Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Rektor: ‘Siyavuş Novruzovun ironiyasını başa düşürəm’


YAP icra katibinin müavini Siyavuş Novruzov

“İslamda “halal” hesab edilməyən, həmin insanların düşüncəsinə görə, onları “günaha batıracaq” hallardan, görüntülərdən, qidalardan uzaq tutulacaqlar”.

Ötən həftə deputat Siyavuş Novruzov “halal otel” məsələsini gündəmə gətirdi: “Elanlar yazılır ki, “halal otel”. Bu nə deməkdir? Hansı terminologiyaya uyğundur? Belə çıxır ki, qalanları haramdır, bir bu halaldır? Əgər haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara “halal” adı qoyurdular. İndi də otelləri belə reklamını edirlər”.

Buna da bax:​ Halal turizm – qapalı hovuz, yelkənlə bağlanmış dəniz...

Eldar Aslanov
Eldar Aslanov

Deputatın dediyinə mütəxəssislər necə yanaşır?

Turizm və Menecment universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov AzadlıqRadiosu-nun suallarını cavablandırır.

– Eldar müəllim, “halal otelçilik, halal turizm” nə deməkdir? Və Azərbaycanda bu sektorun durumu nə yerdədir?

– Azərbaycanda “halal” standartı var. Ancaq hazırda bunun turizmlə, mehmanxanayla bağlı standartının hazırlanması üzərində iş gedir. Bu yaxınlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və bizim universitetin mütəxəssislərinin iştirak etdiyi bir ekspert görüşü oldu. Azərbaycana islam ölkələrindən çoxlu turist gəlir, ona görə biz də bu tip məhsulların bizim bazarda olmasında maraqlıyıq. “Halal turizm” üzrə beynəlxalq təşkilatın yaradılması da gündəmdədir. Bu yaxınlarda Türkiyədə bizim də qatıldığımız bir konfrans keçirilirdi və orda qərara alındı ki, “halal turizm”lə bağlı beynəlxalq təşkilat yaradılsın, ilk növbədə islam ölkələrinin turizm şirkətləri, otelləri bu assosiasiyaya üzv olsunlar. Məqsəd yeni yaradılan qurum vasitəsilə bu tip məhsulların, xidmətlərin təbliğatına, təqdimatına meydan verməkdir. Amma Azərbaycanda halal turizm xidməti varmı-yoxmu, açığı, rəsmi şəkildə deyil, ekspert kimi deyə bilərəm ki, bizdə “halal turizm”lə bağlı standart olmadığından hansısa müəssisənin fəaliyyəti mübahisə yarada bilər. Ola bilər, hansısa müəssisə, otel Türkiyənin, Avropanın turizm sahəsindəki bu konsepsiyasından, təcrübəsindən çıxış edərək, özünü onlara oxşadaraq “halal turizm” xidməti təklif edirlər. Ancaq gözlənilir ki, Azərbaycan öz standartını qəbul etdikdən sonra turizm şirkəti və ya otellər sertifikat alacaqlar və yalnız bundan sonra “halal turizm”lə məşğul ola biləcəklər.

Buna da bax: Otellər qadınlar və kişilərdən ötrü bölünə bilər

– Bugünlərdə Azərbaycanda İslam oyunları başlamalıdır. Belə çıxır ki, ölkəyə gələcək müsəlmanların “halal otel” axtarışı nəticəsiz qalacaq?

– Yəni rəsmi sənədlərlə təsdiqlənmiş, “halal” sertifikatı almış belə otel olduğunu bilmirəm. Bəlkə də var, xəbərim yoxdur. Amma onu bilirəm ki, müxtəlif ölkələrdə müsəlmanların verdiyi məşhur bir sual var: “Yeməkdə donuz əti istifadə olunubmu?” Təbii ki, Azərbaycanın bütün otellərində bu cür menyular var, yəni müştərinin halal qida qəbul etmək imkanı olacaq. Ancaq söhbət “halal turizm” paketindən, onun sertifikatlaşdırılmasından gedirsə, bildiyim qədər, hələ bu yoxdur.

Grand Hotel (arxiv fotosu)
Grand Hotel (arxiv fotosu)

– Düzdür, Azərbaycanda, hələlik, “halal otel”in standartı müəyyənləşdirilməyib. Amma yəqin Türkiyə təcrübəsinə dayanaraq deyə bilərsiniz, “halal turizm, halal otel” nədir, müştəriyə nə təklif edir? Söhbət təbii ki, təkcə donuz ətindən getmir.

– Dünyadakı trend və tələblər belədir, menyuya xüsusi tələblər var, bundan başqa, çimərlik geyimi, hovuzbaşı məsələsi var, içkilərə qoyulan tələblər var. İslamda “halal” hesab edilməyən, həmin insanların düşüncəsinə görə, onları “günaha batıracaq” hallardan, görüntülərdən, qidalardan uzaq tutulacaqlar. Yəni standart konkret buna uyğunlaşdırılıb.

Buna da bax:​ Bakıda 'mentaliletə uyğun deyil' deyə, hostel bağlanıb [video]

– Bugünlərdə Milli Məclisdə deputat Siyavuş Novruzov “halal otel” məsələsinə etirazını bildirdi: “Elanlar yazılır ki, “halal otel”. Bu nə deməkdir? Hansı terminologiyaya uyğundur? Belə çıxır ki, qalanları haramdır, bir bu halaldır?” Siz bu etirazı haqlı sayırsınızmı, yoxsa müştəri hər zaman haqlıdır?

– Siyavuş müəllim məsələyə bir millət vəkili kimi münasibət bildirir. Onun eyhamını da, ironiyasını da başa düşürəm. Hələ “Turizm haqqında” qanun müzakirə olunur, qanun qəbul edilməyib. Köhnə, 1999-cu ildə qəbul edilən qanunda “halal turizm” anlayışı yoxdur. Bununla bağlı standart müəyyənləşdirilməyib. Bütün bunlar olmadan kim harada nəyi “halal” deyə müəyyənləşdirib? Siyavuş müəllimin eyhamı mən başa düşdüyüm qədər buna idi. O, eyhamında haqlıdır. Təəssüf ki, bu gün turizm bazarında lisenziyalar ləğv edildiyindən hər bir kəs VÖEN alıb, vergi ödəyicisi kimi turizm xidmətiylə, yerləşdirmə xidmətiylə məşğul ola bilir. Bu zaman da binanın üzərinə istədiyi ulduzu yazır. Bu da suallar yaradır.

– Nə cür suallar yaranır?

– Yəni hər ulduzun öz standartı var. “Beşulduzlu oteləm” yazan hər kəs beşulduzlu sayılmır. Heç bunun üçün harasa müraciət də etməyiblər. Eyni şey “halal otellər”lə bağlıdır. Müraciət edə bilmək üçün prosedur belə müəyyənləşdirilməyib. Standart müəyyən edildikdən sonra sertifikat almaq mümkün olacaq. Sadəcə, bu gün marketinq siyasətidir, ölkəyə çoxlu müsəlman turist gəlir, onların arasında bir qrup halal məhsul axtarır. Onları cəlb etmək üçün bəzi müəssisələr, şirkətlər cəhdlər göstərirlər. Bu mənada hər kəsin məsuliyyətli olmasını istərdim. Amma ümumən mən halal turizm fəlsəfəsini, fikrini başa düşürəm və normal hesab edirəm. Hər bir insanın inancına normal yanaşmalıyıq. O insan arzu etdiyi xidməti tələb etməkdə haqlıdır, turizm şirkətləri də bu böyük seqmentin istədiyi xidməti göstərməkdə maraqlı olmalıdırlar. Bu, bazar iqtisadiyyatında yaşanan təbii prosesdir.

Buna da bax:​ Nazir: «Otellərdə qiblənin istiqamətini göstərən işarələr qoyulur»

– Siyavuş Novruzov deyir ki, “Azərbaycan dünyəvi dövlətdir, xaricdə otellərə tələb necə qoyulursa, burda da elə olmalıdır”. Deputat dünyəvi dövlətdə bu cür xidmətə gərək duymur, deyəsən.

– Dünyəvi dövlətdə də halal otel olmalıdır. Amma məncə, fikir kontekstdən çıxarılır. Mən parlament dinləmələrini izləyirəm. Bu qanunun qəbulunda maraqlı olan tərəflərdən biri də bizim universitetdir. Siyavuş Novruzovun fikrinə qayıtsaq, dünyada qəbul olunan təcrübəni biz ölkəmizdə tətbiq etməliyik. “Halal turizm”, alternativ turizm və ya quş müşahidə edənlər, ekstremal turizmlə məşğul olanlar, ən müasir turizm növü olan - məhdudiyyətləri qəbul etməyən turizm xidməti dünyanın hər yerində var. “Halal turizm” xidməti İspaniyada, Yunanıstanda, Portuqaliyada, Fransada, Türkiyədə son dövrlər yayğınlaşıb. “Halal turizm” xidmətini, konsepsiyasını qəbul etmək dünyəvilikdən uzaqlaşmaq deyil. Bazar buna nə qədər rəğbət göstərəcək onu zaman göstərəcək. Bu cür otellərə turist gəlməyəcəksə, onu quranlar qərarlarını nəzərdən keçirəcəklər. Bunu bazar diktə edəcək. Azərbaycanda turizm yanaşması ölkənin siyasətiylə tam uzlaşdırılır. Biz ölkəmizə çoxlu turist gətirməkdə maraqlıyıq, ona görə “halal turizm” xidməti də bazara çıxarılacaq. Bu yöndə standart qəbul ediləndən sonra o, hüquqi anlayış kimi nəzərdən keçiriləcək. Bu gün sizin, mənim və ya bir başqasının dediyi, hələ ki, şəxsi rəydir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG