kİ, PULU ONA VERDİ...»

Yusif Əzizovla veteran futbolçu arasındakı məsələ isə daha qəlizdir. İttihama görə, M.Əhmədov onun 132 min manatını ələ keçirib. Əzizovun iddiasına görə, bu pulun 128 mini daş biznesində «batıb». Qalan 4 minə gəlincə, Y.Əzizov deyir ki, M.Əhmədov oğlunu SOCAR-a işə düzəltmək üçün bu qurumun vitse-prezidenti Xoşbəxt Yusifzadəyə vermək adı ilə onlardan 15 min pul alıb. Onun sözlərinə görə, M.Əhmədov oğlu Nizamini də götürüb, SOCAR-ın baş ofisinə gedib. Amma Nizamini dəhlizdə saxlayıb, özü Xoşbəxt Yusifzadənin otağına daxil olub. Çıxıb deyib ki, yaxın günlərdə işə başlayacaq. Üstündən illər keçsə də, nə iş düzəlib, nə də pul qayıdıb. M.Əhmədov haqqında cinayət işi başlanandan sonra isə o pulun 11 minini qaytarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il həbs cəzası alan futbolçunun apellyasiya şikayətinə baxılır. Birinci instansiyada olduğu kimi, Bakı Apellyasiya Məhkəməsində də M.Əhmədovla Y.Əzizov arasında mübahisələr olub, onlar bir-birini yalan danışmaqda suçlayıblar.

YA PULU QAYTARILSIN, YA DA CƏZA AĞIRLAŞDIRILSIN

8 illik cəza hökmündən təkcə M.Əhmədov yox, zərərçəkən Y.Əzizov da narazıdır və o da apellyasiya şikayəti verib. Məhkəmədə də deyib ki, ya 132 manat ona qaytarılsın, futbolçunun əmlakları ilə əvəz olunsun, ya da onun cəzası ağırlaşdırılsın.

Maşallah Əhmədov və vəkili Günay Hacıyeva. 13 oktyabr 2016
Maşallah Əhmədov və vəkili Günay Hacıyeva. 13 oktyabr 2016

M.Əhmədov isə deyir ki, bu adam onu şərləyir. O təsdiqləyir ki, Y.Əzizovla birlikdə İrana gediblər, üç maşın daş gətiriblər. Amma Y.Əzizovun xərclədiyi pul 128 min olmayıb: «Mən bu adamla iş görməklə böyük bir səhv eləmişəm. Onun qardaşını tutmuşdular, tələbə yoldaşı mənimlə tanış elədi, kömək eləməyimi istədi. Onun tələbə yoldaşı mənim sürücümün atası idi. Tanışlığımız da belə başlayıb. İrana bir yerdə getmişik. Cəmi 1319 kvadratlıq üç maşın daş alınıb, orada 16 min 203 manat pul verib. 3 min manat nəqliyyat xərclərinə sərf edib. Maşının hər birinə görə də 7 min 500 manat gömrüyə verib. Bu adam cəmi 42 min pul xərcləyib. Xırda-para məsələlərə də mənim 5 min 500 manat xərcim çıxıb. Gətirib daşları satanda dedim ki, 15 min qazanc qalacaq. Etiraz elədi, dedi ki, məni aldadırsan. Dedim, onda özün sat, pulumu da qaytar. Haradan çıxdı bu 128 min? Daşın kvadratını 80 manatdan hesablayır, 80 manata daş var? Daşın kvadratı 20-25 manatdır. Daşları da götürüb apardı, özümdən də polisə şikayət elədi. Onda da Yasamalda yaxşı yerdə iki sot sənədsiz torpağım vardı, onu verdim buna ki, əl çəksin. Yenə əl çəkmədi».

«GEDİN GÖRÜN BAŞDAŞINI NEÇƏYƏ DÜZƏLDİRLƏR?»

Yusif Əzizov isə deyir ki, futbolçunun danışdıqları doğru deyil. O, təkcə İranda daşlara 105 min pul verdiyini söyləyir. Amma əlində bunu təsdiqləyən sənəd yoxdur: «Daşın qiymətinin ucuz olması haqda dedikləri də yalandır. Gedin soruşun, görün başdaşılarını neçəyə düzəldirlər? Mənə cəmi 372 kvadrat daş, bir də 11 min pul qaytarıb».

Zərərçəkən təsdiqləyir ki, M.Əhmədov ona 2 sot torpaq verib, amma əvəzində 20 min pul alıb: «Dedi ki, torpağın sənədlərini düzəltmək üçün bu qədər pul lazımdır. Girdi İbrahim müəllimin (Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev nəzərdə tutulur-red.) otağına, çıxıb dedi ki, ona verdim. Oğlum Nizamini işə düzəltmək adı ilə pul alanda da belə eləmişdi – Xoşbəxt Yusifzadənin otağından çıxıb demişdi ki, ona verib».

Maşallah Əhmədov kimsəni işə düzəltmək səlahiyyəti olmadığını söyləyib, SOCAR-la bağlı deyilənləri də təkzib edib.

Məhkəmədə tərəflər bir-birinin ünvanına ağır sözlər işlətdiyindən, hakim bir neçə dəfə onlara xəbərdarlıq etmək məcburiyyətində qalıb.

Veteran futbolçunun məhkəməsi aprelin 11-də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG