Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:01

SMDT: 'Ölkə televiziyalarında müxalif fikrə qadağalar götürülməlidir'


Televiziya
Televiziya

«Dekabrın 27-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri öncəsi ictimai-siyasi mühit qənaətbəxş deyil, qanunvericilikdə olan çatışmazlıqlar isə aradan qaldırılmayıb».

Bu fikir Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) yaydığı Mövqe sənədində öz əksini tapıb.

Sənəd müəlliflərin fikrincə, qüvvədə olan Seçki Məcəlləsinin bəzi müddəalarını həm bir sıra yerli ictimai-siyasi təşkilatlar, həm Avropa Şurasının Venesiya Komissiyası və həm də ATƏT-n Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tənqid edib. «SMDT-nin apardığı araşdırma göstərir ki, seçki komissiyalarının formalaşma strukturu,… seçki prosesinə qanunsuz müdaxilə hallarının qarşısının alınması, namizədlərin qeydiyyatı qaydaları və seçici siyahılarındakı ziddiyyətlərin aradan qaldırılması yönündə təkmilləşmələrə ehtiyac var».

Təşkilat seçkiöncəsi bəzi jurnalistlərin ölkədən çıxışına qadağaların götürülməsini təqdir edir. Lakin qeyd edib ki, hazırda 5 nəfər jurnalist olmaqla, 112 nəfər tənqidi və alternativ mövqeyinə görə siyasi motivlərlə həbsdədir. Eyni zamanda vurğulanır ki, hazırda 20-dən artıq veb-səhifəyə ölkədən daxil olmaq məhdudlaşdırılıb.

SMDT müxalif insanların vaxtaşırı həbs və təqib olunduğunu qeyd edərək, bununla müxalif siyasi partiya üzvlərinin bələdiyyə seçkilərində namizəd kimi iştirak imkanlarının çətinləşdiyini vurğulayıb.

Sənəddə təşkilat son illər sərbəst toplaşma azadlığının təmin olunmasına məhdudiyyətlərin artmasını da qeyd edib. «SMDT hesab edir ki, 27 dekabr 2019-cu il bələdiyyə seçkilərinin azad, ədalətli və rəqabətli şəraitdə keçməsi üçün müstəqil və müxalif partiyaları təmsil edən namizədlərin qeydiyyatına müdaxilələr baş verməməlidir. Həmçinin, sərbəst toplaşmaq azadlığına məhdudiyyətlər aradan qaldırılmalı, namizədlərin seçicilərlə görüşləri və mitinqləri üçün zəruri şərait təmin edilməli, ölkə televiziyalarında müxalif fikrə qadağalar götürülməlidir».

A.Mirzəzadə
A.Mirzəzadə

A.Mirzəzadə: «Gərgin, maraqlı və ədalətli seçkiləri gözləməyə dəyər»

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə «Turan» agentliyinə deyib ki, dekabrda keçiriləcək bələdiyyə seçkilərində bütün namizədlər üçün eyni şərait yaradılacaq.

A.Mirzəzadənin sözlərinə görə, marağı olan hər bir siyasi qüvvə, yaxud vətəndaş sözügedən seçkilərdə iştirak edə biləcək: «Mühit onların iştirakından asılıdır. Hesab edirəm ki, bələdiyyə seçkilər maraqlı keçəcək. Çünki bir çox siyasi partiyalar bu seçkilərdə iştirak etməkdə israrlıdır».

A.Mirzəzadə vurğulayıb ki, seçkiqabağı mühitlə bağlı heç bir problem ola bilməz: «Seçkiqabağı bütün namizədlərə təbliğat üçün bütün şəraitlər yaradılacaq və onlar bu şəraitdən ayrıseçkilik olmadan istifadə edə biləcəklər. Bir sözlə, gərgin, maraqlı və ədalətli seçkiləri gözləməyə dəyər».

YAP nümayəndəsi bildirib ki, ölkədə sərbəst toplaşma və mətbuat azadlığı ilə bağlı da heç bir problem yoxdur: «Bildiyim qədər, bu gün, oktyabrın 8-də müxalifət partiya piket keçirir. Bu da onu göstərir ki, sərbəst toplaşma azadlığı ölkədə qorunur. Mediaya gəlincə isə, indiki dövrdə bütün dünyada çap mediası arxa fona keçərək, yerini internet mediasına verib. Azərbaycanda müxtəlif fikirləri təbliğ edən, müxtəlif mövzuları sərgiləyən saytlar, internet-televiziyalar mövcuddur».

M.Zülfüqarlı
M.Zülfüqarlı

M.Zülfüqarlı: «Maraq azdır»

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, Azərbaycanda bələdiyyə seçkilərinə maraq azdır: «Parlament və prezident seçkilərində müşayiət olunan fəallıq bələdiyyə seçkilərində müşayiət olunmur. Hazırda yalnız Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində iştirakını elan edib. Digər partiyalar, hələ ki, susur. Bu az aktivlik, çox güman ki, bələdiyyələrə qarşı inamsızlıqdan irəli gəlir».

M.Zülfüqarlı qeyd edib ki, təmsil etdiyi təşkilat seçkilərin monitorinqini aparır və ciddi pozuntularla rastlaşmayıb. «Bələdiyyə seçkilərində bu vaxta qədər yalnız texniki pozuntuları qeydə almışıq. Ciddi pozuntulara rast gəlinməyib», - Zülfüqarlı bildirib.

Xatırlatma

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu il dekabrın 12-də keçirilib. Onda ölkədə 2700 bələdiyyə yaradılmışdı. Sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirilib. Mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycanda bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG