Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 16:18

SOCAR-BP sazişi parlamentdə müzakirə edilib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Azərbaycanda geoloji kəşfiyyat işlərindən ötrü yeni hasilatın pay bölgüsü haqqında saziş (HPBS) parlamentdə müzakirə edilir.

Milli Məclisin məlumatına görə, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin oktyabrın 11-də keçirilmiş iclasında bu saziş müzakirə mövzusu olub.

Komitə sədri Valeh Ələsgərov həmin “Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini təqdim edib.

O, qeyd edib ki, kontrakt sahəsi Xəzər dənizində çox riskli bir ərazidir. Həmin ərazidə heç bir vəsait xərcləmədən neft-qaz ehtiyatlarının aşkarlanması Azərbaycan dövləti və iqtisadiyyatından ötrü faydalı olacaq.

Komitə sədrinin bildirməsinə görə, kontrakt sahəsi 3 min 197 kvadratkilometr ərazini əhatə edir.

“Həmin ərazidə neft və qazın kəşf edilməsi həm bizim, həm də bu layihədə iştirak edən tərəflər üçün faydalı olacaq. Kontrakt sahəsi yerləşən ərazidə dənizin dərinliyi 110 metrdən 750 metrə qədərdir. Sahildə yerləşən ən yaxın yaşayış sahəsinə 65 kilometr məsafə var. Bu ərazidə kommersiya dəyəri olan neft və qaz aşkar edilib hasilat başlanana qədərki riskli dövrdə bütün maliyyə işlərini BP şirkəti həyata keçirəcək”, Valeh Ələsgərov söyləyib.

Onun məlumatına görə, layihənin işləmə, hasilat dövrü 25 il müddətində davam edəcək. Toplam hasilat 5 milyon tona çatana qədər mənfəətli neftin 70 faizi podratçı tərəflərə ödənilir. Toplam hasilat 10 milyon tondan çox olduqda mənfəətli karbohidrogenlər tərəflər arasında yarıbayarı bölünməlidir

Deputatlar qanun layihəsini bəyəniblər. Sonrakı mərhələdə sənəd Milli Məclisin plenar iclasında müzakirə olunacaq.

Xatırlatma

SOCAR və BP arasında Azərbaycanda geoloji kəşfiyyat işlərindən ötrü yeni hasilatın pay bölgüsü haqqında saziş (HPBS) apreldə imzalanıb.

Sazişin imzalanma mərasimi Azərbaycanda növbədənkanar prezident seçkilərindən az sonra Londonda, dövlət başçısı İlham Əliyev və Böyük Britaniyanın baş naziri Theresa May-in iştirakı ilə keçirilib.

SOCAR-ın məlumatına görə, saziş Xəzərdə yeni imkanların araşdırılmasına şərait yaradır və Azərbaycanın hasilatına uzunmüddətli töhfə vermək potensialına malikdir. Saziş Xəzər dənizinin Azərbaycan sektorunda şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsini nəzərdə tutur.

BP və tərəfdaşları Azərbaycanda ilk HPBS-i SOCAR-la 1994-cü ildə imzalayıb. Həmin saziş Azəri, Çıraq, Günəşli (AÇG) yataqlar blokunun dərinlikdə yerləşən hissəsinin işlənməsini nəzərdə tuturdu.

AÇG üzrə hasilat 1997-ci ildə başlayib və həmin vaxtdan etibarən bu yataqlardan ümumilikdə 3,3 milyard barreldən artıq neft hasil edildiyi bildirilib. Söhbət Azərbaycanın bu blok üzrə indiyə qədər 140 milyard dollar yaxın gəlirindən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG