Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:24

'Yerli hakimiyyət bələdiyyələrə ötürülməlidir'


H.Həsənov
H.Həsənov

Azərbaycanda bələdiyyə seçkilərinə 3 ay vaxt qalır. Amma bir çox siyasi müşahidəçilərin fikrincə, ölkədə, hələlik, seçki əhvalı hiss edilmir...

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov AzadlıqRadiosuna müsahibəsində bu vəziyyətin səbəblərinə toxunar deyib ki, Azərbaycanda bələdiyyə seçkilərinə maraq böyük deyil. Amma onun fikrincə, bu seçkilər ən azı seçki islahatlarının gündəmə gəlməsi baxımından fürsət ola bilər.

Bununla belə, H.Həsənov hesab edir ki, əslində siyasi partiyalar bu fürsətdən elə də yararlanmağa çalışmırlar. Hərçənd, son həftələr bu mövzuda bir neçə tədbirin keçirilməsini o, gözardı etmir. H.Həsənov təəssüflə qeyd edib ki, ölkədə bu istiqamətdə sistemli iş aparılmır: «Sistemli iş aparılsaydı, 2020-ci ilin parlament seçkilərini azad, rəqabətli bir mühitdə keçirmək üçün o vaxta qədər seçki qanunvericiliyini dəyişmək mümkün olardı».

Bələdiyyələrin fəaliyyəti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

«Konstitusiyaya dəyişiklik olmalıdır»

O, bələdiyyələrin statusunun artırılmasına da toxunub. H.Həsənov hesab edir ki, bunun üçün ölkə Konstitusiyasına da dəyişikliklər olmalıdır: «Əgər bələdiyyələrin Avropa standartlarına uyğunluğunu istəyiriksə, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanla bağlı verdiyi təkliflərə uyğun olaraq, bələdiyyələr dövlət orqanları kimi formalaşmalıdır. Yerli hakimiyyətlər bütövlükdə bələdiyyələrə ötürülməlidir. Bu zaman bələdiyyələrə etimad olar, bələdiyyələr real hakimiyyət institutuna çevrilər».

H.Həsənovun fikrincə, rayonlar səviyyəsində icra hakimiyyətləri qala bilər. Amma o hesab edir ki, kəndlər, qəsəbələr, rayon mərkəzləri səviyyəsində bütövlükdə yerli icra hakimiyyətinin ərazi nümayəndəlikləri ləğv edilməlidir: «Bunu Konstitusiyanı dəyişmədən ilkin mərhələdə də müəyyən qədər etmək olar. Bu, bütövlükdə seçki islahatı, yerli idarəetmə sahəsində mühüm islahatın başlanğıcı ola bilər».

Ekspertin fikrincə, Konstitusiya islahatlarında bələdiyyələrin dövlət orqanı kimi tanınması, böyük şəhər bələdiyyələrinin yaradılması və bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi öz əksini tapa bilər.

F.Mustafa
F.Mustafa

Pul və səlahiyyət

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da bildirir ki, bələdiyyə seçkilərinin ciddi maraq kəsb etməməsi bu qurumun lazımı maliyyə və səlahiyyətə malik olmaması ilə əlaqəlidir: «İndiki halda da bələdiyyələrin nə lazımı pulu, nə də səlahiyyəti var. Maraq o zaman olar ki, bir xidməti göstərmək üçün pulun, bir də səlahiyyətin olar».

F.Mustafanın fikrincə, elə sadalanan səbəblər üzündən də bələdiyyə seçkilərində ciddi rəqabət olmur: «Neçə illərdir ki, bu seçkilərdə rəqabət yoxdur. Nə qədər ki, qanunvericiliyə dəyişiklik edilərək bələdiyyələrə real özünüidarə hakimiyyəti verilməyib, çətin olacaq».

F.Mustafa vurğulayıb ki, belə zəif bələdiyyə sisteminin olması ölkəyə xeyir deyil: «Sadəcə, icra hakimiyyətlərini gücləndirib, bələdiyyə hakimiyyətini zəiflətmək anlayışı doğru deyil, bu yanaşma dəyişilməlidir».

Rəsmilərin dedikləri...

Bakı şəhər Bələdiyyəsinin yaradılması və onların səlahiyyətlərinin artırılması kimi təkliflər zaman-zaman həm yerli siyasi qüvvələrdən, həm də beynəlxalq təşkilatlardan eşidilib. Amma hakimiyyət rəsmiləri, hələlik, belə təkliflərə isti yanaşmırlar. Üstəlik, onlar vurğulayırlar ki, yerli icra hakimiyyətləri bələdiyyələrin işinə müdaxilə etmir, onlara tam müstəqillik verilib.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. 3 ay sonra ölkədə 5-ci dəfə bələdiyyə seçkiləri keçirilməlidir.

Bələdiyyə seçkisindən yadda qalanlar...
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

XS
SM
MD
LG