Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:55

'Siyəzən məhbusları'na şərti azadlıq istənilir


Arxiv foto

Siyəzəndə sosial tələblərlə aksiya keçirildikdən sonra həbs edilən şəxslərdən 3 nəfər şərti azadlığa buraxılmasından ötrü məhkəməyə müraciət edib. Azadlığa çıxmaq istəyənlər Zaur Şəkərov, Coşqun Bəğişov və Nizami Qəniyev-dir.

Bu haqda “Turan” İnformasiya Agentliyi-nə onların yaxınları bildiriblər.

Onların deməsinə görə, Zaur Şəkərov, Coşqun Bəğişov və Nizami Qəniyev cəzalarının yarıdan çoxunu çəkiblər. Qanunvericilik buna görə, onların şərti azadlığa buraxılmasına imkan verir.

Zaur Şəkərov və Coşqun Bəğişov Salyan rayon Xələc qəsəbəsindəki 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırlar. Onlar ərazi aidiyyatı üzrə Salyan Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə müraciətə sentyabrın 10-da baxacaq.

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Nizami Qəniyevin vəkilləri isə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Həmin müraciətə nə vaxt baxılacağı hələlik, bilinmir.

Xatırlatma

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə təkrar aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil edib. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol verən 55 nəfər saxlanıb. Onlar Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə ), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah saxlama) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) maddələri ilə ittiham edilib. Bundan başqa, onlara 234-cü (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) maddələri ilə də ittiham verilib.

Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəğişov, Talıb Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilmişdi.

Sumqayıt Apellyasiya Məhkəməsi onların şikayətini qismən təmin etmiş, cəzalarını 6 aydan bir ilə qədər azaldılmışdı. Siyəzən olaylarına görə, həbs edilənlərin kassasiya şikayəti isə rədd edilib.

XS
SM
MD
LG