Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:54

Bakıda 'mentaliletə uyğun deyil' deyə, hostel bağlanıb [video]


Bakıda hosteli niyə bağladılar
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

Bakıda hosteli niyə bağladılar? [video]

Azadlıq Prospektindəki «Freedom hostel» 3 aydır ki, işə başlamışdı. Sahibi Caməddin Murtuzayev deyir ki, hələ hostel açılmamışdan qonşu onlardan polisə şikayət etmişdi. Elə hostel açılandan sonra da bu şikayətlərin ardı arası kəsilmir:

“Caməddin Murtuzayev: O, hüquq mühafizə orqanlarına zəng edirdi. Hostellə bağlı müxtəlif şayiələr yayırdı. Deyirdi ki, guya bura əxlaqsızlıq yuvasıdır, burada “bandit”ə oxşayan adamlar qalır. Bizi Nəsimi Rayon Polis İdarəsinə dəvət elədilər. Biz artıq ora çatanda qonşu da orada idi. Yəqin biz çatana qədər şikayətlərini deyib. Biz daxil olanda polislər bildirdi ki, ola bilməz ki, hər hansı bir lisenziya və ya icazə kağızı olmasın. Mən onlara VÖEN və icazə müqaviləsini göstərdim. Dedilər ki, bu sənədlər işə başlamaq üçün əsas deyil. Belə hostellər bizim mentalitetə uyğun deyil”.

Buna da bax:​ Azərbaycanın turizm yol xəritəsi: 'Dövlət yenə əsas oyunçudur'

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyir ki, hər hansı mehmanxananın yaradılması üçün lisenziya tələb olunmur. 2015-ci ildə bu qayda ləğv edilib.

"SƏHƏRƏDƏK VAXT VERİN"

Caməddin Murtuzayev də vergilərdə qeydiyyat və başqa bütün zəruri sənədləri qaydaya salandan sonra hostelinin qapılarını qonaqların üzünə açıb. Amma məhz qonşunun şikayəti bir gün hostelin qonaqlarını da qapı dalında qoyub:

Buna da bax: 'Turistlərin ölkəyə gətirdiyi valyuta bir hərraca da yetməz'

Caməddin Murtuzayev:

"Biz polisdən xahiş etdik ki, səhərədək vaxt verilsin. Vaxt verdilər. Biz səhərədək onlara başqa məkan tapdıq və öz hesabımıza müştəriləri həmin məkanlara yolladıq. Bizim hosteldə əvvəlcədən otaq ayıran turistlər var. 5 gündür biz hosteldəyik, gələnləri aparıb başqa hostellərə yerləşdiririk".

Caməddinin dediyinə görə hosteli sadəcə şifahi xəbərdarlıqdan sonra qapadılıb. Ortada heç bir məhkəmə qərarı yoxdur.

Daxili işlər Nazirliyinin sözçüsü Ehsan Zahidov da mətbuata açıqlamasında təsdiqləyir ki, sahibkar qanunları pozmayıb. Ancaq qonşuların şikayəti polisin operativ reaksiyası üçün əsas verib. İlkin istintaq aparılıb, iş məhkəməyə göndərilib. Məsələni məhkəmə həll edəcək.

Buna da bax:​ Qəbələdəki otellərə böhran necə təsir edir?

Ehsan Zahidov
Ehsan Zahidov

Son illər Bakı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu yolla həm də turizmin inkişafına töhvə verildiyini deyir. Azərbaycanda hər təbəqədən olan turistin cibinə uyğun xidmət göstərən mehmanxanaların olmasına tərəfdarı olan Mədəniyyət və Turizm nazirliyi də bu şikayətə məhkəmə müstəvisində qiymət veriləcəyini deyir:

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Vüqar Şixəmmədov:

"Azərbaycanda yalnız yüksək kateqoriyalı mehmanxanaların deyil, bütün kateqoriyalar üzrə mehmanxanaların - 1, 2, 3 ulduzlu mehmanxanaların, həmçinin hostellərin də inşa olunması, yaradılması, onların turistlərə yüksək xidmət göstərməsi bizim üçün vacib istiqamətlərdəndir. Bunun üzərində də dövlət tərəfindən müvafiq işlər aparılır. Baş vermiş hadisəyə gəlincə, qeyd edə bilərik ki, bu məhkəmə predmetidir"

Buna da bax:​ Gürcüstanda biznes quran Zərifə Quliyeva: "Tbilisidə kiçik Bakı yaratmışıq"

"GÜRCÜ QIZI ALMAN TURİSTDƏN DİL ÖYRƏNİR"

Tural Qurbanlı da hostel sahibidir. Amma Bakıda yox. Tbilisidə. Elə biznesini Tbilisidə açma səbəbi də bu cür əngəllərdən ehtiyatlanmasıdır. Öz təcrübəsindən danışır. Onun da hosteli yaşayış binasındadır:

Tbilisidə hostel
Tbilisidə hostel

Tural Qurbanlı:

"Üç ildir burada hostel işlədirik. Heç bir dövlət qurumu gəlib qapımı döyməyib. Gələn olub. Sənəd soruşublar. Mən də hostelin sənədlərini göstərmişəm. Özlərini təqdim ediblər ki, biz bu ərazidənik. Polisik və ya təhlükəsizlik idarəsindənik. Bu da bizim əlaqə telefonumuz. Təhlükəsizliklə bağlı nəsə olsa bizimlə əlaqə saxlayın. Narahatlığa görə də üzr istəyib, çıxıb gediblər. Mənim hostelim yaşayış binasının içindədir. Ətrafda qonşular var. Onlara da maraqlıdır ki, bura başqa ölkədən insanlar gəlir. Hətta qonşuda almanca öyrənən qız vardı. Hostelə alman turist gələndə gəlib onlarla tanış olurdu, söhbətləşirdi”.

Buna da bax: Bakı da dünyada məşhur turist şəhərləri siyahısında

Bakıda «Freedom hostel»dən şikayət edən Fəxrəddin Gözəlovun mövqeyini öyrənmək mümkün olmadı. Caməddin Murtuzayevsə ümid edir ki, iş hüququ həllini tapacaq və hostelinin qapıları yenidən qonaqların üzünə açılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG