Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR ölkədə yüksək keyfiyyətli yanacağın bahalaşmasını dünyada neftin qiymət artımı ilə izah edir.
İyunun 2-dən Azərbaycanda Aİ-95 Premium markalı benzin 1 manat 25 qəpikdən 1 manat 40 qəpiyə, Aİ-98 Super markalı benzinin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.
SOCAR-ın yaydığı məlumata görə Premium və Super markalı benzin Azərbaycana, əsasən, Rusiya, Rumuniya və başqa ölkələrdən gətirilir. Ona görə də onların qiyməti beynəlxalq bazardan asılı olaraq dəyişir.
Bəs, neft ölkəsi Azərbaycan özü niyə Aİ-95 və Aİ-98 markalı benzin istehsal eləmir? Niyə Azərbaycana benzin xaricdən gətirilir?
Ekspert: "Gülünc vəziyyətdir"
SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov deyir ki, 2022-ci ildə, Heydər Əliyev Adına Neft Emalı Zavodu modernləşdirmə işləri yekunlaşandan sonra, Azərbaycanda da Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq:
“İndiyə qədər Azərbaycanda “Premium” və “Super” markalı benzin az istifadə olunurdu. Amma tədricən istifadəsi artıb, buna da uyğun olaraq, zavodumuzda modernizasiya işlərinə başlanıb. Ümumi istehlakın 90 faizdən çoxu yerli istehsal olan yanacaqların üzərinə düşürdü. Ona görə də əvvəlki dövrlərdə dizel və Aİ-92 markalı benzinlərin istehsalına üstünlük verilirdi. Ancaq indiki inkişaf göstərir ki, maşınlar Premium markalı benzinlərə keçirlər. Müəyyən edilmiş hədəflərdən biri də Azərbaycanda bu markalı benzinin istehsalını artırmaq və və buna şərait yaratmaqdır”.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl neft ölkəsi olan Azərbaycanın xaricdən benzin almasını gülünc hesab edir. O, bildirir ki, socar öz emal zavodunda yenidənqurma işləri aparırsa, bunu tezləşdirilməlidir:
“Vaxtılə Aİ95 markalı benzin istehsal edən SOCAR bunu bir neçə il əvvəl dayandırdı. Hələ də istehsalı bərpa etməyib. Bu istehsal dayananda SOCAR elan etmişdi ki, daha keyfiyyətli məhsul istehsal etmək istəyir. Amma bu layihələrin icrası saqqız kimi uzanır. Bunun da səbəbi korrupsiya, yeyinti, idarəetmədəki nöqsanlardır. Belə layihələrin icrası sürətləndirilməlidir”.
İki neft emalı zavodu ola-ola
İndi SOCAR vəd edir ki, son 7 ildə neft emalı zavodunda başlanan yenidənqurma işləri nəticəsində istehsal olunan benzinin keyfiyyəti daha da artacaq.
SOCAR-ın iki neft emalı zavodu var: Azərbaycanda Heydər Əliyev adına neft emalı zavodu və Türkiyənin Star neft emalı zavodu.
Amma hazırda heç birində Aİ95 və Aİ98 markalı benzin istehsal olunmur. Göründüyü kimi dövlət neft şirkəti hələlik bunu indiyə qədər bu cür yüksək keyfiyyətli yanacağa tələbatın o qədər də çox olmaması ilə izah edir.
SOCAR rəsmisi İbrahim Əhmədov deyir ki, ötən il Premium benzini daxili tələbatın 2%-ni, Super benzini isə 0,1%-ni təşkil edib.
Onun sözlərinə görə buna görə də həmin benzinin idxalı iqtisadi cəhətdən daha rentabelli və məqsədə uyğun olub, amma gələcəkdə tələbatın yüksələcəyi nəzərə alınaraq, tezliklə ölkə daxilində də istehsalına başalancaq.
Amma iqtisadçı ekspert Zöhrab İsmayıl isə deyir ki, Azərbaycanda istehsal edilən benzinin keyfiyyəti qənaətbəxş deyildi və xarici alıcılar imtina edirdi deyə, SOCAR premium və super markalı benzinin ishesahalını dayandırmalı oldu.