Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Müxalifət Sobçakın namizədliyini 'Kremlin oyunu' adlandırır


Kseniya Sobçak
Kseniya Sobçak

AzadlıqRadiosunun müxbiri Carl Schreck yazır ki, çox az adam Rusiyada 2018-ci ilin martında keçiriləcək seçkinin Vladimir Putinə dördüncü müddət prezidenlik verəcəyinə şübhə edir. Lakin Putinin siyasət müəlliminin qızı, liberal jurnalist Kseniya Sobçakın bu seçkiyə namizədliyini vermək qərarı intriqaya səbəb olub. Putinin tənqidçiləri bu hadisəni seçkiyə legitimlik görüntüsü vermək üçün köhnə fəndlərə əl atılması kimi qiymətləndirirlər.

Rusiyada keçirilmiş son iki prezident seçkisində liberal platformada çıxış edən namizədlər olub. Belələrini Kreml tərəfindən səhnələşdirilmiş seçki tamaşasında saxta müxalifət rolunu oynamaqda günahlandırıblar.

Siyasi müşahidəçilər və müxalifət fiqurları Sobçakın oktyabrın 18-də verdiyi bəyanata da eyni kinayə ilə yanaşıblar. Onlar deyirlər kİ, Sobçak 2012-ci ildə milyarder Mixail Proxorovun, 2008-ci ildə siyasətçi Andrey Boqdanovun oynadığı rolu oynayacaq.

Bu barədə müxalifətçi jurnalist Roman Dobroxotov Tvitterdə yazıb: “Kifayət qədər şərəfsiz sonluqdur. O etiraz elektoratını cəlb edə bilməyəcək, olsa-olsa Boqdanov kimi sirk pudeli reputasiyasını qazanacaq”.

Rusiya masonlarının başçısı adlandırılan Andrey Boqdanov 2008-ci il prezident seçkisində Putinin siyasi “dublyoru” Dmitri Medvedevə qarşı yarışırdı. Boqdanov seçki kampaniyasında Avropa ilə inteqrasiyaya çağırsa da, çoxları ona Kremlin oyunçusu kimi baxırdı. Onun iştirakı guya belə bir təəssürat yaratmalı idi ki, Rusiyada prezident yarışına liberallar da qoşula bilirlər.

Rusiyanın aparıcı liberallarından Qriqori Yavlinski Sobçakı “Proxorov 2018” adlandırıb. Proxorov 2012-ci ildə Putinə qarşı yarışmışdı. Putin o seçkini böyük fərqlə udmuşdu.

Proxorov onun seçkidə iştirakından məqsədin Putinin təkrar seçilməsinə legitimlik vermək olduğunu dəfələrlə inkar edib.

Amma müxalifət fəalı Sergey Udaltsov yazıb: “Əgər 2012-ci ildə Proxorovun namizədliyi çoxlarını çaşdırmışdısa da, Sobçak məsələsi çox aşkardır. Kremlin qulaqları bir kilometrdən görünür”.

Seçki bəyanatında özünü “hamıya qarşı” etiraz namizədi adlandıran Sobçak bu yaxınlarda müxalifət lideri Navalnı ilə toqquşmuşdu. Sobçakın namizəd olacağına dair şayiələr üzə çıxanda Navalnı demişdi ki, o “liberal namizədin karikaturası” olacaq.

Bəzi siyasi təhlilçilər deyirlər ki, Sobçak Kremlə Navalnının seçkiyə buraxılmaması nəticəsində yaranacaq tənqid və etirazların dəf edilməsində kömək göstərməlidir.

Moskvadakı Qaydar İnstitutundan Kirill Roqov isə bu qənaətdədir ki, 2011-2012-ci ilin geniş antihökumət etirazlarında iştirak etmiş Sobçak Navalnının fotoşop edilmiş daha yumşaq versiyası olacaq.

Roqov yazır ki, bu, Putinin qələbəsini legitimləşdirməkdə işə yarayacaq.

“Putin oğrudur”, yoxsa “konstruktiv müxalifət”

Sobçakı Rusiyanın liberal düşərgəsində alqışlayanlar da olub. Müxalifət siyasətçisi Dmitri Qudkov deyib ki, Sobçak da Navalnı kimi “Putin oğrudur” şüarını seçsə, lap yaxşı olardı.

Qudkov daha sonra yazır: “Əsas sual budur ki, Kseniya bu şüarı, yoxsa “konstruktiv müxalifət” olmağı seçəcək”.

AzadlqıRadiosunun müxbiri yazır ki, Kremlə bağlı medialar da Sobçakın namizədlik bəyanatına pozitiv yanaşıblar.

Rusiya mediasının yazdığına görə Putinin sözçüsü Dmitri Peskov Sobçakı “çox istedadlı adam” adlandırıb.

Sobçak müstəqil Dojd telekanalına deyib ki, bu yaxınlarda Putinlə şəxsən görüşüb və namizədlik niyyətini ona bildirib. Sobçakın sözlərinə görə bu, Putinin heç də xoşuna gəlməyib.

Rusiyada tanınmış təhlilçi və jurnalist Oleq Kaşin yazır: “Sobçakın namizdəliyi onu göstərir ki, Putin yalnız Zyuqanov və Jirinovskiyə qalib gəlməkdən yorulub”.

Lakin Kreml Sobçakın prezidentlik iddiasında hər hansı rol oynadığını inkar edir.

Peskov deyib ki, “Kseniya öz qərarını Putin və ya onun administrasiyası ilə koordinasiya etməyib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG